BƏXTİYAR NEFTÇİNİN 100 İLLİYİ
Qədim Şəki ölkəmizin tarixinə bir çox şəxsiyyətlər bəxş etmişdir. Onları saymaqla qurtarmaq çətindir. Dediyim fikri təsdiq etmək üçün bir neçə şəxsiyyətin adını çəkmək istəyirəm. Azərbaycan dramaturgiyasının təməlini qoyan dahi mütəfəkkir Mirzə Fətəli Axundzadə, dilçilik tarixinin karifeylərindən akademik Əzəl Dəmirçizadə, şərqin ilk bəstəkar qadını Şəfiqə Axundova, yazıçı-dramaturq Sabit Rəhman, akademik Yaşar Qarayev, dahi şair Bəxtiyar Vahabzadə və başqaları. Azərbaycan neft sənayesi sahəsində də görkəmli şəxsiyyət Bəxtiyar Məmmədov öz adını tarixə yazdırmışdır.
Şəkidə tarixən dəniz və göl olmadığına görə həmişə deyirlər ki, şəkililər üzgüçülük bacarmır. Amma şəkili neftçi Bəxtiyar Məmmədov Xəzərdə üzə-üzə neft daşları kimi nəhəng bir şəhər yaradıb. Bu neft sənayesində dünyada bir ilk idi və sonralar Bəxtiyar Məmmədovun təcrübəsi bir çox xarici ölkələrdə də reallaşmışdır. Bugünkü mövzumuzun qəhrəmanı da gözəl insan, mətin iradəli şəxsiyyət, sevdiyi neftçi peşəsinin fanatı Bəxtiyar Məmmədovdur. Bəxtiyar Məmmədovun anadan olmasının 100 illiyinə həsr edilmiş toplantı Şəkidə fəaliyyət göstərən Çingiz Mustafayev adına klubda baş tutan bu toplantının aparıcısı Şəki şəhər Nakam adına Mərkəzi Kitabxananın şöbə müdiri, bədii qiraət ustası Dilbər xanım Yaqubova toplantı iştirakçılarını salamladı və Bəxtiyar Məmmədovun həyatı, qəhrəmanlıq təcəssümü olan neftçi fəaliyyəti haqqında danışarkən dedi:
Neft daşları – ürəyimin parası,
Qara qızıl səltənətim, sərvətim,
Qara daşlar – gözlərimin qarası,
Neft daşları – şeiriyyətim, söhbətim,
Dalğalarda ağ qanadlı kəhərim,
Zülmətlərə nur paylayan şəhərim,
Neft daşları – qəhrəmanlar diyarım,
Neft daşları – məhəbbətim, şöhrətim.
Məftun edən həm doğmanı, həm yadı,
Mavi gözlü Xəzərimin övladı.
Neft daşları – xəyalımın qanadı,
Neft daşları - əzəmətim, qüdrətim.
Ümman üstə poladlaşan izlərim,
Hüsnündən doymadı mənim gözlərim.
Neft daşları - nağıllaşan sözlərim,
Neft daşları – dizlərimdə taqətim.
Neft daşları – ürəyimin aparas,
Möhtəşəmlik abidəmsən, zəhmətim,
Qara daşlar gözlərimin qarası.
-Bəxtiyar Məmmdrza oğlu Məmmədov 1925-ci il 18 oktyabr tarixində Şəkidə anadan olub. O, 10 nömrəli məktəbdə orta təhsilini başa vurduqdan sonra 1943-cü ildə o dövrün ən nüfuzlu ali məktəblərindən biri olan Azərbaycan Sənaye İnstitutuna daxil olmuş və 1949-cu ildə həmin institutu bitirərək Dağ-mədən mühəndisliyi ixtisasına yiyələnmişdir. Bəxtiyar Məmmədov Neft-qazçıxarma sənayesində əmək fəaliyyətinə institutun sonuncu kursunda olarkən başlamışdır. Belə ki. o, 1948-ci ildə “Orconikidzeneft” Neft Mədən İdarəsinin neft hasilatı üzrə usta köməkçisi, usta, sonra mədən rəisinin köməkçisi və böyük mühəndis işləmişdir. 1951-1952-ci illərdə “Qobustanneft” trestinin baş mühəndisi, Umbakı mədəninin rəisi, 1952-1955-ci illərdə “Gürganneft” Neft Mədən İdarəsində birinci və ikinci mədənlərin müdiri, 1955-1962-ci illərdə Neft daşları neft-qaz çıxarma idarəsində rəis, 1962-1963-cü illərdə “Azneft” Birliyinin rəis müavini, baş mühəndis, 1963-1965-ci illərdə “Dənizneft” Baş İdarəsinin rəisi, 1965-1970-ci illərdə Azərbaycan SSRİ-nin Neft Sənayesi Naziri olmuşdur.
