28 Iyun 2013 00:47
34537
MƏDƏNİYYƏT

AZƏRBAYCAN XALQ ÇALĞI ALƏTLƏRİ ÜÇÜN ƏSƏRLƏR YAZILMIR!

Bir həqiqtəti də etiraf edək. Orta ixtisas musiqi məktəblərinin, musiqi kolleclərinin və ali musiqi məktəblərinin yuxarı sinif şagird və tələbələri ifa etməyə əsərlər tapa bilmirlər. İstər dərslərdə, imtahanlarda, istərsə də konsertlərdə çalınan repertuar xarici və respublika bəstəkarlarından köçürmələr sayəsində təşkil edilir. Ən yaxşı halda, A.Gərayın, S. Ələsgərovun, A. Rzayevanın xalq çalğı alətləri orkestri üçün pyeslərinin tar, kamança, balaban, qanun ilə fortepiano üçün köçürmələri çalınır: "Bağçakürd", "Səfikürd", "Tarantella", "Şahnazsayağı", "Daimi hərəkət", "Xəyala dalarkən", "Şalaxo", "İntermesso", "Vətənpərvərlər marşı" və s. Nəzərə alaq ki, bəstəklarımızın opera və baletlərinin ayrı-ayrı səhnələrinin musiqisi (Q.Qarayev "Yeddi gözəl" baletində "Ayişənin rəqsi", "Vals" və s.), estrada orkestri üçün pyesləri (A.Bəbirov "Konsert-pyes"), filmlərdən musiqi (T. Quliyev "Vals"), rus bəstəkarlarının operalarından, fortepiano pyeslərindən tar üçün köçürmələr çalınır.
Bu xüsusda bir faktı qeyd edim. Ötən il İtaliyanın çox məşhur səsyazma şirkətində Xalq artisti, professor Ramiz Quliyevin albom-diski istehsal olundu və yayımlandı. Diskdə R. Quliyev muğamlardan başqa, not əsərlərini də ifa edir. Bu əsərlərdən yalnız biri - H. Xanməmmədovun 2 N-li tar konserti məhz tar üçün yazılmış əsərdir, digərlərinin hamısı tar üçün köçürmədir. Azərbaycan tar ifaçılığının UNESKO-nun qeyri-maddi mədəniyyət irsi üzrə Representativ siyahısına daxil olmasından sonra buraxılan bu albom-diskdəki tar repertuarı, əslində, dolayı yolla tar üçün əsərlərin olmadığını bəyanlayır. Şübhəsiz ki, R. Quliyev albom-diskdəki əsərləri də, muğamları da yüksək peşəkarlıqla, ali professional səviyyəli ustad ifaçı kimi təfsir edir. Amma fakt faktlığında qalır: tarımızla fəxr edirik, onu dünyaya çıxaranda isə Azərbaycan bəstəkarlarının tar üçün konsert pyeslərini tapa bilmirik...
Əlbəttə, milli alətlərimizin tədrisində xarici ölkə bəstəkarlarına müraciət təqdirəlayiqdir, həm də vacibdir, lakin bir mühüm şərtlə ki, tədris-not ədəbiyyatının böyük hissəsini məhz bu alətlər üçün yazılan pyeslər təşkil etsin. Belə bir mahiyyətli səbəbə görə ki, alətin tədrisi ibtidaidən aliyə qədər mütləq çoxluq təşkil edən köçürmə əsərlər əsasında qurula bilməz! Başqa sözlə, alətin tədrisi, öyrədilməsi, ifaçının yetişməsi köçürmə əsərlər əsasında deyil, ilk növbədə alət üçün müəyyən metodik sistemlə yazılan tədris və konsert pyesləri əsasında reallaşmalıdır. Hər hansı milli alətin tədrisi uşaq musiqi məktəbindən orta ixtisas məktəblərinə, gimnaziya və kolleclərə qədər, buradan da ali musiqi təhsilinə və magistraturaya qədər başqa alətlər üçün yazılan əsərlərin hesabına həyata keçilə bilməz. Bu, tədrisin metodikası baxımından da yolverilməzdir.
