01 Dekabr 2023 13:57
1168
ƏDƏBİYYAT

 BİR TANIŞLIĞIN TARİXÇƏSİ - Afiq Muxtaroğlu yazır

Onunla nə vaxt tanış olduğumu dəqiq xatırlamıram. Tanışlığımız qəbul imtahanları ərafəsindəmi olmuşdu, yoxsa qəbuldan sonramı? Burası yadımda qalmayıb. İlk yadımda qalan onun bir az cır, bir az da cingiltili səsi idi. Elə bil əvvəlcə sözləri boğazında qaynadıb, sonra dilinə gətirirdi. Sözlər yer altından və ya qayalar arasından üzə çıxmaq üçün özünə yol axtaran su misalı səsə çevrilirdi. Danışığındakı ütələklik, tələskənlik əlbəhəl hiss olunurdu. Onun kimi adamlar növbəti sözü, sonra ifadə edəcəkləri fikri unudacaqlarındanmı qorxurlar, yoxsa başqa bir səbəbimi var? Deyərsən ki, bu insaflıların, dallarınca beş-altı atlı düşüb qovur. Onlar da atdöşü olduqları üçün belə təngnəfəsdirlər. Bunun izahını verə bilməyəcəyimi də altını cızaraq söyləməyim gərək.

Aradan 30 ildən çox vaxt keçməsinə baxmayaraq, telefonuma tanış olmayan nömrədən gələn zəngə cavab vermək üçün açdığım anda onu ütələk, tələskən səsindən tanımışdım. Telefon nömrəmi şair-tərcüməçi Givi Paçxataşvilidən aldığını söyləmişdi. Yadımda düz qalıbsa, həmin telefon danışığımızda Givi ilə birlikdə idilər.

Bizim ilk tanışlığımızın, daha doğrusu mənim onu tanımağım belə baş verdi. Mən ona necə təsir etmişdim, o, məndə ilk nəyi fərq etmişdi, burası da müəmmalı.

Onun görməyən olduğunu da mən ilk görüşmüzdən anlamışdım. Onunla tanış olana qədər domino oynayan, adamı səsindən tanıyan, Azərbaycan-Gürcüstan sərhədində şlaqbaumu qaldırıb-salan Kor Lətifə və əmim qızının nişanında xanəndə kimi kimi iştirak edən, məclis başlayanacan nərd oynayan Kor İsmayıla, Bolusun Qoçulusunda sinədən şeirlər deyən, adını unutduğum çəlimsiz görməyən kişiyə rast gəlmişdim. Sonralar isə tanıdıqlarım çox oldu.

İlk tanışlıqdan biz onunla ayrılmaz cütlüyə çevrildik. Ona bu və digər dərəcədə yardım gərəkdiyini də elə o vaxtlar anlamışdım. Bu yardımın nədən ibarət olacağını, ona necə yardım edə biləcəyim isə hələ məlum deyildi, ən yaxşısı bunu zamanın öhdəsinə buraxmaq idi ki, mən də məhz belə etdim.

Yardım deyəndə ki, daş daşımaq ha deyildi. Bir az dərslərinə kömək etmək lazım gəlirdi. Özünün Brayl əlifbası ilə yazdığı mühazirələri özü oxuya bilirdi. Nə gizlədim, o vaxta qədər mənim belə bir əlifbanın varlığından xəbərim yox idi. Həmin əlifba ilə çap olunmuş kitablardan, xəritələrdən də kimsənin köməyi olmadan yararlanırdı. Qalırdı yaza bilmədiyi mühazırələri, tapa bilmədiyi dərs vəsaitlərindən müəyyən parçaları oxumaq. Bunları çox vaxt mən edirdim. Bir dəfə oxumaq bəs edirdi. Yaddaşı yaxşı olduğundan yanında bir dəfə oxuduğun beyninə

həkk olunurdu.

