Bahar çiçəklərinin dekabr rəngi

(Adil Mirseyid haqqında)
Mən fəqət hüsnü-xuda şairiyəm,
Yerə enməm də səma şairiyəm.
Payız şairlərin gözündə bir misralıq, rəssamların baxışında isə bir tabloluq olur. Şairlər pərakəndə gəzər, pərakəndə düşünər, pərakəndə yaşayarlar (xəyalən). Rəssamlar daha dəqiq olarlar. Onlara həyat ovçusu da deyərlər. Həmişə müşahidələrimdə şairlələ rəssamlar bir-birlərinə tam əks görünüb. Mənim üçün ən maraqlı insanlar isə şair-rəssamlar olublar. Onları bu labrintdən çıxış yolu tapan kəşfiyyatçı səyyahlara bənzədirəm. Şairlər çox axtarar, rəssamlar isə çox sezərlər. Şair-rəssamlar isə sezərək axtararlar. O zaman istədiklərin taparlar. Biraz məlul olurlar. Belə insanların simasında fəsillər cəm olar:- saçlarında qışı gətirirələr, gözlərində ( baxışlarında) payızı, çöhrələrində bir təəbbəssümlə bahar görünər. Əslində haqqında yazmağa ehtiyat etsəm də, “yaz” deyə əmr verdim özümə. Bir hissəsi kağız-qələmdən və bir hissəsi isə malbert-fırçadan ibarət olan Adil Mirseyiddən yazmağı düşündüm. Bu “ikihissəli” tək vücudda iki düyna və bir aləm vardı. Hər kəsin oxşarı var. Adil Mirseyidi isə mən həmişə səhra güllərinə bənzətmişəm. O, müasir ədəbi mühitin “səhra gülü” idi. Əslində insanlar zamanla ayaqlaşmağı bacarmırlar. Heç bacarmırlar... Biz Adil Mirseyidi son zamanlar görmək üçün çox tələssək də, təəssüf ki, gecikdik. Elə gecikdik ki, bəlkə də bizim gecikdiyimiz anı Adil Mirseyid özü hiss edirdi. Özü deyirdi ki, darıxmaq biraz qorxuludur. Adam darıxanda, mənzil başına tez yetişir. Özünün təbi ilə desəm, bu “səhra gülü” deyəsən elə “susuzluqdan” mənzil başına tez yetişdi. Onun insanlar arasında tək-tənha görünməyi şairliyi, insanları diqqətlə sezməyi isə rəssamlığının göstəricisi idi. O, mənə işğal edilmiş ,amma, hələ də ayaqda olan məğrur bir xalqı xatırladırdı. Kim deyə bilərdi ki, onun sözünün qüdrətini əymək olar. Şair-rəssam Adil Mirseyid öz şeirlərinə bir gənclik ab-havası gətirmişdi.Yazılma tarixi köhnə olsa da şeirlərində yeni ruh və “gəncliyin siması” vardı.
Özünə rəhm elə batma günaha,
Gəl burax yaxamı qırılsın ovsun.
Bir də bu dünyaya gəlmərəm daha,
Belə qisas olmaz Allahın olsun!
Bəli… Əslində bu nəğmələr şairin qəlbini ovutmaq üçün yox, əksinə oxucularına bilərəkdən təsəlli vermək idi. Öz oxucusunu “aldatmaq” onun üçün çox çətin idi. Hələ çəkdiyi rəsmlər içərisində belə bir rəsm vardı;- güldanın içindəki güllərdən biri lap kənardadır. O, ədəbiyyata gəlişini möhtəşəm və unudulmaz şeirlərlə sübut etdi. Ancaq əbədiyyətə gedişini isə çəkdiyi rəsmlə belə “ izah edə bilmədi”.
Adil Mirseyidin şeirləri imzasız da olanda “mən Adil Mirseyidin şeirləriyəm”-deyir. Hər şeirində mütləq bir aləm olur… Hansı ki o aləmdə iki ecazkar hiss bir vücudda cəmlənib. Həyata baxışı da gözləri ilə rəsm çəkmək idi. Əlbəttə ürəyindəkilər onunla getdi.
Əslində Adil Mirseyidin oxucularını qatara gecikən məzlum şərnişinlərə bənzədirəm. Onlar tələsə- tələsə gecikdikləri üçün bir ömür onları ovudacaq bir misra, bir fırça axtarırlar…
Atalar qızların daha çox sevərlər.. . Hələ illər əvvəl qızı Ayanla danışanda atasından xeyli xatirələr bölüşmüşdü. Nə qədər kədərli olsada dinləməyə cəhd edirdim. Atasının gedişindən söhbət açsa da, məzlum gözləri “qayıt” deyirdi. Mənə elə gəlir ki, söhbətimizdə Ayan atasının ona yazdığı nəğmələrə qoşlub gedirdi…
Mayın ortasında nar çiçəkləyir,
İçimdə dekabr qar çiçəkləyir.
Gözlərimdə hüzn üzümdə kölgə…
Belə bir axşamda öləcəm bəlkə.
Siz deyin, dekabr çiçəyindən gözəl nə ola bilər axı? Rəssamın fırçasında, şairin sözündə və Ayanın hələ də ovuda bilmədiyi qəlbində…
Əslində həqiqətlərə əsaslanıb danışsaq, Adil Mirseyidin dünyadan cismani köçdüyünü dərk edərik. Çünki yaşamaq təkcə nəfəs almaqdan ibarət olmadığı kimi, ölmək də bu dünyada yox olmaqdan ibarət deyil. Adil Mirseyid özü ilə söhbət etməyi bacaran , ölümsüzlüyü ilə ölümdən qisas alan və göyün altında ayağı torpaq dadan yaradılmış idi…
Əntiqə Kərimzadə