adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Dekabr 2023 09:00
11950
LAYİHƏ

DÜNYADA AZADLIQDAN ŞİRİN ŞEY YOXDUR

İnsan dünyaya gələndə çox şey istəyir, çox şey arzulayır, istəyir ki, yaxşı yaşasın, yaxşı dolansın və yaxşı ev-eşiyi olsun. Təbii ki, bu, hər bir insanın, hər bir adamın arzusudur. Amma bu arzunun içində başqa bir istək də var: o da insanın azadlığı, müstəqilliyi və düşüncə sərbəstliyidir! Əgər bir ölkədə insanların həyat tərzi yaxşıdırsa, dolanışıqları normaldırsa, amma orada azadlıq, demokratiya, fikir pülrealizmi və düşüncə azadlığı yoxsa, həmin insanlar həmişə özlərini çox narahat hiss edəcəklər. Sanki balığı sudan çıxaranda boğulduğu kimi, insanlar da söz və fikir azadlığı olmayanda özlərini belə pis vəziyyətdə hiss edirlər. Hiss edirlər ki, onların hər şeyi var, lakin əsas şeyləri yoxdur. Bu isə cəmiyyətin bir mənalı olaraq çatışmazlığı, qüsuru və nöqsanlarıdır. 

Azərbaycan müstəqil dövlət olandan sonra bütün sahələrdə olduğu kimi,  söz, mətbuat, fikir pülrealizmi və düşüncə sərbəstliyi sahəsində də böyük işlər görməyə başladı. Aydındır ki, əgər bir ölkədə demokratik quruluş yaradılıbsa, onun əsas şərtlərindən biri də, söz və mətbuat azadlığıdır. Söz və mətbuat azadlığı olmadan heç bir ölkədə demokratik dəyərlərdən və insan hüquqlarından danışmağa dəyməz. Üstəlik də Avropa ölkələri hansısa bir dövlətlə əlaqə qurmaq istəyirsə, ilk növbədə onların əsas tələblərindən biri cəmiyyətdə söz və mətbuat azadlığı, demokratik prinsiplərə əməl edilməsidir. Heç şübhəsiz, bütün bu dəyərlər, dünyəvi dəyərlər hesab olunur və bu istiqamətdə hər bir ölkə öz üzərinə düşən missiyanı, vəzifəni yerinə yetirməyə borcludur! 

Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda bütün sahələrdə yenidənqurma, demokratik prinsiplərə yiyələnmə, söz və mətbuat azadlığına önəm verilməsi birmənalı olaraq əsas vəzifə sayıldı və bu əsas vəzifə onu deməyə şərait yaradırdı ki, ölkədə mətbuat, televiziya və radiolar və eləcə də müstəqil fəaliyyət göstərən sayıtlar fəaliyyətə başlamalı idi. Bunun üçün Azərbaycanda hər bir şərait vardı. Eyni zamanda, jurnalistlər üçün mövcud olan senzura qısa zaman kəsiyində ləğv edildi. Bununla yanaşı, istər iqtidar mətbuatı, istərsə də müxalifət mətbuatı çox rahat fəaliyyət göstərdi. Hətta müxalifət mətbuatlarında ölkəmizdə mövcud olan nöqsanlar açıqlığı ilə tənqid olunur, yüksək vəzifəli məmurlar gündəmə gətirilir və onlara nöqsanları aradan qaldırmaq tövsiyə edilirdi. Eyni zamanda, ölkədəki neqativ halları Ulu Öndər Heydr Əliyev də gündəmə gətirməkdən çəkinmirdi. Təbii ki, əgər dövlət başçısının dəstəyi olmasaydı, nə iqtidar mətbuatı, nə də müxalifət mətbuatı hansısa naziri və yüksək vəzifəli məmuru tənqid atəşinə tuta bilməzdi. Bütün bunlar ona dəlalət edirdi ki, Azərbaycanda söz və mətbuat azadlığının inkişafına Ulu Öndər Heydər Əlieyv tərəfindən «yaşıl işıq» yandırılıb. Üstəlik də, bütün qəzetlərin «Azərbaycan» Nəşriyyatına olan borcları Prezident Heyər Əliyev tərəfindən bağışlanıldı və qəzetlər rahat nəfəs aldı. Əgər o borclar ləğv edilməsəydi, əksər mətbuat orqanları çapını mütləq dayandırmalı və müəyyən problemlərlə üzləşməli idi. Amma Ulu Öndər həmin dövrdə birmənalı olaraq Azərbaycan mətbuatına arxa durdu, kömək göstərdi.  Heydər Əliyev bu addımı ilə bir daha sübut etdi ki, o, ən böyük demokratdır və Azərbaycanda söz, mətbuat, pülrealizm və düşüncə azadlığına lazımi şərait yaradır. Onu da qeyd edək ki, Ulu Öndərin bu nəcib hərəkətləri Azərbaycan mətbuatı tərəfindən çox yüksək qiymətləndirildi. Və dəfələrlə Heydər Əliyev «Mətbuatın ən yaxın dostu» mükafatına layiq görüldü. 

