adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Yanvar 2023 09:00
2366
LAYİHƏ

Bizi dünyaya tanıdan dəyərlər

Azərbaycan tarixən zəngin iqtisadiyyata, mədəniyyətə və böyük mədəniyyətə malikdir və həmişə də zaman-zaman yadellilər bu yurda, bu torpağa göz dikiblər. Göz dikiblər ki, məmləkətimizi altını üstünə çevirsinlər, yağmalasınlar, varını, dövlətini daşısınlar. Əlbəttə, 1918-ci ilin mayın 28-də Azərbaycan öz müstəqilliyini çətinliklə də olsa, qazana bildi. Bu yolda xalqımız və millətimiz çoxlu qurbanlar, şəhidlər verdi. Amma bu o demək deyildir ki, müstəqil Azərbaycanı qara qüvvələr rahat buraxacaqlar. Ən azından ona görə ki, yenə onların gözü bu yurdda, bu eldə idi.

Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan yenidən öz müstəqilliyini, ərazi bütövlüyünü qorumaq üçün bütün çətinliklərə, təzyiqlərə və hətta müharibələrə sinə gərdi. Baxmayaraq ki, 1992-1993-cü ildə Qarabağ erməni işğalçıları tərəfindən ələ keçirildi və böyük yurd yerləri düşmənin oylağına çevrildi. Amma bundan da Azərbaycan sarsılmadı. Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində 1994-cü ilin yanvarın 4-də Füzuli rayonunun 22 yaşayış məntəqəsi və Horadiz şəhəri azad olundu. Əlbəttə, dağılmış yurd yerlərini bərpa etmək, Azərbaycanı iqtisadi cəhətdən gücləndirmək, hərbi potensialını yüksəltmək elə də asan deyildi. Qısa zaman kəsiyində neft kontraktı ilə bağlı «Əsrin müqaviləsi» imzalandı. Dünyanın inkişaf etmiş ölkələrinin Azərbaycana marağı daha da artdı. Başqa sözlə demiş olsaq, 1993-cü ildən başlayaraq, ölkəmiz iqtisadi, siyasi və hərbi cəhətdən bir qədər də yüksəlişə nail oldu. Bütün bunlar həyata keçirilmiş düzgün siyasi və iqtisadi siyasət nəticəsində əldə edildi. Dövlətçiliyimizin möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası üçün real şərait yarandı. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunu davam etdirərək ölkənin daha yüksək sürətlə inkişafına nail oldu. Demək olar ki, bütün sahələrdə Azərbaycan tanınmağa başladı və beynəlxalq səviyyədə artıq səsimiz eşidildi. Çünki ən mötəbər kürsülərdə belə Prezident İlham Əliyev bu xalqın, bu dövlətin gücünü göstərdi və ölkəmizin haqq səsini dünyaya çatdırdı. Ona görə də bir çox ölkələr Azərbaycanı müdafiə etdi. Bu da asan başa gəlmədi. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən iqtisadi və hərbi cəhətdən qüdrətli bir dövlətin yaranmasına və inkişaf etməsinə önəm verdi. Məhz bunun nəticəsində Azərbaycan 44 günlük İkinci Qarabağ savaşında işğal altında olan Qarabağı azad elədi. Bir daha dövlətçiliyimizin və müstəqilliyimizin qarantı olan Azərbaycan Prezidenti sübut etdi ki, heç bir xarici və daxili qüvvə müstəqilliyimizə xələl gətirə bilməz, o, əbədidir və daim yaşayacaq.

Azərbaycan xalqını həm də digər millətlərdən fərqləndirən onun zəngin mədəniyyətə, adət-ənənələrə və qədim keçmişə malik olmasıdır. Zaman-zaman bu qüdrətli və güclü ölkə möhkəmləndikcə onun mədəniyyəti və elmi də sürətlə yüksələn xətlə inkişaf edir. Başqa sözlə demiş olsaq, qısa zaman kəsiyində ölkəmiz sözün həqiqi mənasında böyük uğurlara və nailiyyətlərə imza atıb. Azərbaycana gələn hər bir xarici qonaq onun zəngin mədəniyyətinə və adət-ənənəsinə, milli dəyərlərinə heyran qalıb. Heç bir xalqda olmayan bəşəri sevgi, bütün millətlərə olan məhəbbət və diqqət bizim ölkədə var. Təbii ki, bunu ölkəmizə gələn xarici vətəndaşlar da görürlər və hiss edirlər. Biz o millətik ki, ən yaxşı evimizi, ən yaxşı otağımızı qonağa hazırlayırıq və deyirik ki, bu bizim qonaq otağımızdır. Və ən yaxşı süfrəmizi də gələn qonaqlara açırıq. Dünyanın heç bir yerində bizim qədər qonaqpərvər xalq yoxdur. Hətta elə yeməklərimiz var ki, onu gec-gec bişiririk və deyirik ki, qonaq gələndə bişirərik. Məsələn, plov. Biz plovu həmişə bişirmirik, ya bayram günlərində, ya da ən əziz qonağımız olanda o süfrəni açırıq və o plovu da bişiririk. Bizim mətbəximizə, süfrəmizə bələd olan xarici qonaqlar da yeməyimizin ləzzətindən doymayıblar. Mənim özüm də dəfələrlə xarici ölkələrdə olmuşam. Vallah, onların yeməklərinin heç birisi bizim nə plovumuzun, nə bozbaşımızın, nə dolmamızın yerini verib. Düzdü, onlarda da dolma, plov, bozbaş var. Amma bizdəki yeməklərin dadı və çeşidi heç bir ölkədə, heç bir yerdə yoxdur.