Bundan sonra Bəxtiyar Məmmədov 1970-1972-ci illərdə “Xəzərdənizneft” İstehsalat Birliyinin rəisi, 1972-1974-cü illərdə “26 Bakı Komissarı” adına Neft-Qazçıxarma İdarəsinin rəisi işləmişdir. 1974-1976-cı illərdə xaricə ezamiyyətə göndərilmiş, Nigeriyada dənizdən neft çıxarma layihə rəhbərinin baş məsləhətçisi olmuşdur. Yəni orada bütün işlər Bəxtiyar Məmmədovun təcrübəsi əsasında təşkil edilmiş və dənizdən neft çıxarılmışdır. 1976-1982-ci illərdə “Dənizneftqazlayihə” Dövlət Elmi Tədqiqat Layihəsi İnstitutunun elmi işlər üzrə direktor müavini, 1982-1986-cı illərdə SSRİ-nin 50 illiyi adına Neft-Qazçıxarma İdarəsinin rəisi, 1986-1989-cu illərdə “Dənizneftqazlayihə” İnstitutunda şöbə rəisi işləmişdir.
30 yaşında olarkən Bəxtiyar Məmmədov dənizdə yeni yataqlar aşkar edilən bir zamanda, yəni 1955-ci ildə “Gürganneft” – indiki Neft daşlarında neft mədənləri idarəsinə rəis təyin edilmişdir. Bəxtiyar Məmmədovun rəhbərlik etdiyi dövrdə Neft daşları da gündən-günə şöhrətlənirdi. Onun bilavasitə rəhbərliyi və iştirakı ilə yüzlərlə neft quyuları qazılıb mənimsənilmiş, 10 kilometrlərlə estakadalar salınmış və həmin estakadalar üzərində yüzlərlə meydançalar, iki yaşayış qəsəbəsi, gəmiyanalma körpüləri, şirin su təchizatı ilə əlaqədar müasir qurğular, 300 yerlik mədəniyyət sarayı, yeməkxanalar, dəniz suyunu mexaniki qarışıqlardan təmizləyən sutəmizləyici qurğular, yanğınsöndürmə nasos stansiyaları, elektrik enerjisi paylayan yarımstansiyalar, 100 kilometrlərlə aşağı və yüksək gərginlikli kabel xətləri, aşağı və yüksək təzyiqli qaz, su, neft xətləri yaradılmış və istifadəyə verilmişdir.
Həmin illərdə Bəxtiyar Məmmədovun təşəbbüsü ilə Neft daşlarında işləyən gənc fəhlələr estakadalar üzərində tikilmiş texnikumda təhsil alırdılar. Eyni zamanda Neft daşlarında bir çox mədəni məişət obyektləri, kitabxanalar, mağazalar və sair tikilib istifadəyə verilmişdir. O zaman çoxlarına möcüzə kimi görünən Neft daşlarının mərkəzində 6000 m2 sahəsi olan süni ada yaradılmış, gücü sonralar 30 000 kilovat saata çatdırılan buxar turbinli elektrik stansiyasının birinci mərhələsi işə salınmışdır.
Bəxtiyar Məmmədovun rəhbərlik etdiyi dövrdə Neft daşlarında həlli çətin olan məsələlərdən biri də həmin əraziyə vertolyot enişi meydançası idi. Eyni zamanda “Volqoqrad” sərnişin gəmisi ilə neftçilərin dənizə və sahilə daşınmasında gəmiyanalma meydançasının tikilməsi də öz həllini tapmışdır. Bəxtiyar Məmmədov rəis təyin edildikdən sonra bütün bunların öhdəsindən məharətlə gəlmiş və bir çox məsələlərdə neftçilərin həyatının təhlükəsizliyinin təminatçısına çevrilmişdir. 1955-ci ildə Bəxtiyar Məmmədov Neft daşları idarəsinə rəis təyin edilərkən neft hasilatı 2 milyon 404 min ton laylara vurulan suyun həcmi 3 milyon 736 min ton, elektrik enerjisi istehsalı 5,9 min kilovat saat olduğu halda, o, öz rəhbərliyi illərində bu göstəriciləri 3-4 dəfə artırmışdır. Dünyada neftli laylara süni təsir metodlarının ilk təşəbbüsçüsü olan Bəxtiyar Məmmədov Neft daşları yataqlarında hasilatları dəfələrlə artırmağa nail olmuşdur.