Ölkəmizdə söz və mətbuat azadlığına diqqət Prezident İlham Əliyevin hakimiyyəti dövründə də daha çox artırıldı. Yəni, cənab Prezident dəfələrlə yerli media nümayəndəli ilə görüşmüş, onların çətinlikləri, problemləri və digər məsələləri ilə maraqlanmış və çox böyük köməklik göstərmişdir. Məhz bu köməkliyin nəticəsidir ki, hər il dövlət tərəfindən Azərbaycanda 30-a yaxın media və sayıt maliyyələşir və onlara yardım edilir. Əgər bu yardımlar və Prezident tərəfindən lazımi dəstək olunmasa, indiki iqtisadi çətinlik və sosial problemlər dönəmində çap mətbuatını yaşatmaq və inkişaf etdirmək qətiyyən  mümkün deyil. Dünyanın heç bir ölkəsində mətbuata, xüsusən də çap mətbuatına bizim ölkədə olduğu kimi dövlət tərəfindən belə yüksək qayğı və diqqət göstərilmir. Heç şübhəsiz, dövlətin mətbuata dəstəyi Azərbaycan jurnalistləri tərəfindən də diqqətsiz qalmır. Belə ki, dövlətçiliyə, ölkənin sosial-iqtisadi inkişafına və eləcə də, məmləkətimizdə vətənpərvərlik ideyalarının təbliğ olunmasına ayrılmış layihələrin həyata keçirilməsində çap mətbuatı önəmli rol oynayır. Hətta bir faktı qeyd edək ki, işğaldan azad olunmuş bütün rayonlarımıza gedən abadlıq, quruculuq və tikinti işlərindən bir qayda olaraq, bütün Azərbaycan mediası mütəmadi müxtəlif janırlı yazılar hazırlayır. Çünki dövlət və dövlətçilik elə demokratiyanın, söz-mətbuat azadlığının əsas prinsiplərindəndir. Əgər dövlət yoxdursa, həmin ölkədə söz və mətbuat azadlığından, düşüncə sərbəstliyindən söhbət gedə bilməz. Dövlət o vaxt güclü olur ki, o demokratik prinsiplərə, dünyəvi dəyərlərə və bəşəri duyğulara söykənir. Bu bəşəri duyğular istər-istəməz həmin dövlətin dünyada nüfuzunu və gücünü daha da artırır.

Bu gün Azərbaycan sözün həqiqi mənasında dünyanın hər yerindən və hətta ən ucqar ölkəsindən görünən bir ölkədir. Çünki bu ölkə 30 ildən sonra öz ərazi bütövlüyünü tamamilə bərpa edib və müstəqilliyini qoruyub saxlayıb. Üstəlik də bu gün ölkəmizə dünya dövlətlərinin marağı daha da artıb. Ən azından ona görə ki, Azərbaycan dünyəvi dəyərələrə sahib olan demokratik bir məmləkətdir və bu demokratik məmləkətdə söz, mətbuat, fikir sərbəstliyi, pülrealizm, düşüncə azadlığı həmişə ön plana çəkilib və çəkilir. Çünki dünyada ən şirin şey söz azadlığıdır. Bizcə, bundan şirin heç nə yoxdur!

Sözsüz ki, bütün bu dəyərləri və bəşəri hissləri qoruyub saxlamaq və inkişaf etdirmək ölkəmizin əsas vəzifəsidir. Bu vəzifəni təkcə dövlət, xalq, millət deyil, hər bir Azərbaycan vətəndaşı öz amalı hesab etməlidir. Hesab etməlidir ki, o, bir vətəndaş kimi, bir insan kimi, bu dövlətə, bu ölkəyə hansı bir xidməti göstərib. Əgər insanlar qanunlara əməl edirsə, demokratik prinsiplərə hörmətlə yanaşırsa, söz, mətbuat, fikir azadlığından sui-istifadə etmirsə, bax, bunun özü də müsbət haldır!                               
 

 

Faiq QİSMƏTOĞLU

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.