Azərbaycan ifaçılıq sənətində aparıcı alət olan tar üçün indiyə qədər tədris və konsert əsərlərinin yazılmaması, təəssüf ki, heç kimi narahat eləmir. S. Ələsgərov "Tar ilə fortepiano üşün sonatina"nı 1960-cı ildə bəstələyibdir. 21-ci əsrdə isə gənc bəstəkar V. Allahverdiyev solo tar üçün "Qarabağ balladası" sonatasını yazıbdır. Bəstəkarların bu iki konsert əsərindən başqa, təcrübəli tar müəllimləri N. Aydəmirli tar ilə f-no üçün "Ballada", bu yaxınlarda isə tar ilə f-no üçün Ə. Məmmədli "Elegiya" (tarzən Kamil Əhmədovun xatirəsinə), H. Vəkilov "Şıdırğı" və "Çılğın rəqs" bəstələmişlər, vəssalam. Bu iki sonatadan və 4-5 pyesdən başqa, konsertlərdə, tədrisdə tarın ifa etməyə sonataları, iri və orta həcmli pyesləri yoxdur. Halbuki, asan, orta, yuxarı çətinliklərdə onlarla sonata və sonatinalar, yüzlərlə pyeslər yazılmalıdır. Tar ilə kamera orkestri üçün 15-20 ildir yazılmış 1-2 əsəri həmişə eşitməkdən isə, qulaq, necə deyərlər, yorulubdur...
Təsəvvür edin, əgər professional tar ifaçısı fərdi konsert vermək istəsə, bu konsertdə məhz tar üçün yazılan 10-15 əsəri çətin ki, tapıb ifa edə bilsin. Konsertin proqramı mütləq xarici və yerli bəstəkarların kamera əsərlərindən, opera və baletlərindən köçürmə pyeslər hesabına yazılacaq. Belə açınacaqlı və böhranlı duruma nə vaxta qədər göz yumub, saxta bəhanələrlə "bəraətlər" qazandırmağa cəhd edəcəyik? Milli alətlərimizin tədrisi və ifası üçün bizim yerimizə hansı ölkədən gəlib əsərlər yazmalıdırlar? Görəsən, Azərbaycanda fortepiano, skripka, alt, violonçel, fleyta, klarnet tədrisi və konsert fəaliyyəti də başqa alətlərlərdən köçürmələr sayəsində inkişaf edir? Əlbəttə yox. Bu alətlərin tədrisində hətta hər bir sinif üçün xüsusi pedaqoji repertuar vardır.
Kamança, balaban, qanun alətləri üçün isə ümumiyyətlə, əsərlər yazılmır. Balabanın və qanunun tədrisində yenə də xarici və yerli bəstəkarların orkestr və s. əsərlərinin köçürmələri çalınır. Bu alətlərin tədrisdəki repertuarını, pyes qıtlığını, alət üçün məxsusi əsərlərin olmamasını "ölü vəziyyət" adlandırmaq daha düzgün olar. Bu alətlər nəinki tədrisdə və imtahanda, heç konsertlərdə də çalmağa əsər tapmırlar. Mən əlbəttə, bu alətlər üçün rus, Avropa əsərlərinin, mahnıların köçürülməsini nəzərdə tutmuram. Söhbət yenə də məhz kamança, balaban və qanun alətləri üçün məxsusi əsərlərin olmamasından gedir.
Bəs qədim musiqi alətimiz balabana necə münasibətdəyik? Buyurun, uzun illər tədris olunmasına baxmayaraq, balaban üçün son 100 ildə cəmi 1 əsər yazılıbdır: S. Ələsgərov, "Xəyala dalarkən". Əgər balabanda konsert səhnəsində və ya tədrisdə çalmağa S. Ələsgərovun "Xəyala dalarkən" pyesindən başqa əsər yazılmayıbsa, görəsən, belə açınacaqlı və biabırçı vəziyyət bəstəkarları, ifaçıları və musiqi təhsilinə cavabdeh şəxsləri niyə zərrə qədər narahat eləmir? Gərək ermənilər Avropa səhnələrində balaban əsərlərindən ibarət konsertlər versinlər ki, ondan sonra biz də hərəkətə gələ bilək?
