04 Oktyabr 2023 09:47
1199
ƏDƏBİYYAT

Coşqun Xəliloğlunun və Sevinc Arzulunun kitablarının təqdimat mərasimi keçirildi - FOTOLAR

1oktybr 2023-cü il tarixində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı və şəhid ailələri, eləcə də rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, şair, yazıçı Coşqun Xəliloğlunun “Vətən yaşasın deyə”, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Sevinc Arzulunun “Qarabağ qan yaddaşım” adlı kitablarının təqdimat mərasimi keçirildi.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlandı.

Tədbirdə öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən fədailərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təqdimat mərasimini giriş sözü ilə açan Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində əldə olunan möhtəşəm Qələbənin müstəqillik tariximizin ən böyük zəfəri olduğunu, sentyabrın 27-dən başlayaraq cəbhə xəttində işğalçı Ermənistan ordusunun təxribatlarına cavab verən şanlı Azərbaycan Ordusunun qısa zamanda Qarabağ uğrunda başladığımız haqq savaşını Qələbə ilə başa vurmasını, 44 gün davam edən ikinci Vətən müharibəsində qəhrəman oğullarımızın düşmənə sarsıdıcı zərbələr endirərək, onları 27 il işğal altında saxladıqları torpaqlarımızdan qovmasını vurğuladı. O, eyni zamanda, Vətən müharibəsi dövründə və ondan sonraki quruculuq dövründə qələmi ilə müsəlləh əsgərə dönən ziyalılarımızın, şair və yazarlarımızın rolunu dəyərləndirərək hər iki şairin yeni çapdan çıxmış “Vətən yaşasın deyə” və “Qarabağ – qan yaddaşım” kitablarından bəhs etdi. Yaqut Bahadurqızı eyni zamanda, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin adlarının əbədiləşdirilməsi, həyat tarixçəsinin xalqın qan yaddaşına köçürülməsi məramı ilə istedadlı  qələm sahiblərinin oxuculara təqdim olunan kitabının gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox faydalı olacağını vurğuladı.

Təqdimat mərasimində çıxış edən şəhid ailələri Müşgünaz Əliyeva, Rəfiqə Dadaşova, Gürşad Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Abduləziz Xanəhmədoğlu, Mənsurə Qaçayqızı çıxışlarında qeyd etdilər ki, “Vətən yaşasın deyə” və “Qarabağ qan yaddaşım” şeirlər kitablarında Vətən yanğısını söndürməyə gedən oğullardan bəhs edən və eləcədə Vətəni, torpağı,dövlətçiliyimizi, sülhü tərənnüm edən şeirlərin oxunaqlı olmağına səbəb müəlliflərin gördüklərinə, eşitdiklərinə, oxuduqlarına şair təxəyyülünün məhsuludur. Eyni zamanda, hər iki müəllifin təqdim etdiyi bu kitabların şəhid valideynlərinə təskinlik verməsi ilə yanaşı, yeniyetmələrə, gənclərə vətənpərvərlik ruhu, qəhrəmanlıq, vətənpərvərlik, anaya sevgi, saf məhəbbət, dosta sədaqət və s. aşılaması vurğulandı.

Tədbirdə şəhidlərimizə həsr olunan foto slayd nümayiş edildi. Kürdəmir rayonunda qaçqın və məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Qarabağ Regional Təhsil İdarəsi Ağdam rayon 153 nömrəli tam orta məktəbin və Kürdəmir şəhər 3 saylı tam orta məktəbin şagirdləri “Vətən yaşasın deyə”, “Qarabağ qan yaddaşım” kitablarından hazırladıqları kompazisiyanı tədbir iştirakçılarına təqdim etdilər.

Təqdimat mərasiminin sonunda hər iki kitabın müəllifi Coşqun Xəliloğlu və Sevinc Arzulu çıxış edərək onların əməyinə göstərilən diqqət üçün tədbirin təşkilatçısı olan Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin Aran Regional filialına və iştirakçılara öz minnətdarlıqlarını bildirdilər. Sonda müəlliflərin sözü gedən kitabları şəhid ailələrinə hədiyyə edildi.