26 Fevral 2024 11:34
2008
MƏDƏNİYYƏT

“Bu torpağın Səxavət adlı naləsi var” - Əntiqə Kərimzadə yazır…

.. Və bir gün o sədanı külək gətirdi. Dağlara yayılmışdı  insan nəfəsi.   Payız fəsli olmağına  baxmayaraq  Qarabağ  təbi  ilə  desək, havada  bahar dadı var  idi.  Birdə məlahətli səs tamı. Seçilirdi, fərqlənirdi, duyulurdu, sevilirdi o səs tamı. Hansı ki  o canlı ifaya tamarzıdır  Qarabağ camaatı. Külək  özünü  Abdal-Gülablının  qoyununa çırpdıqca bir qıçqırıq eşidilirdi. Bu hıçqırığın adı   Səxavət idi!

Bu, ünvanına yetməyən nalə idi. O nalədə  havasızlıq, sevincsizlik və Səxavətsizlik var idi. Heyf, bu nalənin  Abdal-Gülablının torpağına hopmaqdan başqa əlindən heç nə gəlmədi. Elə insanlar var ki, yaradılışdan nakam doğulurlar. Səxavət də belələrindən idi.Özü,  sevgisi də   nakam qaldı. Təkcə səsindən başqa. Səsi əbədiləşdi.  İnsanların qəlbində  unudulmaz   nəğməyə çevrildi Səxavət. Çətindir… Bu yükü  nə “Həkim qız”, nə də ki, “Çiçək” çəkə bilir. Qulaqlardan çəkilməyən bu nəğmələrə nisgil hopub.  Oxuyanda səsini küləklər gətirirdi Bakıya. Kim deyərdi ki, zaman gələcək “Külək” özü yayılacaq küləklər şəhərinə.

Adı kimi səsində də bir səxavət var idi. Yaşasaydı  bizə hələ çox nəğmələr bəxş edəcəkdi… Ona ən böyük fəxri adı öz doğulduğu torpaq və onu sevən xalqı verdi. Ona xalq artisti yox,  XALQIN SƏXAVƏTİ dedilər. 

Səxavətin ürəyində, dodaqlarında oxunmamış nəğmələri və vurulmamış zəngulələri qaldı. Elə bil hər şeyi əvvəldən anlayırmış- nəğmələrində nisgili sədasından əvvəl axırdı qulaqlara. Hərdən mənə elə gəlir ki, Səxavət danışanda da  avazla danışırmış (təəssüf ki, onu görməmişəm. Bu təxəyyülümdür).
Həyatda görmədiyin insanı sezmək bir az müşküldür. Onun haqqında yazmaq üçün nəğmələrini dinləyirəm. Elə bil mənimlə həmsöhbət olurlar.  Nəğmələri onun haqqında çox şeyi deyir insana.  Deyərdim ki, insanları qəlbən sevmək kimi nəcib hiss hər  yaradılmışa qismət olmur. Amma Səxavətin  böyüklüyü  kiçiklərlə kiçik, böyülərlə böyük kimi davranmağında idi. 
             ***
 Hələ lap kiçik idim (təxminən 4-cü sinifdə oxuyardım). Rayona tez- tez getməsəmdə, yolum kəndə  düşürdü. Həmin il rayona gedəndə Bakı- Ağdam avtobusu ilə getməli olduq. Sürücü mahnıya qulaq asa- asa yoluna davam edir. Salonda tam sakitlikdir, hamı cəhd edir ki. Mahnıya qulaq assın (radio çox az səs tonunda idi). Birdən ahıl bir qoca yüksək səslə ,”ay bala, ona xod ver, biz də eşidək dana” – dedi. Sürücü qocanın sözünü  yerə salmadı desəm, yanılmaram.  Onu da deyim ki, yaman  acı  yükləkli hava idi. Elə bil hava da bizdən küsmüşdü. Bu küləkli havada avtobusun salonundan bir uşaq ağladı ki, pəncərəni açın ordan əlimi çölə çıxardım. Anası  bax,radioda  xanəndə mahnı oxuyur, Rizvan, gəl ona ona qulaq asaq deyən kimi, uşaq dayanıb birdən özünü mahnıya köklədi. Tam sakitçilik idi. Balaca Rizvan qışqırdı:- ay ana bu kişi əmimin toyunda oxuyan Ağdam deyil? 

Anası təəbbəssümlə üzünü salona tutdu:- “Uşaqdır fikir verməyin. Qışda qaynımın toyuna Firuz Səxavəti çağırmışdıq, uşaq da elə bilir odur. Amma adını deyə bilmir”. Anası sözünü bitirən kimi, uşağa üzünü tutdu: “oğlum, bu oxuyan əminin toyundakı Firuz Səxavətinin  böyük qardaşı Səxavət Məmmədovdur. O rəhmətə gedib, amma səsi qəlbimizdə yaşayır”. Elə bil uşaq dediyi sözə peşman oldu. Üzülməyi simasından bəlli idi.  Bu anda gözüm qocaya sataşdı. Arxada əyləşən qoca ağlayırdı. Əllərini bir-birinə elə möhkəm kilitləmişdi ki, sanki kimsə onun əlindən nəsə alacaqmış kimi. Əlbəttə hamı mənim kimi qocanın ağlamağına baxırdı. Bir müddət sonra qoca başını qaldırıb üzünü balaca Rizvana tutdu: -“ Ağıllı balam, düz deyirsən oxuyan Ağdamdır”dır- deyib, hönkürdü. Özündən biixtiyar əllərini açdı. Əlinin içində “Səxavət” sözü var idi. Heç kəs heç nə soruşmasa da, özü sakitcə salona pıçıldadı: - “Eh, bu səs də, bu ad da məni çox yandırır. Oğlumun da adı Səxavət idi. Elə Səxavət ölən günü o da öldü”. Həmin gün  Ağdam bir Səxavət itirsə də, mən iki Səxavət itirdim. Ehhh, bu torpağın Səxavət adlı naləsi var”.

Avtobus yavaş- yavaş Quzanlı qəsəbəsinə çatırdı. Amma deyəsən qoca üçün hələ avtobus Ağdama çatmamışdı. Yolu yarımçıq idi…

P.S  Heç bilmirəm o qocanın taleyi necə oldu. Kaş ki, onunla qarşılaşa biləydim.  Qocanın təbi ilə desəm, iki Səxavətini itirən bir adam Ağdamın azad torpağını  qucaqlamaq  istəməzmi? Əlbəttə, istəyər. Bəlkə də mən gecikmişəm, qoca özünü çoxdan atıb ana torpağın qoynuna…