R. Mirişlinin "Kamança məktəbi" dərsliyi nə qədər uğurlu addım olsa da, indiyə qədər bu alət üçün tədris əsəri çatışmazlığına təsir göstərə bilməyib. Çünki bu vəsaitdə toplanan etüdlərin, pyeslərin heç biri kamança üçün yazılmayıbdır və hamısı kamança üçün köcürmədir. Azərbaycanda son 100 ildə kamança üçün yazılan əsərlərin sayı barmaqla sayılacaq qədər azdır:
1. S. Ələsgərov. Tarantella.
2. H. Xanməmmədov. Kamança ilə simfonik orkestr üçün konsert.
3. Z. Bağırov. Kamança ilə simfonilk orkestr üçün konsert.
4. Ə. Rəhmətova. Kamança ilə simfonik orkestr üçün konsert.
5. N. Quliyev. Ədalətsiz kaman.
Buyurun, 100 ildir tədris olunan, səhnələrdə konsert verən milli alətimiz kamança üçün çalmağa bu günə qədər cəmi 5 əsər bəstələnibdir. Respublikanın musiqi təhsilində də yalnız bu əsərlər tədris edilir. Alətin tədrisində yer alan yüzlərlə digər pyeslərin hamısı isə başqa alətlərdən, orkestr pyeslərindən köçürmələrdir. Görəsən, bu doğma, qədim musiqi alətimizə niyə bu qədər biganə, yad münasibətdəyik?
Qanun aləti üçün son 30 ildə yazılan əsərlər cəmi 4 dənədir ki, bunlar da uşaq musiqi məktəblərindən başlamış ali musiqi məktəblərinə qədər tədrisdə istifadə olunur:
1. S. Ələsgərov. "Poema";
2. S. Ələsgərov. "Şalaxo";
3. D. Dadaşov. "Cinarənin sevinci";
4. D. Dadaşov. "Kapris".
İstər qanun, istər kamança üçün yazılan əsərlərin hamısı, demək olar, əlyazma halındadır. Nə Bəstəkarlar İttifaqı, nə müvafiq nazirliklər, nə təhsil müəssisələri onları respublika musiqi-tədris müəssisələri üçün dövlətin pulu ilə çoxsaylı tirajla nəşr etdirmək istəyində deyil. Bu alətlər üçün barmaqla sayılacaq qədər az əsər yazmağımız bir tərəfə, üstəlik, onlar hələ də nəşr olunmamış vəziyyətdədirlər. Tar üçün əsərlərə gəlincə, bəziləri sovet dönəmində SSRİ mədəniyyət və təhsil qanunvericiliyi əsasında dövlətin pulu ilə nəşr olunublar. Bəziləri isə müstəqillik dövrümüzdə müəlliflərin - Ə. Məmmədlinin, H. Vəkilovun, N.Aydəmirlinin şəxsi vəsaitləri ilə çapdan çıxa biliblər. Bununla belə, tar üçün tədris və ifa əsərlərinin müəyyən qismi şagird və tələbələrə hələ də əlyazma halında keçilir. Bu biganəliyə nazirliklər, Bəstəkarlar İttifaqı, müvafiq təhsil müəssisələri nə vaxt son qoyacaqlar?
