adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Mart 2023 10:34
313
SİYASƏT

Azərbaycanın iqtisadi potensialı, ona siyasi müstəvidə də yeni imkanlar yaradır

“Güclü iqtisadiyyat ən önəmli şərtdir”- ölkə başçısı cənab İlham Əliyevin dəfələrlə səsləndirdiyi bu fikrin mühüm əsası vardır. Digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də keçirilən islahatlar təkcə Azərbaycanın iqtisadi inkişafına deyil, həm də dünyada mövqeyinin möhkəmlənməsinə etibarlı zəmin yaratmışdır. Prezident tərəfindən yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksəlməsinə mühüm təsir göstərir. Çoxvektorluluq, çevik və işlək mexanizmlərin qurulması, regional layihələrin həyata keçirilməsi, münasibətlər və fəaliyyətlər strategiyasının yaradılması xüsusi istedad və məharət tələb edir.

Ölkə başçısı İlham Əliyevin cəsarətli, milli mənafelərimizin qorunmasına və ölkəmizin müstəqilliyinin gücləndirilməsinə təminat verən uzaqgörən siyasəti nəticəsində Azərbaycanın həm regionda, həm də dünyada iqtisadi və siyasi imkanları artmaqdadır. Bir neçə müddət əvvəl Prezident İlham Əliyev qeyd etmişdir ki, “biz istəyirik ki, Azərbaycan rəqabət meydanı deyil, müxtəlif mənafelər arasında əməkdaşlıq zonası olsun”. Bu müdrik siyasət ölkəmizin iqtisadi təhlükəsizliyi və milli maraqlarımızın qorunması sahəsində də öz həyatiliyini sübut etmişdir. Belə ki, Azərbaycan öz milli maraqlarının, milli kimliyinin, müstəqilliyinin çox güclü müdafiəsi və eyni zamanda, müxtəlif ölkələrlə faydalı, məhsuldar iqtisadi əməkdaşlıq münasibətləri arasında balansı qoruyub saxlayır. Lakin, Prezident İlham Əliyevin vurğuladığı kimi, “bizə daha böyük gündəlik lazımdır. Çünki Azərbaycan coğrafi nöqteyi-nəzərdən böyük ölkə deyil. Lakin regionda edə bildiklərimiz, hansı töhfələri verə biləcəyimiz nöqteyi-nəzərindən biz coğrafiyamızdan daha böyüyük”.

Prezident İlham Əliyevin fikrincə, “İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət belə gedə bilməz. Biz ətrafda baş verən hadisələrə baxırıq, izləyirik, dünyada baş verən hadisələrə biganə qalmırıq. Görürük, o ölkələrdə ki, iqtisadi müstəqillik yoxdur, o ölkələr şantaj obyektinə çevrilir, o ölkələrə təzyiqlər göstərilir və o təzyiqlər nəticə verir. O ölkələr demək olar ki, xahiş edən ölkələr sırasındadır. Azərbaycan heç kimdən heç nə xahiş etməmişdir, etmir və etməyəcəkdir. Biz müstəqil siyasət aparırıq”. Azərbaycan məhz güclü iqtisadiyyat nəticəsində torpaqlarımızı 30 ilə yaxın davam edən erməni işğalından azad etdi. Bu gün də Qarabağı və Şərqi Zəngəzuru öz imkanlarımız hesabına yenidən qurulur. Tarixi Qələbədən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar və hazırda dünyada baş verən siyasi-iqtisadi hadisələr fonunda ölkəmizə xüsusi diqqət var. Əlbəttə bu Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində qazanılmış nüfuzdur. Biz iqtisadiyyatımızı, iqtisadi imkanlarımızı daha da gücləndirməliyik. Bu, dövlətimizin müstəqil və qüdrəti olması üçün əsas amillərdəndir. Xüsusilə, ölkə başçısının bu və ya digər ölkəyə səfərləri, keçirdiyi görüşlər, mətbuata verilən bəyanatlar önəmli mahiyyət kəsb edir.

