Azərbaycanda yayılmış gürzələr Təhlükədən qorunmağın və qorumağın yolları

Ötən həftə Samux rayonunda 28 yaşlı oğlanı ilan sancdı. Hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.
Adalet.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Seymur Əliyev ilan vurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə zəhər əleyhinə zərdab vurulub. İlkin məlumata görə 28 yaşlı kişini təsərrüfatda işləyən zaman ilan vurub. Hazırda vəziyyəti kafidən yaxşılığa doğru gedir.
Yayın gəlişi ilə əlaqədar ilanların fəallaşması adi haldı. Xüsusən işğaldan azad olunmuş ərazilərdə ilanlar daha çox, aktiv və eyni zamanda aqressiv olurlar. Çünki uzun illərdi yaşayış, tikinti olmayan ərazilər hazırda insan axınına və tikinti quruculuq işlərininin aparılmasına geniş meydan açır. Bu da çoxalma zamanı yurd dəyişən heyvanlarda psixoloji olaraq aqressiyaya səbəb olur.
İlansancma halları yaz-yay-payız aylarında mütəmadi baş verdiyi üçün bu problemlər ötən ilin bu vaxtlarında da mövcud idi. Məsələn, Ağdamın Çıraqlı kənd sakini 13 yaşlı Xəyal Quliyev, Tərtərin Qapanlı kənd sakini 17 yaşlı Əliyev Rəvan Habil oğlu əkin sahəsində işləyərkən ilanın hücumuna məruz qalıblar. Hər iki sakin ilansancması diaqnozu ilə xəstəxanaya aparıldı.
Bu yazını hazırlamaqda məqsədimiz odur ki, həyətinizdə, təsərrüfatınızda qarşınıza çıxan ilanların nə dərəcədə təhlükəli olub-olmadığını dəqiq biləsiniz və özünüzü onlardan qorumaqla, həm də onları qoruyasınız.
Azərbaycanda yayılmış ilan növləri
Son illərin tədqiqatlarına görə, hazırda dünyada ilanların 12 fəsiləni əhatə edən 3400-ə qədər növü məlumdur. Mütəxəsisilər bildirirlər ki, Azərbaycanda 4 fəsiləyə aid olan 30 növ yayılmışdır: korilanlar, yatağanlar, suilanları və gürzələr.
Kor ilanlar fəsiləsinə gözləri dərinin altında yerləşən, dişləri olmayan kiçik ilanlar daxildir. Onların bədəni kiçik və hamar pulcuqlarla örtülmüşdür. Azərbaycanda qurdvari kor ilancıq yayılıb. Bədən uzunluğu 400 mm-ə qədərdir. Xarici görünüşünə görə soxulcana bənzəyir. Qısa quyruğunun ucunda kiçik tikancıq yerləşir. Ağız başın alt tərəfində yerləşir. Torpaqda yaşayır, qazıcı həyat keçirir. Yerin səthinə yalnız yağışdan sonra və qaranlıqda çıxır.
Yatağanlar fəsiləsininnövləri tropik və subtropik ölkələrdə yayılıb. Ən iri ilanlar hesab edilən uzunluqları 11 metrə çatan anakondalar və uzunluqları 10 m olan pitonlar bu fəsiləyə aiddir. Azərbaycanda bu fəsiləyə aid bir növ – qərb yatağanı yayılıb. Fəsilənin ən kiçik növlərindən biridir.
Suilanları fəsiləsi.Müasir ilan növlərinin yarısı suilanları fəsiləsinə daxildir. Bunlar arasında həm zəhərsiz, həm də zəhərli növlər var. Bu fəsiləyə yerüstü, ağac, qazıcı, yeraltı və yarımsu həyat tərzi keçirən növlər daxildir. Azərbaycanda suilanları fəsiləsinə aid olan 20 növ ilan yayılıb: adi suilanı, suilanı, iribaş suilanı, qarabaş rinxocalamus, xaltalı eyrenis, nöqtəxətli eyrenis, dinc eyrenis, adi qonurilan, rəngbərəng təlxə, qurğuşunrəngli təlxə, qırmızıqarın təlxə, sarıqarın təlxə, zeytuni təlxə, naxışlı təlxə, pallas təlxəsi, Cənub Qafqaz təlxəsi, İran təlxəsi, kələz ilanı, oxvari qumilanı, qafqaz dailanı.
Gürzələr fəsiləsinəzəhərli ilanlar daxildir. Gürzələr ən mükəmməl zəhər aparatına malikdirlər. Azərbaycanda gürzələr fəsiləsinə aid olan 8 növ yayılmışdır: adi qalxansifət, Levantiya irigürzəsi, Radde gürzəsi, Şamaxı gürzəsi, İrəvan gürzəsi, Dinnik gürzəsi, Lotievi gürzəsi, Hirkan və ya Elbrus gürzəsi.
