Bir dəqiqəlik sükut

CƏLİL CAVANŞİR
37073 | 2013-09-18 00:48
Dünyasını dəyişmiş bir insanın xatirəsi və ya hansısa faciəvi hadisə yad ediləndə "bir dəqiqəlik sükut" elan eldilir. Hər kəs ayağa qalxır, əgər küçədə gediriksə dayanırıq, lal-dinməz, sükutla anılan insanın xatirəsini yad edirik. Adətən bir dəqiqəlik sükut, bizim xatırladıqlarımızla bağlı kədərimizi, üzüntümüzü ifadə edir.
Dəfələrlə müşahidə eləmişəm, bir dəqiqəlik sükut elan olunan zaman sükut duruşunda dayananların sifətinə istər-istəməz kədər ifadəsi çökür. Bəzən bu sükut anında doluxsunanlar, içini çəkənlər olur. Sükut, insanı düşünməyə məcbur edir. Məsələn, xatırladığınız bir insan haqqında ən azından bir dəqiqə düşünmək imkanı yaranır.Yəqin ki, ömrümüz boyu dəfələrlə bir dəqiqəlik sükut elan olunanda kədərlə ayaq üstə susmuşuq. Bəs bir dəqiqə sükut harda və necə yaranıb? Yəqin ki, çoxlarımız bu aktın mahiyyətini və mənasını bilmir.
İslam dinindən az-çox xəbərdar olduğum üçün qətiyyətlə deyə bilərəm ki, İslamda belə bir ayin yoxdur. İslama görə, dünyasını dəyişən şəxsləri xatırlayarkən ruhuna "Qurani-Kərim" oxumaq, onun qəbir və cəhənnəm əzabından qorunması üçün dua etmək yetərlidir. Bildiyim qədər islamdan əvvəl göndərilmiş səmavi dinlərdən olan xristianlıqda da belə bir prosedur yoxdur.
Beş dəqiqədən, bir dəqiqəyə yoxsa mason ayini?
Bu akt daha çox keçmiş postsovet ölkələrində məhşurdur. Ancaq ilk dəfə bir dəqiqəlik sükutla yad edilmə prosesi Birinci Dünya Müharibəsində həlak olanların xatirəsini yad etmək məqsədilə həyata keçirilib. 1918-ci ilin noyabrında həlak olanlar, 1919-cu ilin həmin ayında, yəni həlak olmalarından bir il sonra xatırlanarkən bu üsulla yad edilib. İdeyanın müəllifləri, həlak olanları yad etmək üçün əvvəlcə "5 dəqiqəlik sükut" təklifini irəli sürülüb. Əvvəlcə aksiyaya qoşulanlar bu təklifi qəbul etsə də, sonradan "5 dəqiqəlik sükut" təklifi təşkilatçılar arasında narazılığa səbəb olub. Etiraz edənlər arasından bir nəfər daha ağıllı təkliflə çıxış edir; "The Times" qazetinin əməkdaşı, avstraliyalı jurnalist E. Corc Han 5 dəqiqəlik zaman kəsiminin kifayət qədər böyük vaxt olduğunu və sükutun bir dəqiqəyə qədər azaldılmasını ideyasını irəli sürür. Ancaq digər təşkilatçılar da, bir dəqiqənin az olması fikrini irəli sürür. Nəhayət ki, təşkilatçılar 2 dəqiqəlik sükut aktı həyata keçirməyə raqzılaşır. Eyni zamanda Birinci Dünya Müharibəsində həlak olanların anım tədbirində qırmızı rəng də, həlak olanlarının axıdılan qanına görə hüzn rəngi elan olunur.
Bu anım tədbirindən sonra hər il, Böyük Britvaniya, Kanada və Cənubi Afrikada 11-ci ayın 11-ci günü saat 11-də Birinci Dünya Müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Bir sıra ölkələrdə dualar oxunduqdan sonra, sükut elan edilir. Bəzən sükut zamanı həmin ölkələrin himni də səslənir. Yuxarıda qeyd etdiklərim bir dəqiqəlik sükut haqqında tarixi faktlardır. Amma bəziləri, daha çox fanatik islamçılar bir dəqiqəlik sükutu yəhudi-mason ayini hesab edir.

Cəlil Cavanşir

TƏQVİM / ARXİV