BİR İŞIQ ADAM DA KÖÇDÜ DÜNYADAN - Sona Çərkəz yazır

Yer üzünün əşrəfi olan İNSAN yarandığı andan Səs və Söz də yaranıb. Deməli Səs və Söz insanla yaşıddı. Bu da o deməkdi ki İnsan bir varlıq olaraq özünü səs də və sözdə tapmaqla bərabər , həm də ifadə edibdi...Eyni zamanda bunlar İnsanın özünümüdafiəsi üçün silah da sayılıb. Yəni , Səs və Söz qılıncdan kəsərli, güllədən ağrılı olub.Elə ona görə də bu silah naşı dildə paslı, küt xəncər, ustad, duyğulu, məntiqli, yanımlı, təssübkeş , xüsusən kamil şəxsiyyət dilində isə bülövlənmiş, daşı da bir neçə yerə parçalayan xəncər olur...Toplum halında yanaşanda isə, İnsanlıq üçün söz həm böyük qüvvət, həm də mənəvi dayaq kimi də qəbul edilir.
Çox təəssüf ki, həyatda elə hadisələr, günlər və anlar olur ki, söz də həmin yerdə acizləşir... və sən nə deyəcəyini, necə deyəcəyini bilmirsən... Şəxsən mən, az-çox söz adamı kimi, çox yaxşı tanıdığım adam haqqında söz deməkdə həmişə çətinlik çəkirəm, çünki çox fikir söyləmək və düşüncələrimin hamısını ifadə etmək istəyim alınmır... Nəticədə isə yenə ürək dolu düşüncələr pələsəngi və pəjmürdə - ağrılı qalır...İllahda ki, haqqında söz açmaq istədiyim insan qəflətən-vaxtsız bu dünyadan köçüb gedirsə... Bax onda o acının, o həsrətin və o nisgillərin fonunda söz də acizləşir...heç nə edə bilmir!
Bu günlər mən məhz həmin durumdayam...Ürəyim ağrı ilə vuruşur, qələmim həmin ağrını bütünlüklə ifadə edə bilmir... Ona görə ki, mənə çox əziz olan Aydın müəllimin yoxluğu ilə barışa bilmirəm...Özüm özümlə danışırmış kimi ona üz tuturam:
- Əzizim Aydın müəllim! Yoxluğunuzu qəbul etmədən xatirə yazıram, çox çətindir bu məqamda sizdən yazmaq ... Keçmiş zamandan ayrılmaq, oradan sizə üz tutmaq, sizsiz sizdən danışmaq inanın ki, çətindir, qardaşım!
Yaranışdan üzü bəri məlumdur ki, dünyaya gələnin bir gün bu dünyadan getməsi var, lakin bunu bilə-bilə heç bir Allah bəndəsi bu həqiqəti qəbul edə bilmir. O da ola, bu həyatın çətinliklərindən, ömür yolunun sınaqlarından üzüağ və alnıaçıq çıxmağı bacaran, nəcib insani keyfiyyətlərə yiyələnərək, ətrafındakıların, el-obanın, qohum-əqrəbanın – doğmaların ürəyində özünə əbədi yurd-yuva quran işıqlı insan – Aydın Mirzəməmmədov...
Azərbaycan Kooperasiya Universitetinin Tədris şöbəsinin rəhbəri, iqtisad elmləri namizədi, dosent Aydın Mirzəməmmədov... Aydın müəllim, Sizi tanıyan vaxtdan, yəni nəvəm Çərkəzin o universitetə qəbul olduğu vaxtdan – 2014-cü ildən bu günə qədər elə bilirəm ki, 3 qardaşım yox, 4 qardaşım olub. Həqiqətən bu belədir, mən çox şanslı insan idim ki, bu hisslər qəlbimdə kök salıb, yuva qurdu.
Ailəniz indi doğmalarımdır... Ailə başçısı kimi, ömür-gün yoldaşı kimi, ata kimi, övlad kimi, baba kimi necə möhtəşəm idinizsə, dost kimi də eləydiniz... Sizi tanıyan andan bütövlüyünüz, böyük şəxsiyyət olaraq müəllimliyiniz, dərin biliyə, düşüncəyə, ədəb-ərkana sahib olmanız məni valeh etdi. Sizinlə ünsiyyətdə olmaq,mehriban çöhrənizə yaraşıq verən təbəssümünüzə, istiqanlılığınıza, diqqətliliyinizə, mədəniyyətinizə, söhbətlərinizə, ən əsası da iş yoldaşlarınıza olan yüksək insani münasibətinizə heyran olmamaq mümkün deyildi... Sizi tanıyanlar, elm adamları, BDU-dan olan dostlarınız, həmkarlarınız hər biri sizin böyük ürəyinizdən elə hey söz salır, xatırlayır və insanlığın ən yüksək zirvəsini fəth etmənizdən qürur duyurlar.Unudulmayan, yaddaşlarda ucalığı və paklığıyla əbədi məskən salan əvəzsiz insan... Məhəmməd Peyğəmbər deyir ki, “Pisliyə öyrənmiş şəxs insanların pisidir, yaxşılığa öyrənmiş insan və alim şəxs isə insanların ən yaxşısıdır”.
