adalet.az header logo
  • Bakı 12°C
13 Iyun 2022 10:21
2248
MÜSAHİBƏ

"Biz böyüklər də səhv qərarlar verə bilərik"- MÜSAHİBƏ

Həmsöhbətimiz Şabran şəhər 1 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Xəyalə Kəlbalıyevadır.

- İbtidai sinif təhsilin bünövrəsini təşkil edir.Bu bünövrəni qoymaqda ibtidai sinif müəllimlərinin üzərinə hansı məsuliyyət düşür?

- Deyərdim ki, təkcə təhsilin yox, şəxsiyyətin, xarakterin formalaşması da bir çox uşaq üçün məhz məktəbdən başlayır. 6 yaşından etibarən uşaq artıq cəmiyyət tərəfindən qəbul olunmuş qaydalara əməl etməyə çalışır. Biz bu mərhələdə uşaqlara ilkin oxu və yazı bacarıqları ilə yanaşı düzgün davranış və özünü ifadə qaydalarını da aşılamalıyıq. Özünə və cəmiyyətə faydalı bir şəxsiyyət formalaşdırmaq isə olduqca məsuliyyətlidir.

-İbtidai sinif müəllimi olmaq bir növ analıq məsuliyyəti kimidir...

- Mən bunu analıq məsuliyyəti ilə eyniləşdirməzdim. Biz sadəcə müəllim olaraq öz üzərimizə düşəni edirik.Uşağa qayğı, nəvaziş , davranışlarına nəzarət, hətta ehtiyac olduqda maddi və mənəvi dəstək göstərilməsi həm bir müəllim, həm də bir insan kimi bizim borcumuzdur. Əgər biz sevgi dolu, bir - birinin qeydinə qalan, dərdinə şərik olan bir cəmiyyət istəyiriksə , öncə özümüzdən başlamalıyıq. Bunun üçün ana olmağa və ya o məsuliyyəti üzərimizə götürməyə ehtiyac yoxdur.

-Region yerlərində bəzən qız uşaqlarının təhsildən yayınma halları olduğunu deyirlər. Düzdü, bu ibtidai siniflərdə o qədər də hiss olunmur. Amma yuxarı siniflərə yola salanda bir müəllim kimi bu baxımdan rolunuz necə olur?

-Təəssüf ki, bu həqiqətdir və mənim də sinfimdə, əhatəmdə belə hallar var. Bunun üçün əslində valideynləri maarifləndirməliyik. Ancaq insan düşünür ki, bu şəxsin az yaşı yoxdur, o artıq təhsilin nə qədər vacib olduğunu anlayacaq yaşdadır. Amma hələ də müəyyən məntiqsiz səbəblərdən övladını təhsildən yayındırmaq fikrindədirsə, demək ki, bundan sonra da nə qədər maarifləndirmə işi aparsaq yenə də bu təhlükəli fikir ilə qarşılaşa bilərik. Ona görə şagirdlərimlə söhbət aparır, bildirirəm ki, böyüklərin verdiyi hər qərar doğru olmaya bilər. Bəzən biz böyüklər də səhv qərarlar verə, seçimlərimizdə yanıla bilərik. Əgər söhbət sizin həyatınızdan gedirsə, zamanın tələbinə uyğun doğru qərarlar alınmasında israrlı olun. Heç kimə imkan verməyin ki, sizin haqqınızı, hüququnuzu əlinizdən alsın. Sizi təhsildən yayındırmağa çalışan valideynlərinizə belə qarşı çıxın, zamanı gəlincə onlar da sizi buna görə alqışlayacaq.

-Müəllim fəaliyyəti dövründə ən çətin anlarınız nələr olub?

-Ucqar kənddə işlədiyim zaman cəmi iki şagirdim vardı. İlk vaxtlarda o 2 uşaq belə dərsə gəlmirdi. Boş sinif otağında saatlarla oturmaq mənəvi iztirab idi mənim üçün. Bu yaxınlarda isə şagirdlərimdən biri məktəbdən çıxandan sonra evə getməmişdi. Anası çox narahat halda məktəbə gəlib bunu mənə bildirdi, birlikdə məktəbi axtardıq, rayonda uşaqların gedə biləcəyi məkanlara baxdıq, amma tapa bilmədik. O anda hansı vəziyyətdə olduğumu sözlərlə ifadə edə bilməyəcəm. Sonda uşağı ara məhlələrin birindən tapdıq. Başı oynamağa qarışıbmış. Həmin anda hiss etdim ki, artıq həyatdayam. Ayaqlarım yerə dəyir.

-Səhv etmirəmsə yaşayış yeriniz Şabran rayonu deyil. Ayrı bir mühitdə yaşamaq, yeni yuvanı qurmaq, paralel olaraq tədris. Bunları necə yoluna qoyursunuz?

- İşlədiyim rayonda kirayə ev tutmuşam. Həftəsonları isə evimə gedirəm. Çətinliyim əsasən ev tapmaqla bağlı olur. Hər il işə çıxana yaxın dərd məni götürür ki, hardan tapım, necə tapım... Təəssüf ki, Şabranda münasib qiymətə rahat kirayə ev tapmaq çox çətindir. Digər məsələlərdə isə çox rahatam. Xətrimə dəyən yox, dəyib-dolaşan yox. 18 ildi ailəmdən, 10 ildir ki, doğmalarımdan tam ayrı yaşayıram. Ona görə uzaqda olmaq bir o qədər də çətin deyil açıqcası.

-Bəziləri başqa ixtisaslara sahib olmaq istərkən təki harasa qəbul olsun deyə müəllimlik ixtisası olan fakültələrdə oxumalı olur. Beləcə istəksiz müəllimlər ordusu yaranır. Sizdə necədir?

