adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 May 2022 11:06
1525
SİYASƏT

Dövlət Departamenti Türkiyənin "hə" deməməsinin səbəbini bilmir...? -Rüstəm Hacıyev yazır

ABŞ-ın Dövlət Departamenti kimin harda yatıb, hansı yuxunu görməsindən xəbərləri var,  lakin Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvülüyə qəbul edilməsinə nəyə görə, "hə" deməməsinin səbəbindən xəbərləri yox imiş.
  
Birləşmiş Ştatların dövlət departamentinin rəsmi nümayəndəsi Ned Prays bəyan edib ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı hər hansı bir tələb və ya təklif irəli sürməyib və onların bundan xəbərləri yoxdur.
 
 Dövlət departamenti və Prays yəqin gündəlik mətbuatı izləmirlər. Türkiyənin prezidenti Rəcəb Tayib Ərdoğan rəsmi olaraq açıq mətnlə bəyan etdi ki, İsveç və Finlandiya Türkiyəyə qarşı sanksiyalar, embarqolar tədbiq edir və ölkələrində gizlənən terrorçuları dəstəkləyərək Türkiyəyə  təslim etməkdən imtina edirlər. Ona görə də, onların NATO-ya üzvülüyünə qəbul olunmasına "hə" deməyəcəklər.
   
Bütün dünya mətbuatı Türkiyə liderinin açıq mətnlə verdiyi bəyanatı tirajlayıb, hətta bu bəyənatla bağlı geniş müzakirələr də açılıb, lakin Dövlət Departamentinin və Praysın bundan xəbərləri olmayıb... İnanan daşa dönsün.
 
 Amma gərək bu gün BMT meydanında, bu iki ölkənin alyansa qoşulması ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar aparmağa hazırlaşan  ABŞ-ın Dövlət katibi Entoni Blinken son günlər dünyada baş verən məsələlərlə bağlı Praysı və Dövlət Departamentini məlumatlandıraydı.
  
Türkiyənin "Star" qəzeti, dünən Finlandiya və İsveçin alyansa qəbul ediləsi üçün yeddi mərhələli müxtəlif şərtlərlə prosedur qaydalarını keçməli olacaqları barədə məlumat yayıb.
  
Şimali Atlantika müqaviləsinin 10-cu maddəsinə görə, alyansın Vaşinqton müqaviləsinin təsisçi ölkələrinin hər biri, istənilən Avropa dövlətini alyansa üzvülüyə təqdim edə bilər. Bununla yanaşı NATO-ya üzvülüyə daxil olmaq istəyən ölkə, alyansın bütün üzvlərinin razılığını almalıdır. Buna qədər isə həmin ölkə uzun müddətli, yeddi mərhələli çətin yollardan keçməlidir.
  
Şimali Atlantika Blokunun qoyduğu yeddi mərhələnin şərtləri ilə tanış olanlar yaxşı bilirlər ki, bu mərhələlərin  keçilməsi şərtləri uzun illər tələb edir. ABŞ isə hazırda davam edən Rusiya Ukrayna müharibəsi fonunda, Rusiyanı daha da qıcıqlandırmaq, onsuzda artıq başını itirməyə başlayan Rusiyanı bitirmək üçün,  Finlandiya və İsveçi mərhələsiz-zadsız  tez-bazar NATO-ya soxuşdurmaq istəyir.
  
Türkiyə isə heç hara tələsmir və yaxşı bilir ki, NATO elə əsasən ABŞ və Tütkiyədən ibarətdir. ABŞ-ın güçlü silah arsenalı, Türkiyənin isə çox güçlü ordusu. Qalan 28 üzvdən az-maz rolu olan Fransa və Böyük Britaniyanı çıxmaq şərtilə, qalanları simvolik görüntü yaratmaqdan başqa bir şeyə yaramırlar. Türkiyənin və ya ABŞ -ın bir dviziyasının sayı,  NATO -nun "simvolik" üzvü Lüksemburqun ümumi əhalisinin sayından iki dəfə çoxdur...
  
İndi bu günədək hər hansı bir hərbi potensialları ilə Lüksemburqdan heç də  fərqlənməyən Finlandiya və İsveçin hərbi qüvvələrinin NATO-ya qəbul olunması nəyi dəyişəcək ki? 30 üzv dövlət var idi, olacaq 32. Yəni yalnız sayı artacaq və yəqin ki, bir çox üzv dölətlərdə olduğu  kimi, onların da alyansa üzvlük haqlarını ödəməyi, kommunistlər  demiş "Sem dayı" boynuna götürəcək.
  
Əslinə baxsan heç Rusiya da Finlandiya və İsveçin NATO-ya girməsinə artıq qıcıqla yanaşmır. Rusiya lideri Vladimir Putin anlayır ki, artıq zaman onların xeyrinə işləmir. O, düşdüyü vəziyyətdən başa düşür ki, "Qaradan artıq rəng yoxdur", qarışıqlıq düşəndə Finlandiya da, İsveç də ayaq altında qalan dövlətlərdən biri olacaqlar. Nə fərqi var ki, ikisi artıq və ya ikisi əskik. Onsuz da Putin üçün irəlidə qələbə qazanmaq şansı  yoxdur, geriyə isə yol dalana dirənib... Allah göstərməsin, atom bombası seçim eləmir.