Bəli, respublikada xalq çalğı alətlərinin ixtisas-not tədrisi bu dərəcədə biabırçı və acınacaqlıdır. Musiqi ictimaiyyətinə, musiqi təhsili işcilərinə, bəstəkarlara, musiqi təhsilini idarə edən müvafiq nazirliklərə - hər birimizə utanc gətirən faktdır. Buyurun, Azərbaycan Respublikasının musiqi təhsili və tədrisində Azərbaycan milli alətlərindən kamança üçün 5, qanun üçün 4, balaban üçün 1 əsərdən istifadə olunur. Bu alətlərin uşaq musiqi məktəblərindən ali musiqi təhsili verən məktəblərə qədər tədris olunması faktını nəzərə alsaq, vəziyyətin hansı səviyyədə olduğunu daha yaxşı dərk edərik. Bəli, müəllimlər tədris etməyə başqa əsər tapmırlar. Milli alətlərin tədrisi ibtidaidən aliyə doğru yalnız köçürmə pyeslər sayəsində həyata keçirilir. Ona görə ki, bəstəkarlarımız xalq çalğı alətləri üçün əsərlər, ümumiyyətlə, yazmırlar və ya yazmaq istəmirlər. Milli alətlərimiz üçün tədris, ifa repertuarının yoxluğu, belə alınır ki, heç kimi zərrə qədər də narahat eləmir. Görəsən niyə indiyə qədər uşaq musiqi və incəsənət məktəblərində, incəsənət gimnaziyasında, orta ixtisas musiqi məktəblərində, musiqi kolleclərində, ali musiqi təhsili verən məktəblərdə bu böhranla bağlı müzakirə və təkliflər meydana çıxmayıb, bu barədə çıxışlar, qərarlar, Bəstəkarlar İttifaqına və müvafiq nazirliklərə ardıcıl müraciətlər edilməyib? Yəni doğrudanmı, milli alətlər tədrisinin belə acınacaqlı durumu ixtisas müəllimlərini, tədris müəssisələrini, musiqi təhsilinə cavabdeh nazirlikləri qətiyyən narahat eləmir?
Xoşbəxtik ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Milli Konservatoriyasını təsis etdi. Hamılıqla sevindik. Amma problem yenə də başımızın üstündən əskik olmadı. Bəlkə Ulu Öndər Mədəniyyət və turizm nazirliyinə, Təhsil nazirliyinə, Bəstəkarlar İttifaqına milli alətlər üçün tədris və ifaçılıq repertuarının yazılması haqqında da rəsmi sərəncam imzalamalı idi? Bizə ayıb olmazmı? İşləmək, yaratmaq, inkişaf etmək üçün bundan artıq da imkan və şərait olar? Gəlin, səhvlərimizi, biganəliyimizi, işləmək istəyənlərə məhəl qoymamaq, aşağı instansiyaların probleminə və müəllim fikrinə saymazyana, ədalı yanaşmaq kimi mənfi keyfiyyətlərimizi boynumuza alaq. Şübhə etmirəm ki, açıq məktub şəklində açıqladığım, araşdırdığım və müzakirəyə çıxardığım bu problem respublikanın xalq çalğı alətləri üzrə bütün müəllimlərinə, musiqi-təhsil müəssisələrinə, onların şöbə müdirlərinə, direktorlarına, rektorlara da yaxşı məlumdur. Bəlkə ona görə dinib-danışmaq istəmirlər ki, bu, "yuxarıdakıların" - yəni tabeliyində olduqları nazirlik və idarələrin xoşuna gəlməyə bilər, orada oturan kimlərisə əsəbiləşdirə bilər, sistemi tərpədər, əvəzində cəzalanarlar, işlərini və dərslərini itirərlər və s. və i.a. Belə gözləmə mövqeyinin, "mənə nə var" yanaşmasının nəticəsində isə vəziyyət beləcə durğun, acınacaqlı, böhranlı bir çəkildə davam etməkdədir. Yaxşı, gəlin, hamılıqla susaq, vəziyyət haqqında düz danışanları eşitməzliyə vuraq, düz sözü yalana yozaq - bəs sonra? İtirən yenə də özümüz, övladlarımız, mədəniyyətimiz, təhsilimiz olacaq. Buyurub seçin: ya bu açıq məktuba dəstək verin, böhranın həllinə nail olun, ya da xalq çalğı alətlərimizlə bağlı mövcud böhranı istədiyiniz qədər yaşadın...

(Ardı var)

Ariz ABDULƏLİYEV,
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, böyük elmi işçi
[email protected]