adalet.az header logo
  • Bakı -°C
10 Mart 2026 20:01
89
DÜNYA
A- A+

Uydurma tərcümeyi-halı ilə 350 milyon dollarlıq startapın baş direktoru oldu

ABŞ-nin San-Fransisko şəhərindəki “Hayden AI” startapı keçmiş baş direktoru Kris Karsona qarşı məhkəmə iddiası qaldırıb. Şirkət onu dələduzluqda, səhmlərin qanunsuz satışında və şirkətin məxfi məlumatlarını köçürməkdə ittiham edir.

Adalet.az xəbər verir ki, “PitchBook” platformasının məlumatına görə, 2024-cü ildə “Hayden AI” şirkətinin dəyəri təxminən 350 milyon dollar qiymətləndirilib. Həmin il onun fəaliyyəti ətrafında qalmaqal yarandıqdan sonra K.Karson şirkəti tərk edib.

Şirkət nəqliyyat və infrastruktur nəzarəti üçün həllər də daxil olmaqla, şəhər xidmətləri üçün məkan analitikası və kompüter görmə sistemləri hazırlayır.

İddia ərizəsində bildirilir ki, K.Karsonun peşəkar tərcümeyi-halı “diqqətlə uydurulub”. “Hayden AI” şirkətindən bildirirlər ki, o, hərbi xidmət keçməsi və bir sıra şirkətlərin yaradılmasında iştirakı barədə yalan məlumat təqdim edib. Bundan başqa, onun tərcümeyi-halında və “LinkedIn” profilində 2007-ci ildə Tokiodakı Vaseda Universitetində doktorluq dərəcəsi aldığı göstərilib. Lakin şirkətin bildirdiyinə görə, həmin şəxs nə bu, nə də başqa universitetdə doktorluq dərəcəsi almayıb.

Şirkətin məlumatına görə, əməkdaşlarda şübhə 2024-cü ilin əvvəlində yaranıb. Bildirilir ki, həmin vaxt K.Karson direktorlar şurasının razılığı olmadan “Hayden AI” şirkətinin 1,2 milyon dollardan çox məbləğdə səhmlərini satıb. İddia olunur ki, əldə olunan vəsaiti o, Florida ştatının Boka-Raton şəhərində daşınmaz əmlak və lüks əşyalar, o cümlədən “Bentley Continental” avtomobili almağa sərf edib.

Daxili araşdırma başlayandan sonra direktorlar şurası baş direktorun səlahiyyətlərini məhdudlaşdırıb. Şirkətin məlumatına görə, bundan sonra K.Karson əməkdaşlardan birindən onun korporativ elektron poçtunun arxivini yükləməyi xahiş edib. Nəticədə USB yaddaş qurğusuna təxminən 41 QB həcmində yazışmalar və digər məxfi məlumatlar köçürülüb.

2024-cü il sentyabrın 10-da o, rəsmən işdən çıxarılıb. Şirkətin bildirdiyinə görə, işdən çıxarılmasına bir neçə gün qalmış həmin şəxs “echotwin.ai” domen adını qeydiyyatdan keçirib, daha sonra isə “EchoTwin AI” adlı öz startapını yaradıb.

“Hayden AI” hesab edir ki, yeni şirkət faktiki olaraq rəqibə çevrilib və əvvəlki işəgötürənin daxili materiallarından əldə edilən məlumatlardan istifadə edə bilər.

Məhkəmə iddiasında startap keçmiş rəhbərin köçürdüyü məlumatları geri qaytarmasını və ya məhv etməsini tələb edir. Material hazırlanarkən K.Karson ona qarşı irəli sürülən ittihamlara açıq şəkildə münasibət bildirməyib.