31 Mart 2023 09:00
3018
LAYİHƏ

DÜŞÜNCƏ VƏ SÖZ AZADLIĞI

Biz uzun müddət Sovet rejimində yaşadığımıza görə çox çətinliklərlə üzləşmişik. Ən azından ona görə ki, heç vaxt söz və mətbuat azadılığından, pülrealizmidən söhbət aça bilməmişik. Düzdür, kimlərsə həmin dövrdə ürəyindən keçənləri deyib və yazıb. Amma onlar da cəzasız qalmayıblar. Yəni, belə ziyalıları, söz adamlarını zaman-zaman dövlət qorxuzub, incidib və hətta bəzi hallarda onları həbs də eləyiblər.

Xalq şairi Bəxtiyar Vahabzadə «Gülüstan» poemasını yazdığına görə çox müsibətlərlə və sıxıntılarla üzləşib. Onu da həmin dövrlərdə həbsdən və ölümdən Ulu Öndər Heydər Əliyev xilas edib. Əgər Heydər Əliyev olmasaydı, Sovet rejimi çoxdan Bəxtiyar Vahabzadə kimi haqqı və ədaləti, düz sözü deyən adamları məhv eləmişdi. Eyni zamanda Xəlil Rza Ulutürk və digər yazıçı və şairlərimiz bu rejimin məngənəsi arasında sıxılırdı. Düzdür, onlar öz fikirlərini sətiraltı ifadələrlə millətə və xalqa çatdırırdı. Amma bunu da rejim biləndə onlar yenidən təzyiq və təqibə məruz qalırdı.

Artıq müstəqillik dövrünə qədəm qoyduqdan sonra Sovet rejiminin söz, mətbuat azadlığına qoyduğu qadağalar zaman-zaman aradan qaldırıldı. Çünki demokratiyaya gedən yol mətbuat və söz azadlığından başlayırdı. Əgər bir ölkədəki söz və mətbuat azadlığı yoxdursa, insanlar öz fikirlərini açıq və aydın şəkildə ifadə edə bilmirlərsə, deməli o cəmiyyətdə azadlıqdan, demokratiyadan və dünyəvi dəyərlərdən söhbət gedə bilməz. Ancaq Azərbaycan müstəqilliyimizin ilk günlərindən özünün demokratik və söz azadlığı yolunu seçdi. Əlbəttə, azad sözün, azad fikrin və azad düşüncənin cəmiyyətə ötürülməsi həm də həmin cəmiyyətin saflaşması, durulaşması və tərəqqi etməsi demək idi. Bir vaxtlar kimlərsə, qorxa-qorxa deyə bilmədiyi fikirləri, ideyaları və düşüncələri yüksək tribunadan, televiziyalardan və mətbuatdan səsləndirdi. Təbii ki, söz və mətbuat azadlığına ölkəmizdə “yaşl işıq” yandırılması birmənalı olaraq insanların sağlam düşünməsinə, demokratik və hüquqi dövlətin yaranmasına və eyni zamanda qüdrətli bir ölkənin inkişafına təkan demək idi.

Artıq dövlətimizin müstəqillik dövrünə qədəm qoymasından 30 ildən çox zaman keçir. Bu zaman kəsiyində demək olar ki, Azərbaycanda sayı-hesabı bilinməyən kütləvi informasiya vasitələri, o cümlədən televiziyalar və son zamanlar isə sosial şəbəkələr və sayıtlar fəaliyyət göstərir. Heç kim deyə bilməz ki, hər hansı Azərbaycan vətəndaşı fikirini sərbəst və azad surətdə ifadə etməkdə çətinlik çəkir. İndi istənilən adam qəzet səhifəsində, sosial şəbəkədə və televiziya kanallarında hər hansı mövzu ilə bağlı fikirlərini açıq surətdə bəyan edə bilir. Üstəlik də müxalif yönümlü insanlar üçün həm televiziyalar, həm də qəzetlər öz qapılarını açıb. Amma bu şərtlə ki, onlar hər hansı məsələyə toxunanda orada təhqirə yol verməsinlər. Çox təəssüf ki, ölkəmizdə bəzi müxalif yönümlü adamlar tənqidlə təhqiri bir-birindən ayıra bilmirlər və elə düşünürlər ki, söz və mətbuat azadlığı odur ki, təhqir də edə bilərsən, söyüş də söyərsən. Həyat isə söyüş və təhqir edən adamların zəif və iradəsiz olduğunu göstərir. Göstərir ki, demokratiyadan istifadə edib, söyüş və təhqir yağdıran adamlara heç cəmiyyət də hörmət eləmir, əksinə cəmiyyət bu cür cılız və cahil insanlara nifrət bəsləyir.