-Uşaqlıq arzum " azərbaycan dili və ədəbiyyat müəllimi" , ya da jurnalist olmaq olub. Qismətdə isə " ibtidai sinif müəllimi" olmaq varmış. Etiraf edim ki, təhsil aldığım 3 il müddətində buna görə böyük təəssüf hissi içində idim, lakin 3-cü kursda təcrübəyə başlayan zaman azyaşlı uşaqlarla işləməyin nə qədər maraqlı və əyləncəli olduğunu görüb öz ixtisasımı sevməyə başladım. Əslində bu gün də içimdə bir ədəbiyyat sevgisi var, amma ibtidai sinif müəllimi olmaqdan da məmnunam.

-Adətən uşaqlardan tərs köşə suallar olur. Özüm bir müddət ucqar kəndlərin birində çalışanda ibtidai sinif müəllimini əvəz etməli oldum. Mövzu deyəsən inanclar və din idi. Uşaqlardan biri sual verdi ki, Məhəmməd peyğəmbər niyə özündən 15 yaş böyük qadınla evlənibki? Bir anlıq özümü itirdim ki, uşağa nə cavab verim.

- Bəli, olub. Sinfimdə yaşına görə yüksək intellektə sahib bir uşaq var. Belə tərs köşə suallar daha çox onun tərəfindən ünvanlanır. Ümumiyyətlə, uşaqları diqqətlə müşahidə edəndə onların qeyri-adi düşüncələrinin şahidi olur insan.

Din mövzusundan söhbət düşmüşkən , qeyd etdiyim şagird " Həyat bilgisi" fənnindən " Din" mövzusunu keçərkən belə bir sual verdi: " Əgər Allah deyilən kimi ədalətlidirsə, onda niyə hər kəsi eyni cür sınağa çəkmir?"

-Son zamanlar dərsliklərdəki şeirlərdən şikayətlənənlər olur. Şeirlərin tərbiyələndirici, sənətə və.s nə dərəcədə aid olub, olmadığı barədə müzakirələr oldu. Bir ibtidai sinif müəllimi kimi əgər təklif vermək şansınız olsaydı nələr əlavə edər və ya çıxdaş etmək istərdiniz?

- Bir müəllim kimi mən də kitablardan narazıyam. Uşaqları həddən artıq yükləyən məlumatlar verilir. Məsələn, 2- ci sinif şagirdinə fəza fiqurları keçirik. Uşaq bu mövzuyla bağlı əldə etdiyi informasiyanı harada istifadə edəcək bu yaşda?

Belə misalları çox gətirmək olar, amma çox uzatmasam yaxşıdır. Şeirlərə gəlincə, əksəriyyəti maraqsızdı və yaddaqalan deyil. Biz oxuduğumuz şeirləri indi də əzbərdən bilirik. İnanmıram ki, hansısa uşaq 10 il sonra oxuduqlarını xatırlasın. Bəzi hekayələr isə həddən artıq uzundur. Hissə-hissə verilir, uzatdıqca uzadırlar. Uşaqlar sıxılır, onlar üçün maraqsızlaşır hekayə. Və bəzən buna etirazlarını bildirib başqa bir mövzuya keçməyimizi xahiş edirlər. Belə şeylərə diqqət yetirilsə , yaxşı olar.

-Uşaqlarla adam uşaqlaşır. Keçmişinə özləm yaranır, gah da dəcəllik etmək istəyirsən.Bir dəfə şagirdlərimlə birgə dərsdən qaçmışdım.Sizdə heç belə uşaqlaşmaq, öz şagirdlərinizlə uşaqlığınızı yaşamaq istəyi olub?

-Elə hallar tez- tez olur. Sinifdə heç bir kompleksim yoxdur. Hazırlıq qruplarında oyunlarımız çox olur. Özüm də uşaqlarla birlikdə oynayıb , əylənirəm bəzən. Amma dəcəllikdən söhbət gedirsə, çalışıram az dəcəllik edim ki, pis nümunə götürməsinlər. Bir dəfə çox gözəl yağış yağırdı. Məktəbin həyətindəki boşluqlar su ilə dolmuşdu. Uşaq vaxtı harada bir gölməçə görsəm təpik vurmamış keçməzdim. Həmin anda o anlarım yadıma düşdü və müəllim olduğumu unudaraq başladım gölməçələri təpikləməyə. Ətrafdakı uşaqlar da mənə qoşuldu, gülüş səslərimiz bir - birinə qarışdı. Özümü çox xoşbəxt hiss edirdim.

- Əvvəllər qız müəllimələr regionlara getməzdi və ya qoymazdılar. İndisə tərsinədir. Xanım müəllimlər regionlara stajlarının ilk illərində daha çox buna meyl edir. Bəylərimiz uzaq bir regiona getməyə çətinlik çəkir, xanımlara nisbətdə əziyyətdən qorxur, ya?

-Əziyyətdən qorxduqlarını düşünmürəm. Bizim bəylər mərddir, hər çətinliyə qatlaşarlar. Yəqin ki, ailə qayğısı olanlar var. Bəlkə də , buna görə regionda işləmək onlar üçün sərfəli deyil. Xanımlar qazanclarını çox zaman özlərinə xərcləyirlər. Kirayə, yol və digər xərclərini aldıqladı maaşla qarşılaya bilirlər. Bəylərin xərci daha çox olduğu üçün kənar yerdə müəllim işləməkdənsə, fərqli bir sahədə , amma evlərinə yaxın bir yerdə işləməyə üstünlük verirlər. Təbii ki, bu mənim fikrimdi, daha düzgününü onlar özləri bilir.

Söhbətləşdi: Emin