adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Mart 2023 11:38
983
İQTİSADİYYAT

“Dövlət Vergi Xidməti ticarətin bu sektorunu gözdən kənarda qoyub...”- Ekspert

Xəbər verdiyimiz kimi bu gün Bakıətrafı əksər kəndlərdə ət və meyvə-tərəvəz dükanlarında müştəriyə kassa qəbzi verilmir. Adalet.az-ın əməkdaşı bununla bağlı bir çox dükanlara baş çəkib və məlum olub ki, onlarda heç kassa aparatı belə yoxdur. Bu gün mal ətinin qiyməti 13-14, quzu ətinin qiyməti isə 18 manatdır. Bəs o zaman evinə ət alan istehlakçı niyə də ƏDV qəbzi əldə edə bilmir?

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Adalet.az-a açıqlamasında deyib ki, bu problemi həll etmək birbaşa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin üzərinə düşür:

“Kassa və ƏDV qəbzinin verilməsi məsələsi Dövlət Vergi Xidmətinin funksiyasına daxildir, buna nəzarət etməlidirlər. Amma çox təəssüflər olsun ki, Dövlət Vergi Xidməti böyük əhatədə bu işləri yerinə yetirə bilmir. Ən böyük nöqsan bu sahədə “Sədərək” Ticarət Mərkəzindədir. Dəfələrlə bizə daxil olan şikayətlərdə göstərilir ki, istehlakçıya kassa qəbzi verilmir və Dövlət Vergi Xidmətinə bununla bağlı dəfələrlə məlumat versək də orda işlər düzəlmir.  Görünür bunu bilərəkdən həll etmirlər. Bununla yanaşı, meyvə və ət dükanlarında əhaliyə kassa və ƏDV qəbzi verilmir. Dövlət Vergi Xidməti isə ticarətin bu sektorunu gözdən kənarda qoyub. 

Eləcə də qadın və kişi xidməti salonlarında, yeni tikilən binalarda alqı-satqı zamanı, Şadlıq saraylarında toy olarkən, avtomobil təmiri sexlərində kassa qəbzi verilmir. Tibb müəssisələrində də əksər hallarda kassa qəbz verirlər və sair. Bu isə ölkədə istehlakçı siyasətinin bərbad gündə olduğunu göstərir. Çünki istehlkaçıların hüquqlarını müdafiəsi haqqında qanunda qeyd olunur ki, istehlakçının tələbatını ödəməyən mal və xidmətin dəyişdirilməsi, geri qaytarılması üçün kassa qəbzinin olması zəruridir. Yəni müvafiq qurumlar sanki bilərəkdən istehlakçını çıxılmaz vəziyyətə salır. 

Avtomobil təmiri sexlərində heç bir sənət verilmir. Əgər bir hadisə baş verərsə, qəza olarsa, heç kim bilməz ki, bu təkəri kim bağlayıb, nə üçün avtomobil qəzaya düşüb. Bu sahədə çoxlu sayda nöqsanlar mövcuddur. O cümlədən də ət satışı müəssisələrində kassa  və ƏDV qəbzinin verilməməsi Dövlət Vergi Xidmətinin günahıdır. İstehlakçılar belə yerləri boykot etməlidirlər. Çünki onların həyatına, sağlamlığına zərər dəyərsə, bunu sübut edən heç bir sənət olmayacaqdır. Düşünürəm ki, hökumət bu sahələrə diqqət yetirməlidir. Ümumiyyətlə, istehlakçıların hüquqlarını müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub. Amma bu qanun çoxdan könəlib, bunu yerinə yetirməyə cavabdeh olan İqtisadiyyat Nazirliyi yanında  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti buna diqqət yetirməlidir. Dəfələrlə bu kimi məsələlər, saxta malların satış yerləri olur, adını çəkdiyimiz qurumlara müraciət edirik və dövlət qurumu da deyir ki, bizə onların VÖEN-nin verin. Sanki kütləvi informasiya vasitələri və ictimai təşkilat bunların xidmətçisidir. Dövlət orqanlarında işləyən şəxslər rahat kreslosundan qalxıb gedib bir iş görmək istəmir. 15 mart Ümumdünya İstehlakçılar günü ərəfəsində hökumətin üzünü istehlakçılara doğru çevirməsini istəyirik. Çünki dövləti də, ordunu da, biznesi də mövcud edən biz istehlakçılarıq”. 

Vasif Əlihüseyn