adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Iyul 2020 17:40
22997
SİYASƏT

Bakı və Ankara İrəvanı təşvişə saldı: Düşmən qapılarda qalıb

İşğalçı Ermənistanın hakimiyyəti Türkiyə və Azərbaycanın birgə hərbi təlimlərindən necə həyəcanlanıbsa, iki gündür davamlı şəkildə görüşlər keçirir, ora-bura vurnuxur.

Adalet.az Musavat.com-a istinadən xəbər verir ki, Müdafiə naziri David Tonoyan Fransanın İrəvandakı səlahiyyətli səfiri Conatan Lakotla görüşüb.

Görüş zamanı iki ölkə arasındakı əlaqələrlə yanaşı, regional təhlükəsizlik, o cümlədən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri müzakirə mövzusu olub. İşğalçı ölkənin Müdafiə naziri Qarabağdakı vəziyyət, o cümlədən Azərbaycanla sərhəddə baş verənlər barədə fransız səfiri məlumatlandırıb və təbii ki, şikayətlənib. Qonşu ölkənin ərazilərini işğalda saxlayan ordunun başında duran nazir həyasızcasına ATƏT-in Minsk Qrupunun, BMT Təhlükəsizlik Şurasının, Avropa İttifaqının və NATO-nun üzvü olan Fransanın regional sabitlik və təhlükəsizliklə bağlı rolundan danışıb.

Tonoyan Azərbaycan və Türkiyənin birgə keçirdiyi hərbi təlimlərdən bəhs edərkən həyəcanını ört-basdır etməyə çalışsa da, bu məsələyə xüsusi diqqət ayırması əks effekt yaradıb.

Qeyd edək ki, erməni nazir ötən gün Rusiyanın İrəvandakı səfirinin yanına qaçaraq Bakı-Ankara hərbi əməkdaşlığından şikayətlənmişdi. Diqqət çəkən məsələ budur ki, Rusiya-Ermənistan birgə hərbi təlimlərinə Bakıdan olduqca soyuqqanlı reaksiya verilir. Erməni tərəf isə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığından, türkiyəli hərbçilərin və hərbi texnikasının İrəvanın 40 km-liyinə - Naxçıvana gətirilməsindən dərhal sonra təşviş içində həmsədr ölkələrin səfirlərinin qapısını kəsdirib.

Ötən gün ABŞ-ın İrəvandakı səfiri ilə də görüş keçirilib.