Cahilliyin, savadsızlığın mükəmməl rəsmi: “Qəm pəncərəsi“ - 35
jpg-1632203659.jpg)
Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq və jurnalist, satirik qələm ustası Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları“ povesti, “Danabaş kəndinin məktəbi“ pyesi və Həmidə xanımın xatirələri əsasında çəkilən “Qəm pəncərəsi“ kinopovestinin 35 yaşı tamam olur.
Adalet.az xəbər verir ki, 1986-cı ildə yazıçı Anarın Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsasında yazdığı ssenariyə uyğun olaraq çəkilmiş Azərbaycan sovet filmi Azərbaycan tamaşaçısının sevdiyi filmər silsiləsindəndir.. Filmin rejissoru da Anardır. Digər yaradıcılardan isə rejissoru Rafiq Dadaşov, operatoru Hüseyn Mehdiyev, quruluşçu rəssamları Elbəy Rzaquliyev və Rafiq Nəsirov, bəstəkarı Cavanşir Quliyev, montajçısı Nelli Dadaşova və filmin direktoru Rimma Abdullayevanın adını çəkə bilərik.
Filmdə Həsən Turabov Cəlil Məmmədquluzadənin qocalıq dövrünü, Elmira Şabanova isə onun həyat yoldaşı Həmidə Məmmədquluzadəni canlandırır.
Ruslan Nəsirov ( Əhməd), Həsən Məmmədov (Məmmədhəsən), Şükufə Yusupova (İzzət), Vaqif İbrahimoğlu (Xudayar bəy), Leyla Şıxlinskaya ( Zeynəb), Zərnigar Ağakişiyeva (Şərəf), Fəxrəddin Manafov ( İsgəndər), Məmməd Bürcəliyev ( Rəşid bəy), Mərahim Fərzəlibəyov ( Müəllim Həsənov), Nəsibə Zeynalova ( Səkinə), Sona Mikayılova (Cəlilin anası), Natiq Abdullayev ( Vəliqulu) istedadlı aktyorların birgə ərsəyə gətirdiyi bu film əslində sevilməyə də bilməzdi.
Tanınmış rejissor Rafiq Dadaşov filmin çəkilişləri ilə bağlı xatirələrində yazır: "Anar Cəlil Məmmədquluzadənin əsərlərindən təsirlənərək belə bir film ərsəyə gətirdi. İlk olaraq bu əsər teatr səhnəsində oynanılmışdı. Dəfələrlə səhnədə göstərilən tamaşa artıq izləyicilər tərəfindən də rəğbət qazanmışdı.
"Bişmiş" bir əsər olanda Anar onu ekranlaşdırmaq istədi. Filmin əsas yükü onun çiyinlərində idi, həm müəllif, həm də quruluşçu rejissor kimi. Filmi istehsalata buraxmaq üçünsə ədəbi ssenari işlənməli idi. Burada isə rejissor, operatorlar çalışdılar. Müddət isə təxminən bütün filmlərdə olduğu kimi 1 il çəkdi. Sırf çəkiliş prosesi isə 3,5 aya yekunlaşdı. Hazırlıq mərhələsində aktyor və məkan seçimləri edildi, nəyi, necə çəkəcəyimizi aydınlaşdırdıq. Hər şey tam hazır olandan sonra artıq çəkilişlərə start verildi. Çəkilişlər əsasən yay aylarında aparıldı. 1985-ci ilin iyul ayında başlayıb oktyabr ayında bitirdik".
Filmdə bir-birindən maraqlı səhnələr tamaşaçının ürəyini ağrıtsa da ekrana kilidləyir... Məsələn, xəstə Mirzə Cəlil Bakı küçələrini gəzib evə qayıdır. həmin gün xəyalında xoş keçməyən uşaqlıq illərini canlandırır. Və Mirzə Cəlil geridə qalmış dünyaya “qəm pəncərəsi“ndən baxır. Uşaqlıq dostu Əhmədin (R.Nəsirov), bədbəxt qadın Zeynəbin (Şükufə Yusupova), doğma kəndin digər adamlarının obrazları onun gözləri qarşısında canlanır. Filmdə baş verən bütün bu əhvalatlar, Mirzə Cəlilin ürək ağrısı ilə qələmə aldığı bu və ya digər hadisələr ssenariçi və kinorejissor Anarın “Qəm pəncərəsi“ filmində süjetin əsasını təşkil edir. Filmdə hadisələrin baş verdiyi bir dağ kəndində əks-sədası çox zəif eşidilsə də, XIX əsrin sonunda meydana çıxan mütərəqqi ideallar, dövrün ictimai hadisələri və sinfi, feodal ziddiyyətləri, islam qanunlarını pozan mollaların özbaşınalığı və riyakarlığı, mütləqiyyət dövlət orqanlarının zorakılığı öz əksini tapıb.
Yenə də filmin rejissorunun bir açıqlamasını xatırladırıq: "Yol ayrıcında iki uşaqdan biri məktəbə, digəri isə nadanlığa gedir. O səhnə Mərəzədə lentə alınmışdı. İnsanların toplaşıb "Xudaya, bizə yağış" deyərək dua etməsi, İsgəndərin məsciddə fransızca şeir deyib insanlardan ağlamalarını tələb etməsi də cahilliyin geniş vüsət aldığı zamanı tənqid edirdi. "Ə, niyə ağlamırsız?" Kəndlilərdən birinin "axı biz sən deyəni başa düşmürük" deməsi ilə İsgəndərin cavab verməsi də bir olur: "Molla ərəbcə oxuyanda başa düşüb ağlayırdız?"
Ədibin filmdə əxz etmək istədiyi əsas məsələ də məhz cahilliyin, nadanlığın ifşasıdır ki, bunu həm Cəlil Məmmədquluzadə yazdığı əsərdə, həm də Anar çəkdiyi filmdə mükəmməl şəkildə ortaya qoya bilmişdir.
Əntiqə Rəşid
Digər Xəbərlər

"21 AZƏR İNQİLABI" - İRADƏ TUNCAYIN FİLMİ - VİDEO

Aqil Abbas Qədir Rüstəmovu xatırlayanda kövrəldi... - "Şəxsi Əşyalar" - Vasif Ayan ilə - VİDEO

Vüsal Murtuzəliyev əməliyyat olundu

London Dizayn Biennalesi 2025-də Azərbaycan pavilyonunun rəsmi açılışı oldu

"Azerçay" ölkəmizin çay mədiyyətini dünyaya tanıtmağa davam edir - FOTOLAR

Kahramanmaraşda konfrans salonuna Nizami Gəncəvinin adı verildi

Türkiyənin sahil şəhərlərini yaxta turları ilə kəşf edin - FOTOLAR
