adalet.az header logo
  • Bakı -°C
17 Fevral 2026 16:11
95
GÜNDƏM
A- A+

Azərbaycanla BƏƏ arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənir 

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit naziri Dr. Əmna bint Abdullah əl Dahak əl Şamsi arasında görüş keçirilib.

Adalet.az xəbər verir  ki, görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında tarixi mərhələyə daxil olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Qoşqar Təhməzli BƏƏ-nin qlobal iqlim və ətraf mühit təşəbbüslərində, xüsusilə qida təhlükəsizliyinin gücləndirilməsi istiqamətində fəal iştirakını yüksək qiymətləndirib. Bildirilib ki, son illərdə iki ölkə arasında xüsusilə idxal-ixrac sahəsində səmərəli əməkdaşlıq dinamik şəkildə genişlənir. 

Xanım əl Şamsi öz növbəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu layihəsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Qeyd olunub ki, sənəd yoluxucu heyvan xəstəliklərinin yayılmasının qarşısının alınması və məhdudlaşdırılması üzrə səylərin dəstəklənməsini, heyvan sağlamlığı və ictimai sağlamlığın qorunması, sağlamlıq və baytarlıq sertifikatlarının nümunələrinin mübadiləsi daxil olmaqla, qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsini hədəfləyir. 

Görüş zamanı qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti altında olan ixracyönümlü məhsulların BƏƏ bazarına çıxışının genişləndirilməsi, həmçinin diri heyvanların ixracı üçün baytarlıq sertifikatlarının razılaşdırılması məsələləri ətraflı müzakirə edilib. Eyni zamanda bitki və heyvan sağlamlığı sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi və laboratoriya sahəsində əməkdaşlığın dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. 

Yekunda tərəflər görüşün aqrar və qida təhlükəsizliyi istiqamətində əməkdaşlığın yeni mərhələyə keçidinə töhfə verəcəyini bildiriblər.