DEYiR YAZ GƏLDi, YAZ GƏLDi

OQTAY SALAMOV
25102 | 2009-03-20 00:22
Keçməyəsən bu şairlərin qafiyəbazlığından, hansı sözü deyirsən yaraşdırıb yanına yüzünü də düzürlər. Qəribədi, bizdə bu qarşılanan bayrama Bahar da deyirlər, Novruz da deyirlər, amma şer yazanda, mahnı qoşanda çox vaxt Yaz deyirlər. Hətta mahnılarımızdan birində deyilir ki, ...bahar gəldi, yaz gəldi. Çünki Yazın həmqafiyəsi çoxdu - naz, qaz, baz, ayaz, paz... Hamısı da yerinə düşür, çünki yaz gələndə həmqafiyələrin demək olar ki, hamısı gəlir, ən azından, gəlmək istəyirlər.
   
   Atalarımız deyiblər ki, "Mart çıxdı, dərd çıxdı". Ürəyini üzmüşük, cəmi 2 iş günü qalıb. 9 gün bayramdan sağ-salamat çıxa bilsək, daha nə qaldı ki, mart çıxdı. Mart çıxdısa, ataların sözünə əsasən dərd də çıxdı. Daha durub o boyda kişilərin sözünə qəmiş qoymayacağıq ki... Amma burada bir sürüşkən məqam da var ki, əgər martın çıxmağı ilə dərd çıxırsa, deməli, girməyi ilə o da girir. Sən demə, dərd girdiyi üçün çoxlarımızın işi düz gətirmirmiş, bəlkə də ümumdünya maliyyə böhranı da marta görə Azərbaycana da girib. Bəlkə də Azərbaycanı hamıdan çox istəyən ANS bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin dediyinin əksinə gedib. Hacı və idarəsi söylədi ki, bu il Novruz Azərbaycana 20 martda, saat 15.45 dəqiqədə, daha dəqiqi 44 dəqiqə 36 saniyədə gəlir və gecə-gündüz bərabərliyi yaranır. Deyəsən, astronomlar da təxminən belə deyir. Amma ANS bizim referendum günü, martın 18-də göstərir ki, günəş səhər 06.49-da çıxır, 18.49-da batır. Yəni günün uzunluğu olur düz 12 saat. Daha Günəş ekvatorun o tərəfindən bu tərəfinə keçir-keçmir öz işidi... Yəqin ANS martın, eyni zamanda dərdin tez çıxmasını istədiyi üçün belə tələsir. Ya da referendumu yeni il sayır...
   
   Deyəsən, elə hökumətimiz də martı və dərdi tez çıxartmaq istəyir. Əmr verib ki, martın 29-da saatları 1 saat qabağa çəkək. Bunu guya yay vaxtına keçməklə əlaqələndirirlər, amma əslində aydan heç olmazsa 1 saat tez can qurtarmaq istəyi özünü daha qabarıq göstərir. Biz hələ bayramlığıq, ermənilər istəyirlər ki, ayın tam bir gününü təqvimdən silsinlər. 31 martı - azərbaycanlıların soyqırımı gününü deyirəm. Hadisəni yox, tarixi silmək istəyirlər.
   
   Deyir, inanclara görə, dünən (srağagün - red.) ilk qaranquşun da gələn günü idi. "Qaranquşların gəlməsi deyir yaz gəldi-yaz gəldi"... Bilmirəm qaranquşların quş qripi gətirəni olur yoxsa yox? Dünən (srağagün -red.) Rusiyanın yeni səfiri Vladimir Doroxin də gəldi. Hələ tanımadığım üçün deyə bilmərəm qaranquşdu, ya sığırçındı, amma ölkəsinin gerbindəki kimi ikibaşlı qartal da ola bilər. Bircə şeyi bilirəm ki, siyasətində ikibaşlılıq mütləq olacaq...
   
   Bayramın sonuncu günü - martın 22-si Ümumdünya Su Ehtiyatları Günüdü. Atalarımız bir dəfə yuxu yozandadı, nədi, deyib ki, "su aydınlıqdı". İndi nə sözümüzü geri götürə bilirik, nə də bunun aydınlığını görürük. Bir yandan dünyanı su basır, bir yandan da içməli su qıtlığı böyük bir problem kimi dünyanın və bizim boğazımıza keçib. O gün də Türkiyədə, su forumunda camaatı zopaladılar. Su dedim, yadıma Nyu-York düşdü. Alimlər deyirlər ki, qlobal istiləşmə nəticəsində Amerikanın Nyu-York şəhəri suyun altında qala bilər. Deyir, adalarda və dəniz səviyyəsindən cəmi 5 metr hündürlükdə yerləşən bu şəhər batmaq təhlükəsinə görə Londonu, Parisi, Tokionu, Sidneyi, Mayamini, San-Fransiskonu geridə qoyur. Əgər okeanın səviyyəsi 51 santimetr qalxsa, təkcə Nyu-York yox, Vaşinqton və Bostonun da su altında qalmaq təhlükəsi var. Sevinməyin, indi yox, 2100-cü ildə belə şey gözlənilir.
   
