03 May 2024 11:30
3457
MÜSAHİBƏ

Bronxial astma zamanı mühüm aspektlərdən biri həkim nəzarətidir  - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-pulmonoloqu Günay Əliyeva nazirliyin saytına müsahibə verib.

Adalet.az müsahibəni təqdim edir.

- Günay xanım, ilk öncə bronxial astma və xəstəliyin əsas əlamətləri haqqında məlumat verərdiniz...

- Bronxial astma tənəffüs yollarının daralmasına səbəb olan tutmalarla gedən xronik bir xəstəlikdir. Astma xəstəliyinin əsas elementi bronxial toxumaların qeyri-infeksion yoluxucu olmayan iltihabıdır. Xəstələrdə təkrarlanan nəfəs darlığı, xışıltılı, xırıltılı tənəffüs, boğulma, öskürək, sinədə ağırlıq hissi şikayətləri olur.
Qeyd etmək lazımdır ki, bronxial astma multifaktorial xəstəlikdir. Onun inkişafı irsi və ətraf mühit amillərinin təsiri ilə sıx bağlıdır.
İrsi faktorlarına genetika, cinsi mənsubiyyət və piylənmə aiddir.
Ətraf mühit faktorlarına allergenlər (xüsusən ev tozu, ev heyvanları, həşaratlar, kif göbələkləri və s), infeksiyalar (əsasən viruslar), siqaret, qidalanma tərzi və s. aiddir.

- “Bronxial astma diaqnozu” necə qoyulur?

- Bronxial astma diaqnozunu müəyyənləşdirərkən, xəstənin anamnezi, xəstəliyin klinikası və obyektiv müayinəyə xüsusi önəm verilir. Daha sonra diaqnoz laborator instrumental müayinə nəticələri ilə yoxlanılır. Belə ki, tutma şəkilli təkraralanan öskürək, nəfəs darlığı, xışıltı şikayətləri olan xəstədə bronxial astma ehtimalı nəzərə alınır. Çox vaxt belə xəstələrin rentgenoqrafiyası ağciyərlərin normal fəaliyyətini göstərir. Bu zaman, xəstədə tənəffüs funksiyalarını müayinə etmək məqsədilə spiroqrafiya (medikamentoz və qeyri-medikamentoz) ilə təyin edilir. Spiroqrafiya ilə diaqnozu dəqiqləşdirmək və ya xəstəliyin şiddətini müəyyənləşdirmək olar. Bəzən gündəlik nəfəsvermə sürətini ölçən pikflumetriya ilə dəyərləndirilir. Bu, əsasən xəstənin təqibində əhəmiyyətlidir.
Bronxial astmanı ortaya çıxara biləcək xüsusi bir qan analizi yoxdur. Lakin həkim risk faktorlarını dəyərləndirmək üçün dəri hiperhəssaslıq testlərini istəyə bilər.

- Bronxial astmadan tam sağalmaq mümkündürmü?

- Müasir dövrdə bronxial astma müalicə ilə nəzarət altına alına bilən xəstəlikdir. Həkim nəzarəti ilə uzunmüddətli remissiyalar əldə etmək mümkündür.
Ölkəmizdə bu xəstəliyin müalicəsi üçün lazımlı bütün preparatlar mövcuddur. Bronxial astma müalicəsində istifadə olunan dərman preparatlarının əksəriyyəti tənəffüs yolları ilə qəbul olunur.

- Bu xəstəliyə necə nəzarət etmək olar?

- Bronxial astma mütəmadi olaraq həkim tərəfindən təqib olunmalıdır. Müayinələrin tezliyi xəstəliyin ilkin vəziyyəti ilə əlaqəlidir. Tipik olaraq, müalicəyə başladıqdan sonra ilk 1-3 ay ərzində hər ay, sonra isə hər 6 aydan bir müayinədən keçmək lazımdır.
Bronxial astmaya nəzarət sorğu anket, spiroqrafiya vasitəsilə dəyərləndirilir. Anketdə gündüz və gecə olan simptomlar, gündəlik fiziki aktivlik, teztəsirli dərman istifadəsinin sayı əhəmiyyətlidir.

- Bronxial astma tutmalarının səbəbləri nələrdir?

- Qrip infeksiyası və tozlu ərazilərdə olmaq bronxial astma tutmalarının kəskinləşdirməsinə gətirib çıxara bilər. Bundan əlavə, artıq çəki və piylənmə də bronxial astmanın tarazlığını və müalicəsini pozaraq tez-tez kəskinləşmələrə səbəb olur. Buna görə də, xəstələrdə çəki nəzarəti vacibdir.
Bronxial astma zamanı mühüm aspektlərdən biri həkim nəzarətidir. Əgər həkim nəzarətində deyilsinizsə, tez-tez astmatik tutma sizin üçün qaçılmaz olur. Düzgün yanaşma zamanı bu xroniki xəstəliyi idarə etmək mümkündür. Lakin, həkim nəzarəti altında vaxtında müvafiq müalicə alınmazsa, xəstələrdə bronxların uzun müddət daralması müşahidə oluna bilər.

- Bronxial astması olanlar hansı qaydalara əməl etməlidirlər?

- Bronxial astması olan insanlar üçün profilaktika xüsusi rol oynayır. Belə ki, imkan daxilində nəmli, zəif havalandırılan ərazilərdən uzaq olmalıdırlar. Sanitar qaydalarına riayət etmək də olduqca vacibdir. Həmçinin, xəstənin otağından toz toplayan yun xalçalar, tüklü yorğanlar, yumşaq oyuncaqlar və kilim çıxarılmalıdır.
Bu tədbirlərə əlavə olaraq, allergik olduğu bilinən ev heyvanlarını yataq və ya qonaq otaqlarına buraxmaq olmaz. Eyni zamanda, allergiyaya səbəb ola biləcək yun yorğan, yastıq, döşək istifadə etməməlidirlər. Ətir istifadəsinə ehtiyatlı olmaları məsləhətdir. Yuyucu vasitələr, ağardıcılarla işləyən zaman maska və əlcək istifadəsi mütləqdir. Qida maddələrində nitratlar və digər konservantlardan məsləhət görülmülür.
Bundan əlavə, ağır bronxial astması olan xəstələrə qrip və pnevmokok peyvəndi tövsiyə olunur.