28 Iyul 2025 11:37
185
KRİMİNAL

Prokurorluq məsciddə öldürülən şəxslə bağlı məlumat yaydı - VİDEO + YENİLƏNİB

İyulun 26-da saat 05 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən “İmamzadə” məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan Adalet.az-a bildirilib ki, ilkin araşdırmalarla 1996-ci il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

 

****

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Adalet.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən İmam Məhəmməd Sadiq İmamzadə məscidində, iyulun 26-da, saat 16 radələrində baş verib.

Ərazidə yaşayan sakinlər bildiriblər ki, qətlə yetirilən şəxs qəsəbədə nüfuzlu insan olub.

1990-cı il təvəllüdlü Nadir Səfər oğlu Səfərov həmin gün namazını qıldıqdan sonra elə məsciddə dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda yatıb. O, yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib. Ona 30-a yaxın bıçaq zərbəsi vurulub.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elvin Elşad oğlu Məmmədovu saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən şəxsin Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.