Dövlət qulluğuna işləmək istəyənlər! - Noyabrın 24-də imtahan var
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 24 noyabr 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
DİM-dən Adalet.az-a verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası). İmtahana qeydiyyat 23 noyabr saat 10:00-dək davam edəcək.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq setifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.