Bunlar hamısı bizim mədəniyyətimizin bir qoludu. Daha doğrusu, demiş olsaq, zəngin süfrəmizin gözəlliyidir. Axı zəngin süfrə də, dadlı yeməklər də, şirniyyat məhsulları da milli-mənəvi dəyərlərin bir göstəricisidi. Mən bir faktı da qeyd etmək istəyirəm ki, heç bir millətdə olmayan böyüyə-kiçiyə hörmət, ağsaqqala-ağbirçəyə sevgi bizim millətdə var. Hətta elə kəndlərimiz, elə oymaqlarımız var ki, orda gənclər böyüklərin yanında başaçıq əyləşmirlər. Üstəlik də, süfrəyə yemək gələndə heç vaxt birinci əl uzatmazlar. O süfrəyə, o yeməyə öncə ağsaqqallar, ağbirçəklər əl uzadır və bundan sonra gənclər və uşaqlar yemək yeyərlər. Bu, özü də bir ənənədir, adətdir və mədəniyyətdir.

Dəfələrlə bir şeyin şahidi olmuşuq ki, bizdə avtobusa, qatara, lap metroya yaşlı adam minəndə o dəqiqə gənclər və cavanlar ayağa qalxır, onlara yer verir. Düzdü, bu son vaxtlar azalıb, amma yenə əksər gənclər yaşlı adamlara və qadınlara hörmətlə yanaşırlar. Bir dəfə xaricdən gəlmiş bir əcnəbi qonağım dedi ki, biz Almaniyada yaşayırıq, mədəni də millətik. Amma heç vaxt oturduğumuz yerdən qalxıb kiməsə yer vermərik. Birinci dəfə Azərbaycanda gördüm ki, nəinki qocalara, qadınlara və uşaqlara yer verirlər, hətta bizim kimi qonaqlara da qalxıb yer verən gənclər var. Sözün düzü, mən bunu çox bəyəndim. Görürsünüzmü, bizim bəzən özümüzə qiymət verə bilmədiyimizi xarici vətəndaşlar dilə gətirirlər. Çünki dünyanın heç yerində görünməyən sadəlik, səmimiyyət və vətənpərvərlik bizim xalqımızda və mədəniyyətimizdə yaşanır. Bunu isə Azərbaycan xalqının övladları, vətəndaşları yaşadırlar.

Azərbaycan həm də müstəqillik dövründə elm sahəsində böyük uğurlar qazanıb. Tanınmış alimlərimiz, akademiklərimiz, professorlarımız və ziyalılarımız elmi kəşflərə, ixtiralara, yeniliklərə imza atıb. Sovet dönəmində belə idi ki, hər hansı elm adamı bir mövzuda elmlər namizədi adını qazanmaq üçün yüz bir çətinliklə üzləşirdilər. Hətta bəzən Moskvaya getməli olurdular. Amma indi tamamilə həyat dəyişib. Hər şey asanlaşıb. Ona görə də istedadı, savadı olan alimlər çox asanlıqla böyük uğurlara imza atırlar. Belə alimlərdən, ziyalılardan biri də Mədəniyyət və İncəsənət Universitetinin professoru, kulturologiya elmlər doktoru İlqar Hüseynovdur. Onu da qeyd edək ki, İlqar Hüseynov respublikamızda kulturologiya sahəsində ilk elmlər doktorudu. Bir-birindən maraqlı və yadda qalan kulturologiya ilə bağlı elmi kitablar, monoqrafiyalar və məqalələr qələmə alıb. Həmin kitablarda Azərbaycan kulturologiyasının inkişafı, qarşıya çıxan çətinliklər, problemlər araşdırılır və konkret çıxış yolları göstərilir. Üstəlik də professor İlqar Hüseynov milli adət-ənənələrimizlə bağlı maraqlı faktlar, sübutlar və rəngarəng fikirlər səsləndirərək bir qədər də həmin gözəlliklərə rəng qatır. O, qeyd edir ki, Azərbaycan xalqı Novruz bayramı ilə, müxtəlif sənət nümunələri ilə, eləcə də musiqi və tamaşaları ilə həmişə dünya xalqlarından seçilib. Bizim xalçalara baxanda, milli rəqslərimizə tamaşa edəndə, milli mətbəximizə diqqət yetirəndə görürük ki, bu xalq nə qədər zəngin tarixə və mədəniyyətə malikdir. Bu mədəniyyətin bir qolu da kulturologiyadır. Bir sözlə, istedadlı alim deyir ki, dünyanın elə bir xalqı yoxdur ki, bizim millət qədər başqa xalqlara sevgisi olsun və onlara hörmət bəsləsin. Bu da ondan irəli gəlir ki. bizim xalq çox qonaqpərvər və bəşəri dəyərləri sevən və qoruyan millətdir. Ona görə də bu millət və xalq həmişə yaşayacaq, öz dövlətçiliyi, adət-ənənələri və elmi ilə yeni bir tarix yazacaq.

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.