Haşiyə: Heyvandarlıqla məşğul olan kənd sakinləri sahədə qəribə səs eşidiblər. Səs istiqamətinə yollanan sakinlər sahədə böyük ilanla qarşılaşıblar. Ən zəhərli ilanlardan hesab edilən gürzə ilanını ağacla öldürmək mümkün olmayıb. Çarəsiz qalan sakinlər ilanı ov tüfəngi ilə öldürüblər.
Öldürülən ilan Qafqaz gürzəsidir. Gürzənin uzunluğu 2 metr 60 santimetr olub.
Sakinlər bildirib ki, bu növ ilanlar son günlər Bico kəndinin ərazisinə yayılıb. Son bir ayda kənd ərazisində 20-dən artıq gürzə öldürülüb.
Ötən il Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində müvvəqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün Komu Ağayev dörd metr uzunluğunda olan ilan öldürüb. Qəsəbənin Alxaslı obasında K.Ağayev xallı sarı gürzə kimi tanınan ilanı o həyətində əl ağacı ilə öldürüb.
Sakinlərin məlumatına görə, son günlər havaların istiləşməsi ilə Laçın obalarında ilanların peyda olması adi hala çevrilib. Lakin dörd metrlik ilanın həyətlərə girməsi ilk dəfə müşahidə olunub
İlanları digər canlılardan fərqləndirən əsas əlamətlər
İlanlar onurğalı heyvanlardır. Bədənləri xaricdən pulcuqlarla örtülmüşdür, atmofer havası ilə tənəffüs edir, yumurta qoymaqla çoxalırlar və bədən temperaturları dəyişkəndir. İlanlar öz mənşəyini kərtənkələlərin qədim qruplarında götürmüşlər. Ilanlarda göz qapaqları yoxdur və göz xaricdən hərəkətsiz, şəffaf qişa ilə örtülmüşdür. Xarici qulaq dəliyi və təbil pərdəsi yoxdur. Ətraflar, ətraf qurşaqları və döş sümüyü atrofiya etmişdir. İlanların hamısı öz ovlarını bütöv udur. İri şikarı tutmağa və udmağa uyğunlaşma ilə əlaqədar olaraq ilanlarda kəllənin quruluşunda bəzi dəyişikliklər əmələ gəlmişdir. Onlarda çənə sümükləri bir-birinə elastiki bağlar vasitəsi ilə birləşdiyindən, ağızlarını geniş aça bilirlər. Ovlarını udarkən, alt çənənin sağ və sol hissələri irəli və geri hərəkət edir, adama elə gəlir ki, ilan şikarı deyil, şikar ilanı udur. Həmçinin ilanlarda qapalı döş qəfəsinin olmaması, onlara iri ovu udmağa imkan yaradır. Iti dişlərin ucları geriyə əyildiyi üçün yem yalnız içəriyə ötürülə bilir. İlanların hərəkət xüsusiyyəti ilə əlaqədar olaraq fəqərələrin sayı çoxdur (141-435-ə qədər). Ağciyərin sağ hissəsinin yaxşı inkişaf etməsi (sol hissə olmur və ya rudimentdir), sidik kisəsinin olmaması, böyrəklərin və cinsiyyət vəzilərinin çox uzun olması da ilanlar üçün səciyyəvidir.
AMEA Zoologiya İnsitutu biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova fikrincə, zəhərli ilanları zəhərsiz ilanlardan fərqləndirən xarici əlamətlər bunlardır:Ilanlar zəhərli, zəhərsiz və yarızəhərli olmaqla üç qrupa bölünürlər. Ilanların böyük əksəriyyəti zəhərsizdir və şikarlarını mexaniki təsirlə, güclü əzələləri vasitəsilə boğaraq öldürür, sonra udur. Zəhərli ilanlar isə ovlarını zəhər dişləri ilə sancaraq öldürüb udurlar. Zəhər vəziləri şəkilini dəyişmiş tüpürcək vəziləridir. Zəhər vəzilərinin mexaniki yığılması nəticəsində, burada əmələ gələn zəhər zəhərçıxarıcı kanala, oradan isə bir cüt novlu və ya borulu zəhər dişlərinə axır. Zəhərli ilanların başı girdə-üçbucaq formada olub, boyun hissədən aydın şəkildə ayrılır. Baş hissəsi üst tərəfdən çox saylı xırda pulcuq və ya qeyri-düzgün formalı xırda qalxancıqlarla örtülü olur. Zəhərsiz ilanlardan fərqli olaraq, zəhərli ilanların bədəni yoğun, quyruğu isə qısadır. Üst çənə sümüyünün ön hissəsində boruşəkilli iri zəhər dişləri var. Yarımzəhərli ilanlarda əsl zəhər aparat və zəhər hazırlayan xüsusi vəzilər yoxdur. Lakin, bunlarda üst çənə sümüyünün arxa tərəfində şırımlı zəhər dişləri və zəhərli tüpürcəyi olduğundan, bu növlər yarımzəhərli hesab edilir. Yarımzəhərli ilanların insanı sancması təhlükəli deyil. Bu zaman dişlənən nahiyə qızarır, şişir, yalnız yerli zəhərlənmə baş verir.
