adalet.az header logo
  • Bakı -°C
23 Aprel 2026 12:51
90
HÜQUQ
A- A+

 “Azərbaycanda mediasiya xidmətini üstünlükləri”

Hörmətli oxucular, Mediasiya Şurası fəaliyyətinə başladığı gündən yaratdığı ənənəyə sadiq qalaraq, 2026-cı ilin 1-ci rübü üzrə hesabatını təqdim etmişdir. Belə ki, mediasiya təşkilatlarına ümumilikdə 11,531 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərdən 10,245-i ailə mübahisələri, 1,059-u əmək mübahisələri, 59-u kommersiya mübahisələri, 164 müraciət mülki mübahisələr, 4 müraciət isə digər mübahisələr üzrə olmuşdur. 

Daxil olan müraciətlərdən 10,585-i nəticələnmişdir. Tamamlanan işlərdən ilkin mediasiya sessiyasında bir tərəfin iştirak etmədiyi işlərin ümumi sayı 5,257, xitam verilən və mediasiyadan imtina edilən işlərin ümumi sayı isə 1,466 olmuşdur.

2026-cı ilin 1-ci rübündə ümumilikdə 1,794 barışıq sazişi imzalanmışdır ki, bu da 46.5% uğurlu nəticə deməkdir. Əldə edilən barışıqlardan 1,482 barışıq ailə, 241 barışıq əmək, 10 barışıq kommersiya, 57 barışıq mülki mübahisələr, 4 barışıq isə digər mübahisələrlə bağlı müraciətlər üzrə olmuşdur.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, yuxarıda qeyd etdiyim nəticələrin arxasında mediatorların gərgin əməyi və mediasiya təşkilatları rəhbərlərinin peşəkar idarəçilik fəaliyyəti dayanır. Mən əminliklə bildirirəm ki, könüllərdə qurulan barışıq körpüsü: mediatorun xoşbəxtlik missiyasıdır. 

Bir mediator olaraq fəaliyyətimdə əsas prinsipim budur: tərəflərə heç bir ayrı-seçkilik etmədən, onlara səmimiyyət və məhəbbət duyğusu ilə yanaşdıqda ən gözəl nəticələr əldə olunur. Mediasiya sessiyaları zamanı mənə ən böyük xoşbəxtliyi bəxş edən anlardan biri - bəzən tərəflərin illərlə davam edən gərginliyi geridə qoyub, iclas otağında prosesi dayandıraraq, bəzi hallarda isə ilkin mediasiya sessiyası başlamadan belə barışaraq öz evlərinə dönməsi anıdır.

Bu, sadəcə bir mediasiya prosedurunun tamamlanması deyil; bu, bir ailənin, bir dostluğun və ya bir iş birliyinin yenidən canlanması, cəmiyyətimizdə sülhün qələbəsidir. 

Hərçənd, bu xoş mənzərələr ictimaiyyətdə yanlış bir rəy formalaşdırmamalıdır. Mediasiya xidməti insanlara hər hansı göstəriş verən və ya onlar üçün qərar çıxaran bir qurum deyildir. Əksinə, mediasiya - tərəflərin uzun müddət davam edən mübahisələrini alternativ və daha səmərəli yollarla həll etmələrinə peşəkar şərait yaradan, onlara bu prosesdə bələdçilik edən mühüm bir təsisatdır.

Mediasiya proseslərində tərəflərin vəkilləri və qanuni təmsilçiləri də mühüm rollar oynayırlar. Xüsusilə qeyd etmək lazımdır ki, məhkəmələrimiz və hakimlərimiz mediasiya proseslərinə böyük önəm verirlər. Vətəndaşların mediasiyaya yönləndirilməsində və keyfiyyətli barışıq sazişlərinin formalaşmasında vəkillərin və hakimlərin dı rolu əvəzsizdir. 

Təcrübədə bəzən tərəflərdən birinin sazişi icra etməməsi halları ilə rastlaşılır. Belə məqamlarda məhkəmələr, qanunvericiliyə uyğun olaraq, barışıq sazişlərini xüsusi icraat qaydasında təsdiq edir və məcburi icra prosesinə yönləndirirlər. Beləliklə də mediasiya quruculuğu sahəsində mükəmməl məhkəmə təcrübəsi formalaşdırılır. Bu səbəbdən, vətəndaşların barışıq sazişinə olan inamı artmış olur.

Sonda yuxarıda qeyd etdiyim uğurlarımızın əldə edilməsində böyük əməyi keçən Mediasiya Şurasının rəhbəri hörmətli Nadir Adilova dərin təşəkkürümü bildirirəm.
 

Emin  Qəzənfəroğlu,

Hüquqşünas -mediator