Böyük savaşlar arasında Qafqaz - Səxavət Məmməd yazır
Rusiya təhdidi və kiçik dövlətlərin sağ qalmaq şansı
ABŞ/İsrail cütlüyünün İrana təcavüzü fonunda İranın apardığı müdafiə döyüşləri, bəzi hallarda isə həyata keçirdiyi hücum əməliyyatları hazırkı atəşkəsin əldə edilməsinə yol açdı.
Müharibə başlayandan bəri yazırdım ki, İran döyüşlərin coğrafiyasını genişləndirəcək və şaxələndirəcək. Ötən yazılarımda da qeyd etdiyim kimi, İran müharibə miqyasını bu dərəcədə böyütməsə idi, məğlubiyyətə düçar olacaqdı. ABŞ rəsmiləri də etiraf edirlər ki, İranın Körfəz ölkələrinə hücumu onlar üçün gözlənilməz olub. Niyə bu qənaətdə idim? Xəritələrə düzgün baxanda onlar hər şeyi deyir: İran hər tərəfdən ABŞ hərbi bazaları ilə əhatə olunmuşdu. Əgər İran Körfəz ölkələrinə zərbələr endirməsə idi, həmin bazalar hücumun sürətini və tempini sabit saxlayacaqdı.
Müharibələrdə vaxt ən önəmli faktordur. Körfəz ölkələri vurulmasa idi, ABŞ təyyarələri havada yanacaq doldurmaq üçün vaxt itirməyəcəkdi. Məsafənin uzaqlığı təkcə vaxt itkisi deyil, həm də döyüş təyyarələrinin daşıdığı yükə ciddi təsir edən amildir. Misal üçün, biri var təyyarə tam şəkildə raket və bombalarla yüklənsin, biri də var, yanacaq sərfiyyatını hesablayaraq daha az yüklə hərəkət etsin.
Digər tərəfdən məlum olur ki, İran 100-dən çox hərbçisini Livana göndərərək Hizbullahı yenidən formalaşdırıb. Bu əməliyyatı o qədər gizli icra ediblər ki, məlumatlar yalnız müharibənin 10-cu günündən sonra üzə çıxmağa başladı. Bir çoxlarına görə Hizbullah artıq bitmişdi, ancaq İran onu tamamilə fərqli formada döyüşlərə hazırlamışdı. İran bu müharibədə Hizbullah və Husilərlə koordinasiyalı şəkildə İsrailə bir neçə dəfə sarsıdıcı zərbələr endirdi. Bunları yazmaq və danışmaq asan olsa da, icrası son dərəcə ciddi hazırlıq, strateji zəka və böyük zəhmət tələb edən prosesdir.
Müharibədən əvvəl dəfələrlə qeyd edirdim ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə İran Hörmüz boğazını bağlayacaq. O zaman çoxları bu proqnozu tənqid edirdi. Ancaq İran "olmaz" deyilən nə varsa, hamısını bir-bir etdi. Xüsusilə Azərbaycanda bəzi ekspertlər İranın raketlərinin "hara gəldi" atıldığını yazırdılar. Əslində bu, çox bəsit və mənasız yanaşma idi. Çünki İran Körfəzdəki və İordaniyadakı ABŞ radarlarını, ballistik raket izləmə sistemlərini vurmasa idi, heç bir nəticə əldə edə bilməzdi. İran bu sistemləri sıradan çıxardığı üçün İsrail məcbur qalıb bütün raket və dronları yalnız öz hava məkanında zərərsizləşdirməyə çalışırdı.
İranın əlini gücləndirən əsas faktorlardan biri də Husilər oldu. Husilər təkcə İsrailə zərbələr endirməklə kifayətlənmədilər; onlar eyni zamanda Səudiyyə Ərəbistanını neytrallaşdırdılar, Qırmızı dənizi təhdid altında saxladılar və Bab əl-Məndəb boğazını bağlayacaqları ilə bağlı xəbərdarlıq etdilər. Təsəvvür edin: Hörmüzlə yanaşı Bab əl-Məndəb boğazı da bağlanır. Bu o demək idi ki, ABŞ İrana hücumla bərabər, paralel olaraq bir neçə strateji istiqaməti də düşünmək məcburiyyətində qaldı. Trampın "sivilizasiyanı məhv edəcəm", "İranı daş dövrünə qaytaracam" tipli aqressiv və isterik bəyanatlarının kökündə məhz bu çıxılmazlıq dayanırdı.