   Qəribədi, suyun içərisində olan şəhərlərdən biri də Venetsiyadı. Amma onun batacağından danışan yoxdu. Venetsiya demişkən, Avropa Şurası Venetsiya Komissiyasının rəyini eşitdiniz də. Bizim referenduma çıxardığımız bəzi məsələlərə dodaq büzüb. Amma YAP-ın icraçı katibi Əli Əhmədov Komissiyanın cavabını verib. Deyib ki, onların rəyi faciə deyil. Deyir, referendum xalqın iradəsinin ən demokratik ifadəsidir və buna qarşı hər hansı bir fikir söyləmək demokratiyanın baza prinsipləri ilə uyğun gəlmir. Düz deyir dəə Əli müəllim. İtalyanların mafiyalarını bütün dünya bəyənmir, amma biz heç onların işinə qarışmırıq, onların nəyinə gərəkdi bizim işimizə burun soxurlar. Bir çoxbilmiş də deyir ki, burada Avropa Şurasının barmağı var, Komissiyanın adı boş şeydi. Misal kimi bizim əhdimizi kəsən ATƏT-in Minsk Qrupunun Minskə, beloruslara heç bir dəxli olmadığını deyir. Bir sözlə, referendumumuza kəm baxanın sözlərini biz heç saya da salmarıq. Yaxşı danışsınlar, sözlərini şüar kimi yazaq!..
   
   Ağzım qızışır, yazdan yazmaq əvəzinə onun həmqafiyələrindən danışıram. O gün maraqlı bir hadisə baş verib; Vüqar Xəlilov ad-soyadlı bir vətəndaşımız saxta 10 manatlıqla ...səməni alıb. Heç nə, faktı araşdırırlar, günahkar çıxsa bu amnistiyanın Vüqara dəxli olmayacaq, gözləyəcək o biri bayramları. Bəziləri saxtası hazırlanan pulun hörmətli pul olduğunu söyləyir. Adamı yandıran odur ki, indi pulun kasıblar üçün olanını, xırda əskinasları da saxtalaşdırırlar. Kasıbın əlində böyük pul 10-luq olur, onun da saxtası var. Heç olmasa, bayram vaxtı bu qələti eləməyin dəə...
   
   Novruz əsl müsəlmanların bayramıdır, ya da müsəlmanların əsl bayramıdı, lap ya da bayramların... nə isə, çaşdıra bilərəm. Əsas odur ki, Obama İstanbulda namaz qılıb. Bilirəm, özünü çoxbilmiş göstərənlər deyəcək ki, Obama hələ heç İstanbula gəlməyib, ancaq hazırlaşır. Bilirəm, amma Obama elə bircə dənədi? Söhbət ABŞ prezidenti Barak Hüseyn Obamanın kiçik qardaşı George Obamadan gedir. George Türkiyə firmalarından birinin təmsilçisidir və özü deyib ki, namazda bütün müsəlman dünyası üçün dua eləyib. Kişi vurğulayıb ki, ailəsi müsəlman əsillidi və kiçik qızının adı da Fatimədi. "Habertürk"ün müxbiri naqolay bir sual verib: "Barak Obama müsəlmandırmı"? Cavab diplomatik olub: "Hazırda o elə vəziyyətdədir ki, bəlkə də fərqli hərəkət edir, amma barak Obamanın daxili müsəlmandır". Adamın az qala sevinməyi gəlir. Deyilənə görə, biz də daxilən müsəlmanıq axı.
   
   Müsəlman demişkən, muğam qonaqlığına xaricdən də gələnlər var, gərək bu Novruz, bağışlayın, Yaz, naz, qaz, ayaz, paz... bayramını elə keçirək ki, qonaqlar bizim müsəlman olduğumuzu xüsusi qeyd eləməsinlər. Bilsinlər ki, adət-ənənəyə riayət eləməklə bərabər Avropadan, dünyadan da xəbərimiz var, müasirlikdən də, etika-estetikadan da.
   
   P.S. Ağıllı-ağıllı kişilər müzakirə açıblar ki, "Namus rəmzi olan papağı Novruzda qapılara atmaq olarmı"? Sübut eləyirlər ki, bu, şal sallama, qurşaq atmanın təhrif olunmuş formasıdı. Mən bir yazımda demişdim ki, cavanlar indi papaq yox, "kulyok" atırlar. Alimlərin müzakirəsinə başımı qatıb öz mülahizəmi deyirəm ki, papağı adət kimi, namus rəmzi kimi yox, iritutumlu qab kimi atırdılar. Maşallah, başımız yekədir axı, başımızın qabına da payı çox doldurmaq olur. İndi qəşəng-qəşəng, şəkilli-şəkilli, göyçək-göyçək "kulyok"lar var, tutumu da papaqdan çox. Ona görə daha namusumuzdan narahat olmaya bilərik, indikilər daha praktikdilər, papaqdı, atdın, birdən "atdılar", heç qaytarmadılar, durub bayram vaxtı dava eləməyəcəksən ki...
   
   
  • May:
  • 2

TƏQVİM / ARXİV