30 Noyabr 2023 12:42
1231
ƏDƏBİYYAT

DİPLOM, YOXSA İŞLƏMƏK  ÜÇÜN SINAĞA BURAXILIŞ QƏBZİ... - Vaqif  TANRIVERDİYEV yazır

Bu barədə düşünməyə dəyər      
 
Son vaxtlar  diplomun əhəmiyyəti və əhəmiyyətsizliyi barədə  söhbətlər  tez-tez  səslənir.  Diplomun adi bir “karton  parçası” kimi dəyərsiz olduğu  barədə fikrlər səslənir. Diplom nədir ?  Hələlik əlimizdə olan sonuncu ensiklopediyada maraqlı tərifi var, qısacası yunan sözü olub ikiqat bükülmüş sənəd deməkdir. Çox maraqlıdır, bu gün cəmiyyətimizdə diplomun  oynadığı rolu,  verdiyi hüququ nəzərdən  keçirəndə  görürsən ki, orada deyildiyi kimi,  “ikiqat bükülmüş sənəd” tərifi, əslində   “boynu bükük karton parçası” mənasına daha yaxındır. Niyə, bu barədə bir az sonra...

Diplom  vaxtilə  ali  təhsili  təsdiq  edən  sənəd kimi   çox qiymətli idi və çox da uca tutulurdu.  Cəmiyyətin ən qürurverici sənədi idi, ailələr  evdəki    diplomların    sayı ilə fəxr edər, onun haqqında qürurla danışılar, şerlər yazılar, mahnılar qoşulardı. Valideynlər uşaqlarına öyüd-nəsiət verəndə nümunə kimi qonşunun diplomlu uşağını misal gətirər, ona oxşamağı, ali təhsil alıb diplom sahibi olmağı böyüməkdə olan  övladı  üçün  ən yüksək ləyaqət  kimi dəyərləndirərdilər. 

Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun ibrətamiz  əsəri  olan  “Mücrü”  mənsur şerini bilmirəm, oxumusunuzmu.   Diplom, onun ailəyə gətirdiyi sevinc,  xoşbəxtlik mənsur  şerin dili ilə əsl  həyat simfoniyası kimi tərənnüm olunur. Tənha ananın  tələbə övladlarıının  maddi və mənəvi ehtiyacınlarını  ödəmək üçün  bazara “ayaq açan”  nişan zinətləri,  ər hədiyyələri diplom sevinci ilə qayıdır  anaya... İlk diplom ailəyə ilk sevinc kimi gədəm qoyur.  Sonra  ikinci..üçüncü...dördüncü..beşinci diplom boşalan mücrünün ən qiymətli saxlanğıcına çevrilir.             

“Ana oxşadı mücrünü. Gözünün qabağına çox şeylər gəldi, çox şeylər! Mücrünü öz yerinə qoyanda anaya o, indi ağır, əvvəlkindən qat-qat ağır gəldi. Ana yanılmamışdı. O sərvət hara, bu sərvət hara?!”                    

Bəli,  ana üçün  diplom hər cür zinətdən, qızıl-gümüşdən uca tutulur.  Bəs, nə dəyişib,  diplom niyə nüfuzdan düşüb, işə  düzəlmək üçün köməkçi vasitə rolu oynayır. Elə ki, işə qəbul zamanı test  yoxlamaları, sınaqları  tətbiq  olunmağa başlandı, diplom da qiymətdən düşdü. Bu gün  ali məktəbi hətta çox yüksək qiymətlərlə  bitirən gənc üçün  diploma  maraq  azalıb, sanki  ikinci  dərəcəli bir sənədə, adi bir “karton parçasına” çevrilib.  Bu  ifadəni   mən bir vaxtlar ali məktəbdə  dərs deyərkən tələbələrin dilindən eşitdim, diploma   münasibətlərində  gördüm. Təhsilin səviyyəsinə,  əla  oxumağa  etinasızdırlar, deyirlər ki,  işə girmək üçün  onsuz da sınaq    imtahanına  hazırlaşacağıq. Adi korton  parçası qədər dəyərsizləşdirilən diplom   yalnız  sınaq  imtahanına  buraxılış hüququ verir.                     

Bəzi tələbələr  utanmadan  bir az da irəli gedir,   zarafatla  deyirlər ki,  diplom içtimai  hamamlarda  çimmək üçün    pul verib   aldığın   çek kimidir, yoxsa   “içəri”  buraxılmırsan.  Pulunu ödə,   buraxılış  qəbzini  al, imtahanını ver ...                     

Test  imtahanları, onun  doğurduğu  əks-səda  bununla bitmir, durğun suya atılmış daş kimi dalğavari yayılaraq  təhsilin səvyyəsində, uşaqlarda hərtərəfli dünya   görüşünün formalaşmasında, hətta  valideynlərun  ailə  büdcəsində  əks-səda tapır. Beləliklə,  uşaqlar ali təhsilə  hazırlaşarkən  yalnız test üzrə cavab verəcəyi  fənlərə diqqəti  yönəldirlər. Yönəldirlər sözü  bir az yumşaq səslənir.  Testə daxil olmayan fənlər tamamlə unudulur,  uşaqlar  yalnız  test imtahanına düşəcək  elmlər haqqında   tutuquşu  kimi   ötürlər.                                             

Fakt budur,  diplom  hələ  işləmək üçün  tam hüquq verən sənəd deyil,   işə girmək üçün  sınaq imtahanı da verməlisən. Ona hazırlıq, əlavə xərclər   ailə büdcəsində çox  çətinliklər yaradır.  Valideynlər  bunun da ən asan yolunu   sınaq imtahanına düşəcək  fənlər üzrə   3-4   repetitor  tutmaqda  görürlər.   Ümumi xərc isə ayda ən azı  300-400  manat edir. Bu da nisbətən  aztəminatlı ailələr üçün   maddi sıxıntılar yaradır. Elə  valideynlər  var ki,  ailə büdcəsi  imkan vermədiyi  üçün  repetitorların gücündən  istifadə etmək imkanı olmur. Bu  sıxıntını təkcə valideyn yox,  uşaq  da hiss edir.  Bu da izsiz keçmir, övlad-valideyn münasibətlərinə  kölgə düşür.   Maddi sıxıntı  üzündən uşağı  repetitorun yanına göndərə bilməyən valideyn övlad yanında gözü kölgəli olur. Xeyli əlavə xərc,  həyəcan, sıxıntı və stres  yaranır.   Ən başlıcası isə diplom adi “karton parçası” qədər dəyərsizləşdirilir.                

Bəli, həqiqət belədir, diplom adi  “karton parçası”  kimi dəyərsizləşdirilib. Bu vacib məsələ təhsil ekspertlərinin, valideynlərin və məzunların gündəlik qayğısına çevrilib. “Doğrudanmı günümüzdə adi karton parçası qədər dəyərsizləşdirilən  bir diplom üçün bu dərəcədə qəlizləşdirməyə, məzun və onların valideynləri üçün bu qədər əlavə problem və ən başlıcası isə həyəcan və stress yaratmaq vacibdir”. 

Haqlı narahatçılıqdır. Yaxşı olar ki, işə qəbul üçün sınaqlar  pedaqoji ali məktəblərin buraxılış imtahanlarında tətbiq edilsin. Məzunların ixtisas seçimi  buraxılış  imtahanı  verərkən nəzərə alınsın və    fənlərin qiymətləndirilməsi həmin qrupun tələblərinə uyğunlaşdırılsın...
Bu barədə düşünməyə dəyər. 
                                  

Vaqif  TANRIVERDİYEV

 Gəncə.