Əziz qardaşım, səmimiliyiniz və etibarınız, ziyalılığınız və təəssübkeşliyiniz barədə nə qədər yazsam və danışsaq, azdır, bitməyən və tükənməyən alicənablığınızla insanlığa şərəfsiniz, xeyirxahlığınız bu dünyadan çox böyük idi... Elm, təhsil sahəsində də, cəmiyyətdə də Sizin kimi insanlar tapıntı sayılır... İnsanlığa ucalıq gətirən, qarşısındakına hörmətlə yanaşan, anlayan, duyarlı, mərhəmətli və əxlaqlı olan sizin kimi insanların üzünə durub dayanır bu dünya, əziz insan. Nə qədər bu həyatda təmiz və gözəl sözlər varsa, Aydın müəllim, Sizə ünvanlana bilər...
Fikirlərim çox qarışır, zaman gah keçmişə aparır məni, gah da bu yazını yazdığım bu günə, bu saata, gah da yoxluğunuza inamımdan düşüncələrim önündə acizliyimə qaytarır. O uzaq olmayan keçmişdə ki, ilk görüşdüyümüz gün nəvəm Çərkəz də yanında idi... Yarım saatlıq söhbət ərzində, qəlbinizin nə qədər təmiz, geniş, ürəyinizin nə qədər böyük olduğunu dərk edə bildim... Və onda düşünmüşdüm ki, adlar onu daşıyan insanın üzünə izini sala bilirmiş...
İşıqlı insan! O gün sizin üzünüzü daxilinizi aydın göstərən güzgüyə bənzətmişdim... Sizinlə söhbət edən hər bir kəs o aydınlıqda özünün də hərəkətlərinə və sözlərinə əl gəzdirməli olmasını dərk edə bilərdi deyə düşündüm. Hətta yaşca Sizdən çox böyük olsam da sözünüzü kəsməyə cürət etmək iqtidarında deyildim. Allah Sizi mükəmməl və möhtəşəm xarakterlə, biliklə, ağılla, əxlaqla ərməğan etmişdi bu həyata – sizi sevənlərə...
Siz, həm də çox ciddi insan idiniz, yorulmadan çalışmaq, ətrafınızda olanlara yararlı olmaq, kömək etmək ən ümdə məqsədiniz idi...
Bu fədakarlıq Aydın müəllimin qanına, canına hopmuş xüsusiyyətlərdən biri və ən nəhayətsizi idi. Onu tanıyanlar, onunla bir ali məktəbdə işləyənlər əminəm ki, mənim bu fikirlərimlə razılaşarlar ki, Aydın müəllim yüksək mədəniyyətli və çox mərd insan idi. Bütövlükdə şəxsiyyət idi – bir sözlə, mötəbər Allah adam idi... Bəlkə o üzdən Allah onu tələsib, yanına apardı...
Mən onunla 4 il ara-sıra telefonda, bir neçə dəfə də iş yerində görüşüb söhbət eləyə bilmişdim... Nə xoş ki, övladının toyunda da məni unutmamışdı... O günlər heç kəsin ağlına gəlməzdi ki, belə tez ayrılar Aydın müəllim öz sevdiyi - əzizlədiyi balalarından, nəvəsindən və onun yoxluğundan çox sarsılan, sağlığında ikən çox dəyər verib sevdiyi ömür-gün yoldaşı Afaqından –cəfakeş xanımından... Bu yazını qələmə alanda xatırladım ki, Aydın müəllim Türkiyədə müalicə alarkən ona zəng elədim, çox rahat və təmkinli səslə cavab verib, dedi: - “Sona xanım narahat olmayın, yaxşıyam, Afaq hər an yanımdadır, Nərmin də, mənim qoruyucu mələyim də buradadır. Onu da deyim ki, mən Davudu bu xəstəlikdən əvvəl uşaq bilirdim, sən demə o əməlli-başlı böyük kişidir”.
Qızı Simanı, ailəsini, nəvəsini hələ onları görmədən mənə tanıtmışdı Aydın müəllim.
Nə yazıq ki, bu yazımda da adəti üzrə, gah keçmişə, gah bu günə dönərək pərakəndəliyə yol verdim yenə... Yoxluğuna inanmadan bir insanın yoxluğundan yazmaq çətindir...
Ürəklərimizə köçən Aydın qardaşım çox güvənli insan idi, daha dəqiq desəm, güvənc yeri sayılan insan idi...
Göylərdən bizi görən insan – qardaşım ruhun şad olsun!
Bakı Dövlət Universitetinin
müəllimi Sona Çərkəz
Digər Xəbərlər

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır

Əlabbasın ‘Köhnə Kişi’ Povestinin Bəzi Linqvistik və Üslub Özəllikləri - Nazim Muradov yazır

ELXAN CALALOĞLUNUN ŞEİRLƏRİ
