adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Mart 2023 15:50
1381
MEDİA

AZƏRTAC-ın 103 yaşı tamam olur

Bu gün Azərbaycanın ilk milli xəbər agentliyinin - AZƏRTAC-ın yaranma günüdür.

Adalet.az xəbər verir ki, dövlət agentliyinin 103 yaşı tamam olur.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan ilk milli informasiya agentliyi çətin və mürəkkəb, lakin şərəfli bir yol keçib. 1920–ci il martın 1-də fəaliyyətə başlayan agentliyin ilk xəbəri martın 2-də işıq üzü görüb. Onun müstəqil xəbər mənbəyi kimi fəaliyyəti cəmi 58 gün sürdü. Sovet hakimiyyəti dövründə isə Azərbaycan Teleqraf Agentliyi, əslində, SİTA-nın filialına çevrildi, adı yeddi dəfə dəyişdirildi.

1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra AZƏRTAC-ın həyatında da yeni dövr başladı. Agentlik müasir texniki avadanlıqla təchiz olundu və çox keçmədən ittifaq miqyasında öncül mövqelərə çıxdı. Ulu Öndərimizin şəxsi nüfuzu sayəsində müttəfiq respublikaların informasiya agentlikləri arasında birincilər sırasında kompüterlərlə təchiz edildi. Təfərrüata varmadan yalnız onu demək kifayətdir ki, dövlət müstəqilliyinin bərpasından sonra da üzləşdiyi sınaqlardan üzüağ çıxan AZƏRTAC həm də Azərbaycanın dünyaya açılan pəncərəsi rolunu oynamağa başladı.

Son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalanıb, 150-yə yaxın agentliklə informasiya mübadiləsi aparır. Onların arasında bir çox nüfuzlu xəbər yayımçıları var. AZƏRTAC beynəlxalq və regional media təşkilatları çərçivəsində Associated Press, Reuters, Press Association, DPA agentlikləri ilə əməkdaşlıq edir. Dünya Xəbər Agentlikləri Konqresi Şurasının, Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) fəal üzvlərindən biridir. 2016-cı ildən 2019-cu ilədək Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya sədrlik edib. Dünya Xəbər Agentliklərinin V Konqresi, OANA-nın XVI Baş Assambleyası 2016-cı ildə Bakıda keçirilib. Beləliklə, Azərbaycanın və AZƏRTAC-ın adı dünya mətbuat tarixinə yazılıb.

AZƏRTAC səkkiz dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də regionda ilk dəfə olaraq beş dildə videoxəbərlər buraxır.

"Ədalət" qəzetinin kollektivi həmkarlarını təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır!