adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Fevral 2024 09:00
5425
LAYİHƏ

Azərbaycanlılar bağışlamağı bacarırlar…

Heç bir millətdə və heç bir xalqda olmayan mərdlik, dəyanət, qürur bizim millətdədir. Yəni, bizim millət balaca xalq olmasına baxmayaraq, çox böyük ürəyə, çox böyük dəyərlərə və çox böyük adət-ənənələrə malikdir. Biz tarixən belə olmuşuq və bu gün də adını çəkdiyimiz dəyərlərimizi yaşatmağı bacarırıq. Sadəcə olaraq, bizim çörəyimizin duzu yoxdur, daha doğrusu, duzu var ey, amma bizim çörək verdiyimiz, yaxşılıq elədiyimiz bəzi millətlərin özlərinin duzları yoxdur. 

Azərbaycan xalqı bayaq dediyimiz kimi, tarixən zəngin keçmişə və mədəniyyətə malik olan bir millətdir. Öz mədəni dəyərlərinə, tarixi abidələrinə və zəngin keçmişinə nə qədər hörmətlə yanaşırsa, başqa xalqların da ənənələrinə, mədəniyyətinə, dininə və dilinə həmin diqqətlə yanaşır. Bizim millət həm də düşmənini bağışlamağı bacaran xalqdır. 

«Dədə Qorqud» filmindən bir epizodu yada salmaq bəs edər. Yəqin sizin də yadınızdadır: Qazan xan düşməni, Aruzu toppuzla vurub, atdan yerə yıxır. Oğlu Turala deyir ki, bunun başını kəs! Oğlu Turalın da Aruza yazığı gəlir, onun başını kəsmir və oradan bir qədər uzaqlaşan kimi Aruz oxla onun kürəyindən vurur. Bax, biz bağışlayırıq, düşmənlərimiz də həmişə bizim ürəyi yumşaqlğımızdan, sadəliyimizdən istifadə edərək, arxadan kürəyimizə zərbə endirir.

Çox uzağa getməyək, elə qonşu erməniləri yada salaq. Birinci və İkinci Qarabağ savaşında biz onlara nə qədər mərhəmət göstərdik. Amma onlar neylədilər? Ermənilər isə Xocalıda, Qaradağlıda, Kəlbəcərdə və digər işğal olunmuş yerlərimizdə dinc sakinlərimizi - qocaları, qadınları, uşaqları və hətta xəstə adamları belə güllə-baran etdilər. Heç kəsə mərhəmət göstərmədilər, əksinə onlardan mərhəmət istəyənləri amansızcasına qətlə yetirdilər. Qan su yerinə axdı. Ermənilər sanki azərbaycanlıların qanına susamışdılar və o qanı içməkdən doymurdular. Bununla yanaşı, işğal etdikləri şəhərləri, kəndləri və qəsəbələri od vurub yandırdılar. Evlərin, binaların daşını daş üstə qoymadılar. Bax, bu yağı düşmənin əsil sifəti idi. 

Biz azərbaycanlılar isə İkinci Qarabağ Savaşında istəsəydik Hadrut azad olunanda nə qədər erməni uşaqlarını, qadınları və qocaları öldürə bilərdik. Ancaq Azərbaycan əsgəri onların birinə də güllə atmadı. Mülki əhalinin birini belə əsir götürmədi, incitmədi. Onlara şərait yaratdı ki, hamısı sağ-salamat Hadrutdan çıxıb getsin. Bir mülki erməninin burnu belə qanamadı, hamısı da çox sakit halda çııxb getdilər. Hətta mülki ermənilərdən biri öz mətbuatlarına verdiyi müsahibədə yazırdı ki, azərbaycanlılar istəsəydi bizim hamımızı güllələyə bilərdi, amma biz onlardan güllə atdıqlarını görmədik, əksinə minlərlə ermənini Hadrutu rahat tərk eləməyinə şərait yaratdıqlarını gördük. Bu adi bir erəmninin gördüyü hadisədir. Bu hadisəni də o, özü erməni mətbuatına danışır. 

