adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Noyabr 2021 15:19
1730
LAYİHƏ

BİZ BÜTÜN CƏBHƏLƏRDƏ QALİB OLDUQ

Son vaxtlar ən çox müzakirə olunan, diqqət çəkən mövzulardan biri də İkinci Qarabağ Savaşıdı. Bizim üşün Böyük Vətən Müharibəsi olan bu savaşın gündəmdə qalmasının əsas və başlıca səbəbi təbii ki, məlum tərəfin, yəni Ermənistanın və onun havadarlarının hələ də "fil qulağında" yatmasıdı. Yəni özünü və xalqını aldatmaqda davam edən Ermənistan iqtidarı, eləcə də həmin iqtidarın düşməni olan Ermənistan müxalifəti və başda daşnaksütun partiyası olmaqla iddia edirlər ki, müharibəni uduzmayıblar. Sadəcə, hərbi uğursuzluqdu, onlar mütləq revanş edəcəklər. Yəni onlar yenidən toparlanıb Azərbaycan Ordusunu Birinci Qarabağ Savaşındakı mövqelərə geri otuzduracaqlar.

Təbii ki, bu, yumuşaq desək, gülünc və absurd bir yanaşmadı. Birincisi ona görə ki, Azərbaycan Ordusu Ali Baş Komandanımız cənab İlham Əliyevin komandanlığı altında öz əzəli torpaqlarımızı düşməndən azad edib. Yəni biz haqq savaşında öz haqqımızı geri almışıq, ədaləti bərpa etmişik. Üstəlik, biz həm də BMT-nin ermənilər tərəfindən zibil qutusuna atılmış məlum qətnamələrini icra etmişik. Digər tərəfdən Azərbaycan xalqı işğalçılıq yox, azadlıq müharibəsi edib. Bunun üçün tökülən qan xalqın iradəsinin ifadəsidir. Şəhidlərimizin də yeri ən uca mərtəbədədi.

O ki, qaldı ermənilərin bu təlxəkliyinə, yəni guya revanş edəcəklərinə... Təbii ki, bunun arxasında erməni iqtidarının özəl maraqları durur. Bu, havadarlardan və böyük dövlətlərdən, eləcə də beynəlxalq təşkilatlardan yardım qoparmaq vasitələrindən biridir. Həmişə yazıq, məzlum imici ilə qapılar döyən, Azərbaycan Prezidentinin də vurğuladığı kimi, "onun-bunun dabanını yalayan ermənilər" bu yolla pay toplamaq niyyətindədilər". Görünür, ümummilli xəstəlik olan bu dilənçilik ermənilərin canından çıxa bilmir və yaxud da ermənilər onu canlarından çıxarmaq istəmirlər.

Məsələnin gündəmdə qalmasının başqa bir səbəbi isə düşmənin yenə müxtəlif vasitələrlə olmayan ordusunu silahlandırmaq cəhdləridi. Mətbuatda yer alan informasiyalardan da göründüyü kimi, Rusiyadan, Fransadan, hətta Hindistandan belə yardım adı altında Ermənistana silah-sursat gətirilib.

Ali Baş Komandanımız cənab İlham Əliyev Şuşaya səfəri zamanı üzünü düşmənə tutaraq birmənalı şəkildə dedi ki, "Bu gün Ermənistanda kimlərsə baş qaldırır, müharibədən, döyüşdən danışır. Bizə hədə-qorxu gəlir, mesajlar verir. Amma onlar çox yanılırlar. Bu, onlara çox baha başa gələ bilər. Açıq deyirəm, mən burdayam, Şuşadayam. Gəlmək istəyirlər, gəlsinlər. Bu dəfə onların başına bu dəmir yumuruğu elə vuracağıq ki, bir daha özlərinə gələ bilməyəcəklər. Hətta dövlət kimi də məhv olacaqlar".

Həqiqətən 2020-ci ilin sentyabr ayının 27-də Ali Baş Komandanın əks-hücum Əmriylə başlanan İkinci Qarabağ Savaşına qədər Azərbaycan iqtidarı, başda Azərbaycan prezidenti olmaqla ATƏT-in Minsk qrupu çərçivəsində, eləcə də birbaşa böyük dövlətlərin rəhbərləri ilə təmasda problemin sülh yolu ilə çözümünə üstünlük verərək bəyan etmişdir ki, bu proses sonsuzluğa qədər davam edə bilməz. Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş halda uzun müddət saxlamaq mümkün deyil.