Çox vaxt dərsdən çıxarkən onu avtobus dayanacağına aparmaq lazım gəlirdi. Bir aralar onu, bizdən bir neçə kurs yuxarı oxuyan görməyən böyük qardaşını da bacısı aparıb, gətirirdi. Biçarə bacı, deyəsən, ömrünü onlara həsr etmişdi. Bildiyim qədəri ilə, onlara həm qardaş, həm də övlad kimi baxan bacılarının ailəsi yox idi. Bacıları rayona qayıdanda, o, korlar cəmiyyətinin "Nərimanov" metrosu tərəflərdəki yataqxanasında qalırdı. Yataqxanaya getmək üçün onu dayanacağa qədər ötürmək, 106-ya minməsinə yardım etmək gərək olurdu. O, universitetin yataqxanasında da, tələbə şəhərciyindəki sanatoriyada da yaşadı bir ara. Onun bu yerlərə gedib çıxa bilməsinə kömək lazım gəlirdi. Tanrı şahiddir ki, əksər vaxtlarda bunu mən edirdim. Dərsə gələrkən, həmin yataqxanalarda ona kimlərinsə kömək etməsi şəksiz idi.

Bəzən görməməzliyindən istifadə etmək istəyirdi. Bunu ona deyəndə, səhvini boynuna alırdı. Leninin cəfəng külliyyatını əzbər bilsə də, mənim nəzərimdə adamlıqdan payı olmayan bir müəllimimizin bunu ona irad tutması isə, məni lap cin atına mindirmişdi. Və mən ona kəskin şəkildə demişdim: onsuz da hamı sənin fiziki vəziyyətini bilir, sənə yardım edir. Sən niyə bu cür hərəkət edirsən? Mənim də dəliqanlı, ipə-sapa yatmaz, üsyankar vaxtlarım idi, bunu ona bildirməsəm duramı bilərdim. Bilmirəm xətrinə dəydimi, amma bundan sonra daha belə bir hərəkət etdiyini xatırlamıram.

Bir az inadkarlığı var idi. Bir az da yox, ifrat dərəcədə. Bir qarlı qış günü onun inadkarlığı bizi yeməkxanaya da aparıb çıxarmışdı. Mənim yeyib-içməyi sonraya saxlamaq təklifimi yaxın qoymamışdı. Elə həmin vaxt yarıciddi, yarızarafat demişdi: "Kor tutduğunu buraxmaz". Və bundan sonra kababçıya gedib, yeyib-içmişdik.

Bəzən onun təqaüdünü mən almalı olurdum. Bizə verilən tələbə təqaüdü həmişə təzə, çapdan yeni çıxmış əskinaslardan ibarət olurdu, həmin pulların ilk istifadəçisi olmaq şansı bizə nəsib olurdu. Adətən bir, üç, beş manatlıqlardan olan təqadünü ona verərkən bir neçə dəfə zarafat etdiyim də xatirimdədir. Misal üçün, üçlüklərin bir neçəsini dəyişb yerinə birlik qoysam da, həmin dəqiqə bu dəyişiklyi bilir, pulunu saydıqdan sonra nə qədər əskik olduğunu deyib, əskiyi düzəltməyimi xahiş edir, pulunu aldıqdan sonra əlavə edirdi: "Sən gör kimi aldatmaq istəyirsən?".

Mənim özümə təzə geyim aldığımı barmağının ilk toxunuşu ilə bilir, sağlıqla geyin deməyi də unutmurdu. Təzə paltarımın keyfiyyətli olub-olmaması barədə fikir yürütməyi də varıydı. Geyimimin neçəyə alınmasını öyrənməyi də yadından çıxarmırdı.

Nadir hallarda işimin çoxluğundanmı, nədənmi ona yardım edə bilmirdim. Bəlkə də yardım etmək istəmirdim. Kefimmi olmurdu, xəstəmi olurdum, ya başqa bir gedəcək yerimmi çıxırdı və ya gənclik dikbaşlığındanmı, hər nə idisə ona kömək əli uzada bilmirdim. Aradan qırx ilə yaxın vaxt keçsə də, onun köməyə çağıran səsinə, daha doğrusu harayına hay verməməyimi özümün bağışlanmaz günahlarımdan sayıram. Hərdən mənə elə gəlir ki, onun çağırışlarını yenə də eşidirəm. Orasını da bilirəm ki, dünya yaxşılardan xali deyil, o zamanlarsa yaxşılar daha çox idi. Orası da var ki, yaxşılar olmasaydı, bu dünyanın mövcudluğu da mümkünsüz olardı. Onsuz da onun pillələri enməsinə, yolu keçməsinə, dayanacağa getməsinə, mənzil başına çatmasına kömək edənlər tapılacaqdı, həm də hər addımbaşı.

P. S. Yazı tələbə yoldaşım rəhmətlik Rasim Məmmədova hörmətlə qələmə alınıb.

13 noyabr 2023-cü il