Müharibənin gedişində ABŞ və İsrail cütlüyü İrana zərbələr endirsə də, bir müddət sonra Tramp etiraf etdi ki, "İranda vurulacaq bir şey qalmayıb". Onlar üçün hədəf kimi yalnız mülki infrastruktur və atom mərkəzləri qalırdı ki, bunları vurmağın da İran tərəfindən çox ağır cavabı olacaqdı. Körfəzdəki bütün neft və qaz yataqlarının vurulması təkcə dünya iqtisadiyyatını iflic etməyəcək, həm də ərəbləri bahalı maşınlardan endirib yenidən dəvələrə mindirəcəkdi. Əlbəttə, ABŞ və İsrailin əlində ən azı taktiki atom bombası variantı da var idi. Bundan istifadə edə bilərdilərmi? Bəli! Radikal dindarlardan hər şey gözləmək olar. İrandakılar nə qədər radikaldırlarsa, ABŞ və İsrailin idarəetməsindəkilər də onlardan geri qalmırlar.
İranın zəif tərəfləri var idimi? Şübhəsiz. Xüsusilə hava hücumundan müdafiə sahəsində ciddi boşluqlar mövcuddur. Müdafiə döyüşü aparan ölkə üçün bu sistemlər həyati əhəmiyyət kəsb edir. Ancaq müharibənin mövcud şərtlərlə bitməsi onu deməyə əsas verir ki, İranın düzgün addımları səhvlərindən qat-qat çox olub.
İran əhalisinin hakimiyyətə dəstəyinə gəldikdə isə, bunu təkcə ideologiya ilə izah etmək düzgün deyil. Əvvəla, o coğrafiyanın insanına necə müharibə etməyi öyrətməyə çalışmaq ən azı ayıb sayılmalıdır. Digər tərəfdən, xalq inanır ki, qələbə qazanılacağı təqdirdə hakimiyyət bu uğuru onlarla paylaşacaq. Məsələn, hazırkı rəhbər şəxslərin demək olar ki, hamısı İran-İraq müharibəsinin veteranlarıdır.
Bəs bu müharibənin qazananı kimdir? Nəticəyə baxaq: ABŞ və İsrailin əsas hədəfi İrandakı rejimi dəyişmək idi, buna nail ola bilmədilər. Atom proqramı ilə bağlı da real nəticə yoxdur; açıqlanan razılaşmalardakı "nəzarət" məsələsi müharibədən əvvəl də mövcud idi. Ballistik raket proqramı isə ümumiyyətlə müzakirə mövzusu belə olmadı.
Müharibənin başlanğıcında qarşıya qoyulan bəzi taktiki tapşırıqlara nail olunsa da, bu, strateji nəticəni dəyişmədi. Məsələn, ali dini lider artıq yaşlanmışdı, müharibədə öldürüldüyü üçün "şəhid" statusu qazandı, onun yerinə gələn oğlu isə döyüşdə yaralandığı üçün "qazi" kimi qəbul edildi. Çoxlu sayda generallar öldürülsə də, onların yerini alanlar müharibəni eyni templə davam etdirdilər.
Strateji baxımdan müharibənin əsas qazananı Pakistan oldu. Türkiyə müharibəni dayandırmaq üçün çox cəhd etsə də, rəsmi İslamabadın sözü daha kəsərli və mötəbər sayıldı. Digər qalib isə İraqdır. İranın İraq ərazisindəki hərbi bazaları vurması, faktiki olaraq İraqın "əl-qolunu açdı".
Müharibənin ən çox itirəni Körfəz ölkələri oldu. Onlar artıq təkcə təhlükəsizlik çətiri haqqında düşünməyəcək, həm də İranın diqtəsini daim nəzərə alacaqlar. Digər itirən tərəf isə İsrail oldu; mövcud şərtlərdə "Böyük İsrail" dövləti planı suya düşdü.
Çox maraqlı bir coğrafiyada yerləşirik. Böyük danışanların, nəhəng planlar quranların arzuları bu torpaqlarda həmişə boşa çıxır. Ümumiyyətlə, bu coğrafiya böyük arzuların qəbiristanlığıdır. "Böyük Ermənistan" xulyasının kökünə Arazın bu tayındakılar, indiki şərtlərdə "Böyük İsrail"in də kökünə Arazın o tayındakılar daş atdı desək, yanılmarıq...
Digər Xəbərlər
08 Aprel 2026 17:08
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə geniş tərkibdə görüş keçirib - YENİLƏNİB
08 Aprel 2026 16:59
ABŞ-İran müharibəsinin qalibi kimdir? - Elxan Şükürlü yazır
08 Aprel 2026 15:47
İlham Əliyev Pezeşkianı təbrik etdi
08 Aprel 2026 11:39
“İrana anlatdılar ki, daha proksilərlə bizə zəmin yaratmağa ehtiyac qalmayıb...”
08 Aprel 2026 11:35
İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul etdi - FOTOLAR
08 Aprel 2026 11:30
“İranda da qəzəblə, nifrətlə, kinlə xalqı ram etməyin mümkün olmadığını anladılar”
08 Aprel 2026 11:24
“Bu, ikitərəfli atəşkəs olacaq” – Hərbi ekspert
08 Aprel 2026 11:11


Bakı -°C

