adalet.az header logo
  • Bakı -°C
08 Noyabr 2026 12:32
88
GÜNDƏM
A- A+

Dövlət Əmək Müfəttişliyi Xidməti nə üçündür?..

Müxtəlif inzibati xətalara görə cərimələrin tüğyan etdiyi bir dövrdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin(DƏMX) qeyri-komersiya hüquqi şəxs sayılan yüzlərlə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətlərində(MMMC) rəsmi əmək müqaviləsi olmadan çalışan şəxslərə niyə göz yummasının səbəbi məni çox maraqlandırır. Konkret olaraq DƏMX-ya ünvanladığım məktubu, faktları sübut edən dəlilləri və DƏMX-nin rəisindən mənə gələn cavabı sizinlə bölüşmək istəyirəm: “Hörmətli DƏMX rəhbərliyi, sizə bildirirəm ki, yaşadığım Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 143 A-nı idarə edən "Binəqədi-38" MMMC-də əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqdadır. MMMC-nin sədri Eldar Fərhad oğlu Səfərov özbaşına qərar verərək, dəfələrlə irad bildirsək də qanunvericiliyin tələblərindən yayınır və bir qrup işçini- komendant, təmizlik işçilərini, inzibati işçi və mühafizəçiləri rəsmi əmək müqaviləsi bağlamadan işlədir. Və onlara sakinlərdən yığılan kommunal haqlarının ödənişi hesabına nağd şəkildə maaş verilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, işçi ilə işəgötürən arasında əmək münasibətləri yalnız əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən və ya bildiriş elektron sistemə daxil edildikdən sonra yarana bilər. Hazırda müəssisədə tətbiq edilən bu qanunsuz praktika həm dövlət büdcəsindən vergi və sosial sığorta haqlarının yayınmasına səbəb olur, həm də vətəndaşların konstitusion əmək hüquqlarını pozur.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vəzifəli şəxs cərimə edilir.”

Ölkəmizdə birbaşa əmək münasibətlərinə nəzarət edən DƏMX-nin rəisindən mənə gələn məktub isə, görün necə gülməlidir: ““Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 01.01.2027-ci il tarixinədək dayandırıldığından müraciətinizdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məsələlər Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətləri xaricindədir.”

Buradan belə çıxır ki, qəbul olunmuş həmin qanun şərait yaradır ki, hüquqi, o cümlədən fiziki şəxslər dövlət büdcəsinə vergidən, sosial sığortadan və s. ödənişlərdən yayına bilsin. Bəs onda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti nə üçündür?

Elman Eldaroğlu