Ən azından ona görə ki, Azərbaycan xalqının səbri də hüdudsuz deyil. Məhz bu açıq bildirişlər, eləcə də problemin çözümü ilə bağlı masaya qoyulan məsələlər hər zaman Ermənistan və onun havadarları tərəfindən yalnız masa üzərində qalmaqla bitmişdi. ATƏT-in Minsk qrupunun həmsədrləri regiona daha çox turist kimi səfərlər etmiş və hər səfərdən sonra da standart bəyanatlarla da artıq öz yararsızlıqlarını gizlədə bilməmişdilər.

Bir az da konkret desək, Minsk qrupu oyuncaq bir qurum kimi daha çox ermənipərəst mövqeyi ilə xalqımızın ironiyasına tuş gəlmişdi. Əsl həqiqətdə bu qrup Azərbaycana ermənilərin istəklərini qəbul etdirməyə maraq göstərib təyziqlər edirdi. Onlar Azərbaycan Prezidentinin qətiyyətinə tuş gələndən sonra isə səfərlərini bir az seyrəltməyə başladılar. Elə sonuncu səfərində də Ali Baş Komandanımız vurğuladı ki, "Mən sizi buraya dəvət etməmişəm. Mənə dedilər ki, siz gəlmək istəyirsiniz, mən də dedim gəlsinlər görək indi nə danışacaqlar?". Bu, artıq o demək idi ki, Minsk qrupunun erası bitdi! Necə deyərlər, bu qrup bundan sonra nə qədər özünü ortaya çəksə də, artıq onun həll etməli olduğu problemi Azərbaycan Ordusu yüksək səviyyədə yerinə yetirib. Əgər problem - yəni Qarabağ problemi yoxdusa, deməli, Minsk qrupu da yoxdu!

İkinci Qarabağ Savaşında Azərbaycana təyziq üçün bəyanat verən bəzi ölkələr, xüsusilə Fransa özünün tutduğu mövqe ilə sübut etdi ki, onlar həm ermənilərin yanındadı, həm də problemin uzanmasını istəyirlər. Elə ölkə prezidenti beynəlxalq media təmsilçilərinə, beynəlxalq telekanallara, o cümlədən də fransalı jurnalistə verdiyi müsahibəsində açıq şəkildə bildirdi ki, məsələnin mahiyyəti, tarixi kökləri nədir və hardan qaynaqlanır. Hətta o, fransalı jurnalistə sual şəklində bildirdi ki, "Siz Marseli ermənilərə verərsiniz? Əgər onlar üçün bu qədər qayğı nümayiş etdirirsinizsə, köçürün aparın erməniləri Marselə. Qoyun orda kompakt şəkilində yaşasınlar". Məncə bu sərt və birmənalı mövqe Fransa siyasətinə, Fransanın ermənipərəst düşüncəli dövlət məmurlarına hədəflənmişdi. Elə bu müsahibənin yayımından sonra Fransanın Xarici İşlər Nazirliyi öncəkindən fərqli bir mövqe sərgilədi. Burda onu mütləq vurğulamaq yerinə düşər ki, həqiqət acı olsa da, üstəlik o həm də yerində ortaya qoyulsa, mütləq təsirini göstərir. Elə Fransanın bizə son vaxtlarda olan münasibətindəki ilıqlıqda 44 günlük müharibəmizin təsiri sözsüzdür.

İkinci Qarabağ Savaşında Azərbaycanın təkcə döyüş meydanında deyil, həm də siyasi meydanda, xüsusilə informasiya müstəvisində sərgilədiyi məntiq dünyaya çatdırılan həqiqətlər sübut etdi ki, Azərbaycan iqtidarı son 17 ildə bütün diqqətini məhz bu tarixi gün üçün səfərbər edibdi. Belə ki, həm ölkənin Ali Baş Komandanı, həm də Azərbaycanın prezidenti kimi cənab İlham Əliyevin şəxsən media qurumlarıyla müsahibələri, dialoqları, həmçinin prezident köməkçisi Hikmət Hacıyevin böyük işi Azərbaycanın siyasi və media müstəvisində böyük uğurlarının təminatçısı oldu. Bizim informasiya savaşında əldə etdiyimiz üstünlük həm dünyaya həqiqətlərimizin çatdırılmasına, həm də müharibədəki zəfərimizin təminatına böyük və uğurlu yol açdı. Necə deyərlər, biz bütün cəbhələrdə Qalib olduq!

 

Əbülfət MƏDƏTOĞLU

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.