adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Sentyabr 2018 20:28
20341
ƏDƏBİYYAT

Dayandur SEVGIN


AZƏRBAYCAN BAYRAĞI

Millətimin fəxridi, haqqa gedən yoludu,
Koroğlumun qılıncı, Babəkimin qoludu,
Müstəqillik günəşi, Azadlıq simvoludu,
Seyr elə, igid əsgər, dalğalanan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

"Balam" deyib ağlama, o millətin balası,
Vətən yolunda getdi, qurdu qeyrət qalası,
Düzəlt, qəddini düzəlt, şax dur, şəhid anası,
Ucalarda saxlayar, tökülən qan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Yaşılı İslamçılıq, göyü Turan şanıdı,
Vətən oğlu, qırmızı şəhidlərin qanıdı,
Ümummilli liderin bizə ərmağanıdı,
Oğullardı ucaldan, ata sancan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Tanrıdan səda gələ, yazdığın haqqa yaza,
Mələklər səcdə edə, bu aya, bu ulduza,
İgid oğlanlarımız, sevdiyi gözəl qıza,
Atsın zərif çiyninə, versin nişan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Azadlığın yanğısı alışar, sönməz dedi,
Millətim haqq yolundan, heç zaman dönməz dedi,
Bir dəfə qalxan bayraq, bir daha enməz dedi,
Endirmərik bir daha işıq saçan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Könlümdə göyərəni Qarabağda bitirsin,
Dalğalansın, arzumu Savalana yetirsin,
Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,
Düşmənlərin köksünü oda yaxan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

-Hayqırır azad ölkəm tiranlara, şahlara,
Son qoyulsun deyirik zülmlərə, ahlara,
Qaranlıq gecələrdən, işıqlı sabahlara,
Oyatsın səhər mehi, oxşasın dan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Gözəldi qarlı qışı, həmdə yazı Vətənin,
Qəriblikdə bilinər dadı-duzu Vətənin,
Uğrunda şəhid olaq, yada qazi Vətənin,
Yolunda verək qurban, qorusun can bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Sərhədçi əsgər

Sərhədçi əsgərə yayda, baharda,
Eynidi payızın dumanı, sisi.
Keşikdə dayanar boranda, qarda,
İsidər qəlbini Vətən sevgisi.
Sərhəddən başlanır Vətən bilir o,
Xeyirə yol açıq keçə bilməz şər.
Gözlərində sevgi, könlündə Vətən,
Qoruyur Vətəni Sərhədçi əsgər.

Yadına düşəndə sevdiyi gözəl,
Gözləri yol çəkir görüş yerinə.
Tikanlı məftil tək kirpiklərini,
Çəkir Vətəninin sərhədlərinə.

Bir an da, sərhədi qoymaz o, gözdən,
Olsa gün-günorta, ya gecə yarı.
Dünən məktub alıb sevdiyi qızdan,
Yazır çox yaraşır yaşıl paltarı.

Yoxdur bu dünyada sənə tay Vətən,
Borcumu ödəyəm əməllərimlə.
Sən mənim gözümsən deyir ay Vətən,
Səni qoruyaram kirpiklərimlə.

Gəncə

Gözəldi yurdumun hər bir güşəsi,
Könüllər oxşayan gözəli Gəncə.
Nağıllar aləmi, sehirli şəhər,
Şirin arzuların əzəli Gəncə.
İşığı bərq vurar Kəpəzdə qarın,
Göy gölü oxşayar meh narın-narın,
Vətənimi qucan qoşa qolların,
Bir əli Bakıdı, bir əli Gəncə.
Sinəndən qopmasın heç vaxt aman-ah,
Üstünə açılsın xeyirli sabah,
Gəncənin taleyin tapşırma Allah,
Kəmağıl qocaya, nə dəli gəncə.

SƏNƏ

Tanrım hara gedim, hara dalınca,
Düşürəm getdikcə dara dalınca,
Qara göndərirsən, qara dalınca,
Bircə yol demirsən baxt verim sənə.

Yollarım hər zaman dirəndi daşa,
Gördüyüm bir işim çatmadı başa,
Sürünə-sürünə çatdım bu yaşa,
Axı mən nə qədər vaxt verim sənə.

İl var ola bilmir andan qiymətli,
Axı nəyim var ki, candan qiymətli,
Elə bir varım yox ondan qiymətli,
Bir yol mənə tərəf bax, verim sənə.

Ömürdü

Gənclık çiçəkdi, güldü,
Qocalıq aydı-ildi,
Həyat avtomobildi,
Yanacağı ömürdü.

Əvvəl bilməz sağ-solun,
Sonra sızıldar qolun,
Əzrail gələn yolun,
Duracağı ömürdü.

Gəz göylərin hər qatın,
Dadın çıxar həyatın,
Vaxt göstərən saatın,
Quracağı ömürdü.
Seç qızılın, al alın,
Ərşi gəzsin xəyalın,
Hər verilən sualın,
Soracağı ömürdü.
Gözəl

Sözüm tellərinin birinə dəyməz,
Təsvir eləsəm də yüz səni gözəl.
O, hansı nəqqaşdı belə nəqş edib,
Belə şəkil kimi qız səni, gözəl.