Yenə «Dolu» filmində bir səhnə yadımıza düşür. Orada da bir erməni qadınını Azərbacyan əsgərləri əsir götürür və ona gözün üstündə qaşın var demir. Onu aparırlar bizim komandirin yanına, komandir də deyir ki, buraxın getsin, mən arvad davas eləmirəm, torpaq davası edirəm. Bax, budur türklərin, azərbaycanlıların əsil siması. Yəni, Azərbaycan əsgəri, türk əsgəri heç vaxt dinc əhaliyə, qadına, uşağa əl qaldırmaz, güllə atmaz və işğaldan azad etdikləri bir erməni evi yandırılmadı. Bunu kim yaxşı bilməsə də erəmnilər də yaxşı bilir və hər halda dünya da yaxşı bilməmiş deyil. Çünki dünya gördü ki, İkinci Qarabağ savaşında və eləcə də 2023-cü ilin sentyabrın 19 və 20-də anti-terror əməliyyatı zamanı işğaldan azad olunan yerlərdə yenə mülki əhaliyə Azərbaycan əsgəri toxunmadı, hətta əməliyyat zamanı mülki əhalinin yaşadığı yerə Azərbaycan əsgəri bir mərmi, bir raket, bir top belə atmadı. Sadəcə olaraq, bütün hədəf hərbi obyektlər oldu və döyüş də elə bu istiqamətlərdə aparıldı. 

Bizim millətin mərdliyini, dəyanətini göstərən əsas əlamətlərdən biri də işğaldan azad olunan yerlərdə erməni abidələrinə, eləcə də xristian məbədəlrinə və onların müqəddəds yerlərinə, hətta qəbiristanlıqlarına belə hörmətlə yanaşmamız oldu. Bir kimsə deyə bilməz ki, onların Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda kimlərsə torpaq azad olunandan sonra məzarlıqlarına gedib, baş daşını aşırıb, yaxud aparıb. Bütün bunlar bayaq dedimiz kimi, Azərbacyan xalqını dünyaya tanıtdıran və sevdirən cəhətlərdir. O cəhətlər ki, biz erməni kimi qədar düşmənə qarşı çox rəhimli və mərhəmətliyik. Bayaq dediyimiz kimi, biz bunu sözddə deyil, əməldə edirik. Bizim iki əsrimizə görə biz ermənilərin 32 əsirini qaytardıq. Biz əsirlər vətənə gələndən sonra necə işgəncələrə məruz qaldıqlarınıı danışanda adamın tükləri biz-biz olur, düşünürsən ki, adam da silahsız, əsir düşmüş insana bu qədər işgəncə verərmi? Ermənilərdən nə desən gözləmək olar. Ancaq bizim geri qaytardğımız o 32 erməni əsiri Azərbaycanda olduğu müddətdə heç bir işgəncəyə, təzyiqə, əzab-əziyyətə məruz qalmayıb, əksinə onlar Azərbaycanda yağ-bal içində saxlanılmışdır. Sanki əsirlikdən deyil, hansısa sanatoriyadan, istirahət mərkəzindən geri dönürdülər. Bütün bunlar tarixdir və tarixin də şahidi zamanır. Zaman isə bu gün bizim xeyrimizə işləyir. Çünki azərbaycançılıq ideyası, türkçülük ideologiyası artq dünyaya yayılır. Bir çox Avropa dövlətəlri bizi dünyaya mədəniyyətsiz, vəhşi millət kimi təqdim etmişdilər.  Amma tarix və zaman göstəri ki, vəhşi biz deyilik, bizi dünyaya belə təqdim edən ermənilər və onların havadarlarıdır. Artıq dünyanı da bir o qədər allatmaq mümkün deyil. Çünki bizim ölkəni dünyanın əksər dövlətləri zəngin tarixi, mədəniyyəti və keçmişi olan bir xalq kimi tanıyır. Elə ona görə də onlar artıq bizimlə çox böyük siyasi, iqtisadi, mədəni əlaqələr qururlar və qurublar. 

Əlbəttə, Azərbaycanın dünyadan görünməsi və azərbaycançılıq ideyalarının dünyanın mədəniyyət aləminə daxil olması xalqımızın qüdrətini, zənginliyini, mərhəmətini və böyüklüyünü göstərir. O böyüklük ki, biz həmişə başqa xalqların ən ağır, ən çətin, ən pis vəziyyətində köməyinə çatmışıqı. Biz Ukraynanın, Fələstinin, müharibədən əziyyət çəkən dinc əhalisinə maddi və mənəvi dəstək olmuşuq. Baxmayaraq ki, özümüzün bir milyondan çox məcburi köçkünümüz və qaçqınımız olub, amma yenə digər ölkələrin zəlzələdən əziyyət çəkənlərinə, müharibədə sıxıntılar içərisində qalanlarına əl tutmuşuq. Bu əli isə həm Allah görür, həm də dünya ölkələri!                                               

 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.