23 Noyabr 2023 13:33
1687
ƏDƏBİYYAT

AZƏRBAYCANI SEVƏN, AQRAR KADR  HAZIRLIĞINA TÖHFƏ VERMİŞ BÖYÜK ALİM... 

Ötən  əsrin 70-ci illərində Azərbaycan xalqının Ümummilli Lideri, o vaxtlar Azərbaycan KP MK-ya  rəhbərlik edən Heydər  Əlirza oğlu  Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə azərbaycanlı gənc  daha keyfiyyətli ali    təhsil almaq üçün respublikadan kənara  oxumağa  göndərilirdi.  Heydər Əliyev Təhsil Siyasəti bir tərəfdən Azərbaycanın ucqar kəndlərindən olan  gənclərin Sovetlər İttifaqının    qabaqcıl ali təhsil müəssisələrində oxumaları,  digər tərəfdən,  bu gənclərin dünyaca məşhur sovet alimlərinin tələbələri,aspirantları olmaq      imkanlarını    yaradırdı.

Bu  zaman gənclərimizin  yiyələnəcək ixtisaslarının  siyahısı  respublika iqtisadiyyatının inkişafı  üçün zəruri olan, amma  o zamanlar  bu sahələr üzrə  Azərbaycanda mütəxəssis hazırlığı  hələki mümkün olmayan  ixtisaslardan tərtib edilirdi.  O illərdə belə sahələrdən biri də  Yerquruluşu  sahəsi  idi. Həmin dövrdə və ondan əvvəlki illərdə Azərbaycanda bu ixtisas üzrə ali təhsilli mütəxəssislər hazırlanmırdı. Azərbaycan SSR-də bu ixtisas üzrə mütəxəssis hazırlığı Voronejdə, Moskvada təhsil almış mütəxəssislərin tədris işinə cəlb edilməsi   hesabına sonralar ilkin olaraq Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda  (indiki ADAU-da)   mümkün oldu...

1975-ci ildə      yayı qızmar isti,qışı şaxtasız keçən   Azərbaycan SSR-dən qışı sərt soyuqla müşaiyət olunan Rusiyanın Mərkəzi Qaratorpaq zonasına, Bakıdan  təqribən   2000 km. məsafədə yerləşən Voronej  şəhərinə  oxumağa  göndərildik. Gəlişimizin ilk vaxtlarında  əksəriyyətimiz  rus dilini akademik səviyyədə zəif bilməyimiz  səbəbindən  bu və ya digər problemlərlə üzləşirdik.  Lakin rus millətindən olan tələbə yoldaşlarımızın isti münasibətləri, professor-müəllim heyətinin atalıq, analıq qayğıları   Voroneji və orada yaşayıb işləyən insanları bizə sevdirdi,  sonralar isə doğmalaşdırdı. Bu xeyirxah insanların önündə professor Zapletin V. Y. dururdu.

İkinci Dünya Müharibəsinin qanlı-qadalı günlərində belə cəbhə xəttində Azərbaycandan olan insanlara xüsusi rəğbət bəsləyən bu  rus zabiti müharibədən keçən uzun müddətdən sonra da o hisslərə sadiq qalmışdı. Belə ki, Azərbaycana və azərbaycanlılara böyük hörmətlə yanaşan V.Y.Zapletin dövlətimizin kadr hazırlığı sahəsindəki  bu siyasətinə diqqətlə yanaşır,  gənclərimizin gələcəkdə bacarıqlı ixtisas sahibi, yüksək intelelktli ziyalı kimi formalaşması istiqamətində böyük səylər göstərirdi. Onun Azərbaycan ölkəsi üçün mühəndis-alim   yerquruluşçularının hazırlan¬masında  əməyini xüsusi  qeyd etmək lazımdır. Professor V.Y. Zapletin yerquruluşu ixtisası üzrə dissertasiyalar müdafiə etmiş və alimlik dərəcəsi almış ilk azərbaycanlı alimlərin   elmi  işlərinin   rəhbəri olmuşdur.

Professor V.Y.Zapletin kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə  ərazilərinin kompleks təşkilinin nəzəri və metodiki əsaslarının işlənməsini, torpaq ehtiyatlarından səmərəli istifadəni və onların mühafizəsini təmin edən yerquruluşu və torpaq kadastrı işlərinin    praktiki  əsaslarının hazırlanmasında  xüsusi xidməti olmuş  sovet alimidir. Professor V.Y.Zapletinin elmi-tədqiqat işləri aqrar iqtisadiyyat elminə böyük yeniliklər gətirmişdir. Hələ keçən əsrin 70-80-ci illərindən başlayaraq  sosialist yerquruluşunun modernləşdirilməsinin təşəbbüskarlarından  olmuşdur.  O, davamlı olaraq  aqrar-sənaye komplekslərinin ərazilərinin təşkili  nəzəriyyəsinin  və praktikasının təkmilləşdirilməsinə dair tədqiqatlar aparır, kadr hazırlığını gələcəyin  tələblərinə uyğunlaşdırırdı.Zəngin  torpaq, iqlim potensialına malik olan Sovetlər İttİfaqında  landşaft əsaslı ərazi planlaşdırmasının konseptual əsaslarına   ilkin  olaraq məhz  onun elmi əsərlərində rast gəlinir.
 Professor V.Y.Zapletinin     müəllifi və həmmüəllifi olduğu dərsliklər, dərs vəsaitləri     keçmiş SSRİ məkanında  mühəndis -yerquruluşçularının hazırlığı ilə məşğul olan  ali təhsil ocaqlarında     istifadə edilirdi.

