adalet.az header logo
  • Bakı -°C
25 Fevral 2026 20:58
112
GÜNDƏM
A- A+

Bakı Türkoloji Qurultayı 100 ildən sonra eyni məkanda toplanır

Türkologiyanın tarixi dönüş nöqtələrindən biri sayılan Bakı Türkologiya Qurultayı 100 il sonra yenidən Bakıda və eyni tarixi salonda toplanacaq.

Adalet.az-ın məlumatına görə, "100-cü ilində Bakı Türkologiya Qurultayı – Anım Toplantısı” fevralın 27–28-də keçiriləcək. Tədbirin məqsədi Türk dünyasında elmi əməkdaşlığı gücləndirmək və türkoloji sahədə yeni istiqamətləri müzakirəyə açmaqdır.

Tədbir Yunus Emre İnstitutu, Türk Dil Qurumu, Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnstitutu, Xəzər Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə baş tutacaq.

Proqram 1926-cı ildə Türk dünyasının ortaq dil, əlifba və elmi metod axtarışına istiqamət verən Bakı Türkologiya Qurultayının elmi, mədəni və intellektual irsini yenidən nəzərdən keçirməyi hədəfləyir.

Anım toplantısının yüz il əvvəl ilk qurultayın keçirildiyi və hazırda AMEA-nın Rəyasət Heyətinin yerləşdiyi tarixi binada, eyni salonda və mümkün olduğu halda eyni saatda başlanması planlaşdırılır. Bu baxımdan tədbir yalnız akademik platforma deyil, həm də tarixi yaddaşa simvolik ehtiram kimi qiymətləndirilir.

Toplantıya Türkiyə, Azərbaycan, Özbəkistan, Tatarıstan, Moldova və Albaniyadan 60-dan çox alim qatılacaq. Disiplinlərarası yanaşma əsasında təşkil olunan proqram çərçivəsində türk dili, ədəbiyyatı, tarix, mədəniyyət və folklor sahələrində ümumilikdə doqquz panel keçiriləcək və Türkologiya elminin müasir istiqamətləri müzakirə olunacaq.

Proqram çərçivəsində Mahmud Kaşğarlı, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Abay Kunanbay oğlu, Mağcan Cumabay, Bəkir Çobanzadə, Əhməd Cəfəroğlu, Nəsib bəy Yusifbəyli və Ayaz İshaqi adına panellər təşkil ediləcək. Qurultayda təqdim olunan məruzələrin kitab halında nəşri də nəzərdə tutulur.

26 fevral – 6 mart 1926-cı il tarixlərində Bakıda keçirilmiş ilk Türkologiya Qurultayı Türk dünyasında əlifba birliyi, ortaq terminologiya və elmi koordinasiya istiqamətində mühüm mərhələ hesab olunur.

131 nümayəndənin iştirak etdiyi qurultayda latın qrafikalı əlifbaya keçid prinsipi qəbul edilmiş, ana dilində təhsil, tarix və folklor tədqiqatlarının əlaqələndirilməsi kimi strateji qərarlar verilmişdi.

Qurultay yalnız elmi toplantı deyil, eyni zamanda türk xalqlarının mədəni inteqrasiyası və modernləşməsi baxımından tarixi mərhələ kimi dəyərləndirilir. 

Toplantıya Türkiyə və Azərbaycan başda olmaqla müxtəlif ölkələrdən nazirlər, akademiya rəhbərləri, universitet rektorları və beynəlxalq təşkilat nümayəndələrinin qatılması gözlənilir.