Prezident İlham Əliyevin qısa müddət ərzində Almaniyaya ikinci dəfə səfər etməsi Cənubi Qafqaz üçün mühüm iqtisadi və geosiyasi əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda öz əksini tapıb. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu 2022-ci ilin yekunlarına görə, Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi, qarşılıqlı ixrac ildən ilə artmaqda davam edir. Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri zamanı səsləndirilən fikirlər göstərdi ki, Almaniya Azərbaycanla əməkdaşlığın inkişafına və münasibətlərin genişləndirilməsində maraqlıdır. Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirdi ki, Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşündə Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etməsi, o cümlədən, Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin apardığı missiyaya dəstək verməsini qeyd etməsi mühüm əhəmiyyət kəsb edirdi. Məlumdur ki, Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında keçirilən görüşlər ölkəmizin maraqları ilə tam üst-üstə düşür və Azərbaycanın müəyyən etdiyi gündəliyə uyğun nəticələrlə yekunlaşmışdır. Bu baxımdan Almaniyanın da bu missiyaya dəstək verməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini bir daha göstərir.

Almaniya iqtisadi inkişaf baxımdan Avropa məkanında önəmli rola malikdir. Bu gün Azərbaycan və Almaniya arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinə böyük ehtiyac var. Bu səbəbdən Azərbaycan Prezidenti ötən gün alman iş adamları ilə görüşlər keçirdi. Azərbaycan üçün önəmli olan məsələ Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpa olunması prosesinə alman iş adamlarının dəvət olunması da buna bariz nümunədir.

Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və Cənab Prezidentin Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalanması ilə ölkəmiz rəsmən enerji sahəsində Avropanın etibarlı tərəfdaşına çevrilmişdir. Enerji sahəsində belə mühüm strateji tərəfdaşlığa nail olunması nəinki yalnız enerji sahəsində, bütövlükdə iqtisadiyyatımız üçün yol xəritəsi rolunu oynayır. Azərbaycan Avropa məkanına təbii qazı iki ildən bir qədər çox zaman kəsiyində ixrac edir və ildən-ilə bu rəqəmlər artır. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın 10 ölkəsindən qaz ixracatı ilə əlaqədar sifarişlər gəlmişdir. Bu da ölkəmizin imkanlarından xəbər verir. Belə ki, Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən 2027-ci ilə qədər Avropa məkanına 20 milyard kubmetr təbii qazın çatdırılması planlaşdırılır. Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılır. Bu ildən qazın Rumıniyaya da çatdırılmasına başlanılmışdır. Cari ilin sonunda Macarıstana ilk qaz təchizatını həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin, Albaniya hökuməti ilə Albaniyanın qaz təchizat şəbəkəsinin yaradılması və gələcəkdə Albaniyaya da qaz ixracatını təmin etmək üçün danışıqlar aparılır. Eyni zamanda, Azərbaycana qaz sifarişini edən ölkələr sırasında, Çex Respublikası, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya və digər ölkələr var. Avropada yaranmaqda olan interkonnektorlar da çox mühüm rol oynayır. İnterkonnektorın sayının artması ölkəmizin Avropa məkanında qaz ixracat coğrafiyası genişləndirilə və gələcəkdə qazın ixracatını Avropa məkanına çatdırmaq üçün yeni kontraktlar imzalana bilər.

Qarşımızda duran hədəflərdən biri də bərpaolunan enerji mənbələrindən istifadədir. Qarabağ və Şərqi Zəngəzur bölgələrini yaşıl enerji zonası elan etmişik, Naxçıvanın, digər regionlarımızın, eləcə də Xəzər dənizinin də bu sahədə böyük potensialı var. Azərbaycan eyni zamanda, Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcəkdir. Ölkəmizin apardığı uğurlu siyasət, həyata keçirdiyi geniş layihələr bir daha göstərir ki, Azərbaycanın yaşıl enerjisi tezliklə təbii qaz qədər əhəmiyyətə malik olacaqdır. Bütün bunlar ölkə iqtisadiyyatının daha da güclənməsi ilə yanaşı dövlətimizin siyasi imkanlarını və müstəqilliyini də artıracaqdır.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,

professor Hicran Hüseynova