Əlbəttə, bizim cəmiyyətdə, ölkəmizdə söz, mətbuat azadlığına və pülrealizmə yüksək dəyər verən milyonlarla insnalar var. O insanlar boğazdan yuxarı danışanları da yaxşı tanıyır, canını Vətənin, millətin yolunda qurban verənləri də. Başqa sözlə demiş olsaq, söz və mətbuat azadlığından bəhrələnən, millətə və xalqa əsil həqiqəti deyən və cəmiyyətdə polimikaya, pülrealizmə diqqət yetirən çoxlu sayda ziyalılar var. O, ziyalılar da dəfələrlə bəyan ediblər ki, heç kəs demokratiyadan və söz azadlığınrdan sui-istifadə edib, dövlətimizə şər və böhtan yağdırmamalıdırlar. Çünki Azərbaycn bu gün dünyada tanınan, sevilən bir məmləkətdir. Və bu məmləkətdə ilk növbədə insan hüquqları , demokratiya, söz və mətbuat azadlığı dövlət tərəfindən yüksək səviyyədə qorunur.

Təbii ki, bu gün ölkəmizdə bayaq dediyimiz kimi, söz və mətbuat azadlığına, düşüncə sərbəstliyinə önəm verilməsi milyonlarla insanın daha rahat yaşamasına, işləməsinə və fəaliyyət göstərməsinə münbit şərait yaradır. O şəraiti bu xalqa, bu millətə bu dövlət yaradıb. Əgər dövlət bizim üçün belə bir demokratik, gözəl mühit yaradırsa, biz də ondan səmərəli istifadə etməli, xalqa və millətə həqiqəti deməli, söz və mətbuat azadlığını qorumalıyıq.

Prezident təqaüdçüsü, yazıçı-publisist, 50 ilə yaxın pedaqoji fəaliyyət göstərmiş, 32 il də məktəb drektoru işləmiş Səməndər Məmmədov söz və mətbuat azadlığından söhbət düşərkən deyir ki, biz Sovet rejimində böyümüşük. Amma buna baxmayaraq, ömrümüzün bir hissəsi də müstəqqilik dövrünə təsadüf edir. Biz həm Sovet rejimini, həm də azad və demokratik respublikamızı görmüşük. Mən həmişə söz və mətbuat azadlığından söhbət düşəndə demişəm ki, əsil həqiqəti, ədaləti və sağlam düşüncəni cəmiyyətə çatdırmaq ən böyük fədakarlıqdır və bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycanda mövcud olan kütləvi informasiya vasitələrində belə mühit yaradılıb və biz hamımız ondan istifadə edirik. Sovet dönəmində yüksək vəzifəli adamları tənqid eləmək elə də asan deyildi. Amma indi kimliyindən asılı olmayaraq mətbuatda və televiziya kanallaırnda istənilən yüksək vəzifəli adamlar tənqid olunur, onlara cəmiyyətin sağlam fikri çatdırılır və təbii ki, bu da həmin nöqsanların aradan qaldırılmasında önəmli rol oynayır. Aydındır ki, o cəmiyyətdə yüksək inkişaf və tərəqqi olur ki, həmin cəmiyyətdə senzura fəaliyyət göstərmir. Yəni, orada dövlət demokratik və hüquqi qanunlarla idarə olunur. Təbii ki, belə cəmiyyətdə yaşamaq da, işləmək də insana bir xoş əhval-ruhiyyə gətirir. Mənim çoxlu sayda kitablarım çıxıb və Yazıçılar Birliyinin üzvüyəm. Sözümün canı odur ki, Sovet dönəmində olsaydı o kitabları araya-ərsəyə gətirə bilməzdim. Çünki o kitablarda mən əsil həqiqəti, ədaləti və ən nəhayət, səmimiyyəti insanlara çatdırmışam. Demək, bunu da bizə söz , fikir və eləcə də pülrealizm bəxş edib.

Bəli, hansı cəmiyyətdəki söz azadlığı var, məlumat azadlığı var, mətbuat azadlığı var, o cəmiyyətdə də həmişə inkişaf olacaq, insanlar özlərini daha rahat, daha sakit və daha yaxşı hiss edəcəklər. Elə söz var ki, deyə bilmirsən, amma ürəyin partalyır. Bizdə isə hamımız ürəyimizdən nə keçir, onu deyə bilirik. Min şükür!

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.