adalet.az header logo
  • Bakı -°C
30 Iyun 2026 11:41
74
İQTİSADİYYAT
A- A+

Dövlət büdcəsi xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib

“Qeyri-neft sektoru üzrə mənfəət vergisinin kəsirlə icra olunmasının əsas səbəbi vergi ödəyiciləri tərəfindən mənfəət vergisi üzrə hesablanmış məbləğin ƏDV üzrə artıqödəmə ilə əvəzləşdirilməsidir”.

Adalet.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, hesabat ili ərzində qeyri-neft sektorundan mənfəət vergisi üzrə proqnozlaşdırılmış məbləğ 4 milyard 123 milyon manat təşkil edib ki, bu da faktiki daxilolmadan 219 milyon manat və ya 5,3 faiz çoxdur. “Eyni zamanda, həmin dövrdə qeyri-neft sektorundan ƏDV üzrə daxilolmalar 4 milyard 202 milyon manat təşkil edib və təsdiq edilmiş proqnozu 639 milyon manat və ya 18 faiz üstələyib. Nəticədə ƏDV və mənfəət vergisi üzrə göstəricilər birlikdə qiymətləndirildikdə, ümumi faktiki icranın proqnozdan 5,5 faiz yüksək olduğunu görmək olar”.

Sahil Babayev həmçinin, ötən il ayrılmış bir qisim vəsaitin bank hesablarında qalaraq 2026-cı ilə keçirilməsi ilə bağlı məsələyə münasibət bildirib. O qeyd edib ki, bank hesablarına köçürülən vəsaitlərin əksər hissəsini müxtəlif təşkilatların nizamnamə kapitalının artırılması, publik hüquqi şəxslərin, qeyri hökumət təşkilatlarının fəaliyyətinin maliyyələşdirilməsi, aqrar sahədə subsidiyaların ödənilməsi üzrə xərclər təşkil edib. 

“Qanunvericiliyə uyğun olaraq, dövlət müəssisələrinin nizamnamə kapitalının artırılması məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlər onların bank hesablarına köçürülür və il ərzində xərclənməyən hissəsi növbəti illərdə xərclərinin maliyyələşdirilməsinə yönəldilir. Publik hüquqi şəxslərlə bağlı isə qeyd edilməlidir ki, ötən ilin avqust ayınadək həmin təşkilatların maliyyələşdirilməsi üçün vəsaitlər “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”na əsasən Maliyyə Nazirliyi tərəfindən onların bank hesablarına köçürülürdü. Lakin, həmin Qaydaya Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə dəyişikliklər edilib və nəticədə dövlət büdcəsindən publik hüquqi şəxslərə ayrılan vəsaitlərin icrası avqust ayından etibarən yalnız xəzinə vasitəsilə həyata keçirilib. Onu da qeyd edim ki, ölkə başçısının 2025-ci il 25 avqust tarixli Fərmanı ilə dövlət büdcəsindən təşkilatlara ayrılan vəsaitlərin, büdcə ssudalarının, dövlət sifarişi ilə həyata keçirilən layihələrin, subsidiya və subvensiyaların dövlət xəzinədarlığı vasitəsilə ünvanlı icra edilməsi tapşırılıb. Tapşırığa uyğun olaraq, hesabat dövründə dövlət büdcəsi xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib”.