Ümumiyyətlə, Xəzər dənizində neft və qaz ehtiyatlarının kompleks mənimsənilməsində Bəxtiyar Məmmədovun gördüyü işlər əvəzedilməzdir. Qısa bir vaxtda açıq dənizdə Neft daşlarının nəhəng neft mərkəzinə çevrilməsində Bəxtiyar Məmmədovun misilsiz xidmətləri vardır. Onun bir rəhbər kimi mədəni səviyyəsi də çox yüksək olmuş və kollektiv onu təkcə yaradıcı, təşəbbüskar, mehriban rəhbər kimi deyil, qayğıkeş insan kimi də sevmiş və hörmət etmişlər. Bəxtiyar Məmmədov “Azneft” Birliyinin rəisi, “Başdənizneft” İdarəsinin rəisi, Azərbaycan SSRİ-nin Neft Sənaye Naziri işləyəndə də öz mənəvi keyfiyyətləri ilə çoxlarına nümunə olmuşdur. O, sanki hər addımbaşı onu əhatə edən xoşbəxtliyi ətrafındakılara paylamaqdan zövq alırdı. Bəxtiyar Məmmədov neftçilərin qəlbində daim yaşamış və yaşamaqdadır.
Bəxtiyar Məmmədov eyni zamanda neft və qaz yataqlarının istismarı sahəsində tanınmış alim idi. O, ixtiralarına görə 9 müəlliflik şəhadətnaməsi almışdır. Məsul vəzifələrdə olarkən dəfələrlə Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin tərkibinə daxil edilmiş, o istedadlı mühəndis və təşkilatçı kimi qeyri-adi bacarığına görə respublikanın dənizdə neft hasilatının inkişafı və təşəkkül tapmasında misilsiz xidmətlərinə görə“Sosialist əməyi qəhrəmanı”, Azərbaycanın Dövlət mükafatı laureatı adlarına layiq görülmüşdür. O, eyni zamanda “Azərbaycan neft ustası”, “Azərbaycanın əməkdar mühəndisi”, “SSRİ-nin fəxri neftçisi” adlarına layiq görülmüşdür. Bəxtiyar Məmmədov ən yüksək olan “Lenin” ordeni, “Oktyabr inqilabı”, “Qırmızı əmək bayrağı” ordeni və başqa medallarla təltif edilmişdir. Bəxtiyar Məmmədov 4 çağırış Azərbaycan SRİ-nin və 1 çağırış SSRİ-nin Ali Sovetinin deputatı olmuşdur. O, 60-dan çox elmi məqalənin, onlarla ixtiraya və səmərələşditici təklifə görə patent almışdır. Onun bu sahədə yazdığı elmi məqalələr bu gün də neftmilərin stolüstü kitabıdı.
Toplantı iştirakçılarına Bəxtiyar Məmmədovun həyat və fəaliyyətinə həsr edilmiş sənədli qısametrajlı film də təqdim edildi. Sonra Şəki ağsaqqallarından Lütvəli Əliyev, Fərahim Qarayev, Töhrab Hüseynov, İbrahim Məmmədov, “Əməkdar jurnalist”, “ Şəki” qəzetinin baş redaktoru Akif salam və başqaları çıxış edərək onun Şəki ilə əlaqələrindən və bir çox şəxsiyyətlərlə dostluq münasibətlərindən danışdılar.
Bəxtiyar Məmmədovun ailəsi adından oğlu Yaşar Məmmədov, qızları İntizar və Yeganə videogörüntü vasitəsilə və yaxın qohumu Seyran Məmmədov. Həkim Gülnarə xanım toplantı iştirakçılarıan və tədbirin təşkilatçılarına öz təşəkkürlərini. Minnətdarlıqlarını bildirdilər. Tədbirdə neftçilərə həsr edilmiş mahnılar və şeirlər səsləndirildi.
Çingiz Nağıyev,
“Qızıl qələm” mükafatı laureatı
Şəki


Bakı -°C

