Bakı Nəqliyyat Agentliyi daşıyıcılar qarşısında tələblər qoydu
Bakı Nəqliyyat Agentliyi (BNA) daşıyıcılar qarşısında yeni tələblər qoyub.
Bu barədə Adalet.az-a BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.
BNA rəsmisi bildirib ki, yeni tələblərə əsasən, daşıyıcılar ya nəqliyyat vasitələrini əsaslı təmir edib yeniləməli ya da yenisini almalıdırlar:
"Artıq bu tələbə uyğun olaraq 1000-ə yaxın nəqliyyat vasitəsi əsaslı təmir edilib. Onların 700-ə yaxını bu ilin, qalanları isə ötən ilin payına düşür”.
M.Ağayevin sözlərinə görə, bütün daşıyıcıların kart sisteminə keçidi avtobus bazası tam yeniləndikdən sonra mərhələylə olacaq:
"Hələlik 19 xətt üzrə 478 avtobus kart sistemi ilə fəaliyyət göstərir”.
Şöbə müdiri deyib ki, avtobuslarda normal havalandırma sisteminin təmin edilməsi üçün işlər davam etdirilir:
"Avtobusların texniki baxımdan qoyulan tələblərə cavab verməsi, normal havalandırma sisteminin təmin edilməsi istiqamətində işlərimiz davam edir”.