adalet.az header logo
  • Bakı 16°C
10 May 2022 10:30
822
ƏDƏBİYYAT

Çılpaq qadın görəndə özlərini itirən kişilər - Əhməd Orucoğlu yazır

*Xoşbəxtin bədbəxti*

Gecə saat dörd.Təkgöz ləqəbli oğru yenə iş başında idi.Səhər nişanladığı evə yaxınlaşdı.Üçüncü mərtəbəyə qalxdı. Otuz üç nömrəli mənzilin qapısını ustalıqla açıb, içəri daxil oldu.Bu mənzildə Xoşbəxt adında tək qadın yaşayırdı. Əri onu atıb başqası ilə yaşayırdı. Adı Xoşbəxt olsa da özü bədbəxt idi.Təkgöz içəri girəndə Xoşbəxt səs eşidib, yuxudan dik atıldı. Elə bildi gələn əri Səlimdir.

-Gözəlçən səni atdı bayıra? Əcəb oldu,mən bilirdim sən əvvəl-axır mənə dönəcəksən. Mən isə səni rədd edirəm- deyib başladı ağlamağa. Sonra başını yastığa qoyub dedi:

-Gəl yavrum, gəl, mən səni ata bilmirəm.Sən əclaf olsan da, mən səni sevirəm. Gəl, gəl, demirəm niyə orda dayanmısan?

Bu vaxt Təkgöz başında maska yataq otağına daxil olur.Xoşbəxt maskalı adamı görcək qorxdu.

-Sss...sən kimsən?

Təkgöz bir az kekələdi.

-M...mən oğruyam.

-Görürəm mələk deyilsən. Şkafın sağ gözündə qızıllardır, sol gözündə pullardır. Götürüb gedə bilərsən.

Təkgöz tez şkafın sağ gözündən qızılları, sol gözündən pulları götürüb getmək istəyəndə Xoşbəxt onu səslədi.

-Bəs mən? Məni özünlə aparmaq istəmirsən?

Xoşbəxt yorğanı üstündən atdı. Çılpaq, gözəl bədənə biganə qalmaq mümkün deyildi.

-Sən gözəlsən, amma mən iki işi birdən görə bilmərəm. Qalsın başqa vaxta.

-Səndə günah yoxdur. Mən bədbəxt qadınam. Allah mənə gözəllik, var-dövlət verib, amma bəxt verməyib-deyib, yenidən yorğanı üstünə çəkdi.-Gedə bilərsən. Səndən bir xahişim var, qapını necə açmısan eləcə də bağla.

Təkgözün ayaqları getmirdi. Xoşbəxt onu özünə maqnit kimi çəkirdi. Xoşbəxt oğrunun getmədiyini görüb əsəbləşdi.

-Niyə yerində donub qalmısan.Ya çıx get, ya da..ya da gəl qızındır məni, mənə yaman soyuqdur. Təkgöz başındakı maskadan başqa əynində nə varsa soyundu. Xoşbəxt çılpaq oğruya baxdı. Əri onu atıb gedəndən birinci dəfə idi ki, çılpaq kişi görürdü. Təkgöz Xoşbəxtin yanına girmək istəyəndə Xoşbəxt oğrudan soruşdu:

-Maskanı çıxartmaq istəmirsən? Bəs mənimlə öpüşməyəcəksən?

Təkgöz başındakı maskanı çıxardanda Xoşbəxt yanındakı gecə lampasını onun başına vurdu.Təkgöz huşunu itirdi.

Xoşbəxt:

-Ax kişilər, kişilər!Çılpaq qadın görəndə özlərini itirən kişilər.

Telefonu götürüb polisə zəng etdi.Sonra pulları şkafın sol gözünə, qızılları sağ gözünə qoyub polisin gəlməyini gözlədi.

Əhməd Orucoğlu