Azərbaycanın musiqisinin peygəmbəri və müridinin mövludu: Milli Musiqinin doguluşu
Tanrı Azərbaycana təkcə neft, qaz, dəmir, alüminium, xromit, qızıl, gümüş, mis, qurğuşun, sink kobalt, molibden filizləri kimi qiymətli sərvət verməyib.
Həm də Üzeyir Hacıbəyov kimi bir düha, bir vətənpərvər, bir maarifçi verib, müsəlman və şərq aləmində bir ilk olacaq şəxsiyyətlə mükafatlandırıb bizə. Üzeyir Hacıbəyov mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi təkrarsız azərbaycanlı, unudulmaz şəxsiyyət əsl sərvətdir.
Dahi bəstəkar 1907-ci ildə, mütəfəkkir şair Məhəmməd Füzuli tərəfindən XVI əsrdə yazılmış "Leyli və Məcnun" faciəsinin motivləri əsasında ilk milli Azərbaycan operasını yazdı. "Leyli və Məcnun" nəinki Azərbaycanda həm də bütün İslam dünyasında ilk opera idi.
Operanın ilk dəfə səhnəyə qoyulması da böyük olay oldu.Bəli, Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov (Hacıbəyli) Azərbaycan xalqının dahi bəstəkarıdır.
Məlumatlarda deyilir ki, o, 1885-ci il sentyabrın 18-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında Ağcabədi kəndində anadan olmuşdur. Ü.Hacıbəyovun soy-kökü, nəsil şəcərəsi Qarabağın əsilzadə bəy nəsilləri ilə bağlıdır.
Üzeyirin atası Əbdülhüseyn Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairə, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki təsərrüfatına başçılıq etmişdir.
Üzeyirin anası Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. O, ev təhsili almış incə zövqlü qadın idi.
Hacıbəyovlar ailəsində beş uşaq dünyaya gəlmişdi: Sayad, Əbuhəyat, Zülfüqar, Üzeyir və Ceyhun. Valideynlərinin ədəbiyyata, musiqiyə olan böyük marağı və sevgisi uşaqlara da sirayət etmişdi.
O dövrün yazarları deyir ki, xüsusilə oğlanları Zülfüqar, Üzeyir və Ceyhunun gələcəkdə ədəbi və musiqi istedadının formalaşmasında ailənin böyük rolu olmuşdur.
Üzeyirin dayısı Ağalar bəy Əliverdibəyov xalq musiqisinin gözəl bilicisi idi və Üzeyirin ilk musiqi müəllimi olmuşdur. Üzeyir Hacıbəyovun, eləcə də onun qardaşlarının musiqi istedadı Azərbaycanın ən qədim və gözəl guşələrindən olan Qarabağın, Şuşa şəhərinin zəngin musiqili mühitində yetişmişdi. Ü, Hacıbəyovun jurnalistik fəaliyyəti xalqa məmnuniyyətlə xidmətin bir başqa sahədə baris nümunəsidir.
Bu gün haqlı olaraq onun doğum günü ilə bağlı Azərbaycan 18 sentyabrı Milli Musiqi Günü elan edib.
Bu bayram əhval ruhiyyəli günün daha bir şəriki var ki, o da mədəniyyət tariximizdə bəstəkar, dirijor, ictimai xadim kimi özünəməxsus yeri olan Müslüm Maqomayevdir.
1885-ci il sentyabrın 18-də Qroznıda dəmirçi Məhəmmədin ailəsində dünyaya göz açmışdı. Ailədə musiqiyə olan sonsuz maraq onun bəstəkar kimi formalaşmasında böyük rol oynamışdı. Müslüm Qroznıda, sonra isə Tiflisdəki Qori müəllimlər seminariyasında təhsil almışdı. Burada gələcəyin dahi bəstəkarı Üzeyir Hacıbəyli ilə tanış olmuş və bu tanışlıq sonradan qohumluğa çevrilmişdi. Onların hər ikisi Terequlova bacılarına evlənmişdi.
Müslüm Maqomayevin ilk iri həcmli musiqi əsəri 1916-cı ildə yazdığı “Şah İsmayıl” operasıdır. O zaman bəstəkarın ağlına belə gətirməzdi ki, əsərdəki Aslan şahın ariyasını çox illər sonra üzünü görmədiyi nəvəsi – dünya şöhrətli müğənni Müslüm Maqomayev ifa edəcək.
“Şah İsmayıl” milli operamızı Avropa operasının texniki cəhətdən inkişaf etmiş formaları ilə əlaqələndirmək baxımından ilk təşəbbüs idi. Bu əsərdə bəstəkar operaya xas ariya, duet, çoxsəsli xor kimi əsas elementlərlə yanaşı, milli folklor nümunələrindən də bacarıqla istifadə edib. İlk tamaşası 1919-cu il martın 7-də nümayiş olunan opera indiyədək təqribən 400 dəfə oynanılıb.
Müslüm Maqomayevin yaradıcılıq irsinə “Nərgiz” operası, “Azərbaycan çöllərində”, “Azad olunmuş Azərbaycan qadınının rəqsi”, “Dərviş”, “Şəlalə”, radio marşı kimi simfonik əsərləri, “Ceyranı”, “Turacı”, “Çeçen rəqsi” oyun havaları, “Bahar”, “Bizim kənd”, “Mazut ordusu” mahnıları daxildir.
Məkanınız cənnət olsun, Azərbaycan müsiqisini yaradan və yaşadan insanlar!
Əntiqə Rəşid