Öldüm həsrətinin qeylü-qalında,
Sən varsan gözüm yox dünya malında,
Elə bil ay doğub gül camalında,
Ölür görmək üçün göz səni, gözəl.

Həsrətin canımı yaxıb qurtarıb,
Gözüm göz yaşımı sıxıb qurtarıb,
Mənim axırıma çıxıb qurtarıb,
Bəs niyə öldürmür naz səni gözəl.

Ayrılıq Sevginin qəddini əyib,
O, al dodaqların gilas tək dəyib,
Üstündə ilahi elə işləyib,
Çətindi vəsf etsin söz səni, gözəl.

Sevinc

Səni axtarmışam mən ömrüm boyu,
Tamarzı qalmışam dadına sənin.
Sən olsan neynirəm iki Sevinci,
Elə sığınaram adına sənin.
Olsa da dünyanın min-bir qədəri,
Xeyirə bağlanıb saymaram şəri,
Adınla qorxudub qəmi-kədəri,
Alışıb, yanaram oduna sənin.
Ömrümü, günümü talan eylərəm,
Bu eşqi dünyada qalan eylərəm,
Məcnunu, Kərəmi yalan eylərəm,
Bir yol adım düşsə yadına sənin

***
Mən dəvəsi ölmüş ərəbəm, gözəl,
İnan ki, dözərəm nə cəza versən.
Rəssam deyiləm rəsmini çəkəm,
Nazını çəkərəm icazə versən.

Ağarıb saçlarım olubdur dən-dən,
Başımın üstünü alıb duman, çən,
Dünyanın xoşbəxti mən olaram, mən,
Vüsal vədəsini bu yaza versən.

Köməyə çağırıb şahlar-şahını,
Xeyirə açaram hər sabahını,
Allah bağışlamaz, bax, günahını,
Dayandur Sevgini güdaza versən.
Yadından çıxıb

Əllərin üzündə qalar İlahi,
Adam gözləriylə baxsan rəngimə.
Nolar bu gözələ insaf verginən,
Bircə cavab versin mənim zəngimə.
Dəryada gəmiyəm uçub yelkənim,
Külək yellədikcə əsər kəndiri.
Asılı qalmışam dar ağacından,
Bircə "ALO" sözü kəsər kəndiri.
Dillənə qəlbinin kaş sarı simi,
Duyam istisini kövrək səsinin.
Nolardı barmağ ıkəpənək kimi,
Qonaydı üstünə "YES" düyməsinin.

Bu başda həyəcan, o baş da sükut,
Aya, ilə dönür hər keçən anım.
Çağırır, çağırır telefon susur,
Bir cavab verməyir qəlbi daş xanım.

Sən bizi sevgidən yaratdın axı,
Ən ülvi sevgilər adından çıxıb.
Tanrım bu gözələ hər şey vermisən,
Bircə ürək vermək yadından çıxıb.

***
Şeytan əməlidi bu gözəlliyin,
Tanrı axıtmazdı belə qanları.
Qara kirpiklərin xilas eyləməz,
Dərya gözlərində boğulanları.
Kövrəlsən, gözündən bir damcı düşsə,
Silməyə hər cibdən bir yaylıq çıxar.
Sən tutub gedərsən vüsal yolunu,
Nədənsə qarşına ayrılıq çıxar.
Sonuncu nəğməsin oxuyan qu da,
Son dəfə ürəkdən dinmək istəyir.
Sənin göz yaşından sellənən suda,
Kimdi o, bəxtəvər çimmək istəyir

Məni sevəcəksən öləndən sonra

Ölüm gətirəcək səadətini,
Ümidlə boylanma gələn sabaha.
Öləndə tapacam məhəbbətimi,
Ölünün qiyməti diridən baha.
Məni sevəcəksən öləndən sonra.

Gəncliyim həsrətin odunda yanıb,
Hicranın dadını çəkənlər bilər.
Gündüzlər başının üstə dolanıb,
Yuxuna gələcək ruhum gecələr,
Məni sevəcəksən öləndən sonra.

Tellərin siləcək alın tərini,
Doğmalar yad olub səndən qaçacaq,
İsladıb zil qara kirpiklərini,
Göz yaşın gözündə çiçək açacaq.
Məni sevəcəksən öləndən sonra.

İllər gətirəcək yaş üstə yaşı,
Bu sirri qəlbində saxlayacaqsan.
Həmdəmin olacaq bir məzar daşı,
Önündə diz çöküb ağlayacaqsan.
Məni sevəcəksən öləndən sonra

Yandırdın hicranın odunda məni,
Çıxmadıq sevginin sınaqlarından.
Başdaşım köksünə sığacaq səni,
Öpəcək şeh düşmüş yanaqlarından
Məni sevəcəksən öləndən sonra.

Hələ ki, ömür elə sən gülə-gülə,
Hələ yetişməyib sənə bəd xəbər.
Əzizim taleyim yazılıb belə,
Mən diri bədbəxtəm, ölü bəxtəvər.
Məni sevəcəksən öləndən sonra.