Zəhərli ilanla yazda, yayda və payızın əvəllərində rastlaşmaq olar. İlanla rastlaşdıqda sakitcə ondan uzaqlaşmaq lazımdır. İlanlar səbəbsiz yerə sancmır və hücum etmir. İlanı tutmaq və ya onu qıcıqlandırmaq qətiyyən olmaz. Açıq ərazilərdə gəzinti zamanı uzun çubuq vasitəsilə gedəcəyiniz yeri yoxlamaq lazımdır. Buradakı daşların üzərinə oturmaq və ya əllə daşları qaldırmaq olmaz.
Zəhərli ilan sancmış insana göstərilən ilk tibbi yardım
Zəhərli ilanın sancdığı insanın dərisində zəhər dişlərinin yeri iki qanlı nöqtə şəkilində qalır. İlan sancmış insana ilk tibbi yardım, zəhərin orqanizmdə yayılma sürətini azaltmaq üçün zərərçəkənin hərəkətsizliyi təmin etməkdir. Daha sonra sorucu vasitələrin köməyi ilə qandakı zəhəri birbaşa sormalı, zədələnmiş nahiyəyə soyuq kompress qoyulmalıdır. Zərərçəkəni kip geyimdən azad edib, yaradan bir neçə santimetr yuxarı və aşağı nahiyəni parça sarğı ilə boş şəkildə sarımaq lazımdır. Zərərçəkənə spirtli içki və yemək vermək olmaz. Daha sonra zərərçəkən təcili olaraq xəstəxanaya və ya tibb məntəqəsinə çatdırılmalıdır ki, burada ona zəhərə qarşı zərdab vurulsun.
İlanlardan qorunmaq üçün profilaktik tədbirlər
İlanlar əsasən kolluq, quru daşlıq ərazilərdə, gəmiricilər, kərtənkələ, quşlar yaşayan gizlənmək üçün əlverişli olan müxtəlif sığınacaqlar olan yerlərə üstünlük verirlər. Ona görə də aşağıdakı profilaktik təbdirlərə riayət etmək lazımdır.Ərazidəki müxtəlif növ tullantılar yığışdırılmalı, otlar qısa kəsilməlidir. Ərazidə gəmiricilərin yaşamasına şərait yaratmamalı. İlanlar bu heyvanlarla qidalanır və yuvalarında isə gizlənirlər. Əgər ərazidə ilanların gizlənməsi üçün əlverişli yerlər varsa, bu yerlər kəskin qoxusu olan ilanqovucu vasitələrlə işlənməlidir.İlanlar bir çox qoxulara öyrəşə bildiyi üçün və qoxu zuzn müddət qalmadığı üçün ilan qovucu vasitələr növbələşdirilməli, həm də ən azı hər 7-10 gündən bir təkrarlanmalıdır.İnsan çalışan qapalı yerlərə insan üçün zərərli olmayan kəskin qoxulu maddələr səpilə bilər.
Sonda: Azərbaycan Milli Elmlər Akademiyasi Zoologiya İnstitutndan Trend-ə verilən məlumata görə, Quba-Xaçmaz zonasının herpetofaunası üzrə tədqiqatlar aparılarkən Azərbaycanda Böyük Qafqazın yüksək dağlıq əraziləri üçün yeni, Gürzələr (Viperidae) fəsiləsinə aid olan ilan növü (Pelias lotiyevi - Lotiyev başıqalxanlısı) aşkar edilib.
Bu növün dünya üzrə arealı Şimali Qafqaz regionudur və Böyük Qafqazın şimal yamacları boyu (Soçi ş. ətrafı) ərazilərindən Dağıstan-Azərbaycan sərhəddinə qədər uzanan kserofit dağlıq ərazilərini (dən.səv. hünd. 1000-2500 m) əhatə edir. Lotiyev başıqalxanlısının Azərbaycanda da (Dağıstanla həmsərhəd dağlıq ərazilərdə) yayılması ehtimal olunurdu. Əldə edilən tapıntı sübut etdi ki, Gürzələr (Viperida) fəsiləsindən olan Lotiyev başıqalxanlısı Azərbaycanda Böyük Qafqazın şimal yamaclarında yayılıb.
Hələlik bu növə Azərbaycanda yalnız Quba rayonu hüdudunda dəniz səviyyəsindən 1900-2300 m hündürlükdə yerləşən subalp dağlıq ərazilərində (Xınalıq kəndi ətrafı) rast gəlinib.
Əntiqə Rəşid