“Zapletin yerquruluşu məktəbi”nin   azərbaycanlı müdavimləri sonradan müasir müstəqil  respublikaımızda torpaq islahatının müvəffəqiyyətlə həyata keçirilməsində yaxından iştirak etdilər. Onlar Azərbaycan Kənd Təsərrüfatı  Akademiyasında ,Azərbaycan   Memarlıq   və İnşaat Mühəndisləri İnstitutunda yerquruluşu və torpaq kadastrı istiqaməti üzrə mütəxəssis hazırlığında, İqtisadiyyat Nazirliyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Kənd Təsərrüfatı Nazirliyində, keçmiş Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində,  digər dövlət orqanlarında ölkəmizin təbii sərvətlərindən, o cümlədən torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə, onların mühafizəsinə dair dövlət əhəmiyyətli proqramların hazırlanmasının və həyata keçirilməsinin bilavasitə iştirakçıları oldular.   Bu gün həmin məzunlar arasında 1professor,2 elmlər doktoru, 3 elmlər namizədi,1 general vardır.

Ali  təhsil illərini Voronej şəhərində keçirən bir azərbaycanlının  təqribən yarım əsr     sonra bu böyük şəxsiyyəti yad etməsi onu göstərir ki,  böyük insanlar təkcə öz millətinə yox,bəşəriyyətə məxsusdurlar.Ona görə də, professor Zapletin V.Y. kimi insanlar ölmürlər,onlar əbədiyyata qovuşurlar,  xeyirxah əməlləri ilə  nəinki   millətinin,hətta digər millətdən olan insanların qəlblərində öz heykəllərini ucaldırlar. 

Yaxşı xatırlayıram, keçən əsrin 90-cı illərinin əvvəlində (ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv işğalı zamanı) professor V.Zapletin öz bəşəri borcuna sadiq qalaraq erməni tələbələrinin  də iştirak etdiyi mühazirə  auditoriyasında Ermənistanın işğalçı dövlət olduğunu demiş,   Qarabağ torpaqlarının Azərbaycan Respublikasına aid olduğunu bəyan etmişdir. Doğrudur,erməni əsilli birisinin rəhbərlik etdiyi  institut partiya komitəsində professor Zapletinin “məsələsinə baxıldı”,amma onun  alim nüfuzu, çoxminlik kollektiv içərisində qazandığı haqlı insan imici erməni partkomun qarayaxmasını heçə çıxardı... 

Bu gün müzəffər Ali Baş Komandan,  cənab prezident İlham Heydər oğlu Əliyevin iradəsi,şəhidlərimizin canı-qanı, qazilərimizin sağlamlığı hesabına torpaqlarımız ağı düşməndən azad edilib, ölkəmizin sərhədləri daxilində dövlətimizin suverenliyi tam təmin edilib, yurdlarından didərgin düşmüş soydaşlarımız öz ata-baba ocaqlarına  qayıdırlar. Millətindən asılı olmayaraq öz yurdlarında firavan yaşamağın insanlara tanrıdan verilən haqq olduqlarını anlayan hər bir kəs bu günü 30 ildən artıq müddət ərzində səbirsizliklə gözləyirdi.  Və, nəhayət o gün gəldi.....Bu gün professor Zapletinin də  ruhu   bir bəşər övladı kimi   şaddır.

Bu yazının müəllifi  keçən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə  respublikadan  kənarda ali     təhsil   almaq üçün göndərilən azərbaycanlı  gənclərdən biri, 1975-1980-ci illərdə o vaxtki Voronej Kənd Təsərrüfatı İnstitutunda (VKTİ) (indiki Voronej Dövlət Aqrar Universiteti ) yerquruluşu fakültəsinin tələbəsi olmuş,   1981-1984-cü illərdə orada  məqsədli aspiranturada əyani təhsil almış, kənd təsərrüfatı elmləri doktoru, professordur. 

Bir qrup  azərbaycanlı  gənc tədqiqatçının tələbəlik  illərində və aspiranturada oxuduğu zaman yüksək qayğı göstərmiş,  yazdığı dissertasiya işinə  rəhbərlik etmiş,  VKTİ-nin yerquruluşu və torpaq kadastrı kafedrasının uzun illər kafedra müdiri  olmuş,  Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının  müxbir üzvü,   Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor   Zapletin Vladimir Yakovleviçin   bu il  anadan olmasının 100 illik yubileyidir.                                        Azərbaycanda aqrar sahə üzrə bir qrur  gənc alimlərin yetişməsində əvəzsiz xidməti olan  Y.V.Zapletinin işıqlı siması  onun yetirmələrinin qəlbində  daim yaşayacaq. 
              

Ramiz  QULİYEV,             

Kənd  təsərrüfatı elmləri doktoru, professor