Azərbaycan QHT-ləri Ermənistanın mina terroru ilə bağlı bəyanat yaydı
Azərbaycan Qeyri Hökumət Təşkilatları (QHT) Ermənistanın mina terroru ilə bağlı bəyanat yayıb.
Adalet.az xəbər verir ki, bəyanatda deyilir: "Ermənistan bütün tarixi dövrlərdə Azərbaycanın mülki əhalisinə münasibətdə beynəlxalq hüququn prinsip və normalarına qarşı hərəkət edib. Onlar istər I Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində terror hadisələrini, Azərbaycan əhalisinə qarşı soyqırımı istəklərini heç vaxt gizlətməyib və dinc Azərbaycan əhalisinin qətlinə səbəb olublar. Hətta 2020-ci il Vətən müharibəsinin bitməsinə baxmayaraq, ölkəmizin mülki şəxslərini hədəfə alan və Ermənistan tərəfindən törədilən mina terroru bu gün də davam etməkdədir.
Otuz il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan bu torpaqlarda 1 milyondan çox mina basdırıb. Əsasən, Ermənistan və başqa ölkələrin istehsalı olan bu minaların partlaması nəticəsində təkcə Vətən müharibəsindən sonra keçən iki il ərzində 267 Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Bu günədək minaların təmizlənmə prosesi zamanı on minlərlə mina və partlamamış hərbi sursat tapılaraq məhv edilmişdir. Azərbaycan hökuməti dəfələrlə Ermənistandan mina xəritələrini tələb etsə də, Ermənistanın buna cavabı adekvat olmayıb. Ermənistan tərəfindən verilən mina xəritələri isə ümumi minalanmış ərazilərin çox kiçik faizini əhatə etmişdir və həmin sənədlərdə verilən məlumatın dəqiqliyi və etibarlılığı çox aşağı səviyyədədir.
Bu gün Azərbaycan Respublikası işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərini öz daxili resursları hesabına görür. İşğal dövründə dağıdılmış bu ərazilərin işğalçılar tərəfindən minalarla çirklədirilməsi və işğaldan azad olunmuş bu torpaqların minalardan təmizlənmə prosesinin uzun müddət çəkməsi bərpa prosesini ciddi şəkildə ləngidən amillərdən biridir. Zamanında Ermənistanın bu hərbi cinayətə getməsi perspektivdə həm də mümkün quruculuq işlərinə zərbə vurmaq məqsədilə baş verib. Təəssüf hissi ilə qeyd edirik ki, azad edilmiş ərazilərimizdə mövcud olan mina problemi bu gün həm bərpa prosesini və məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngidir, həm də bir terror hadisəsi olaraq çoxsaylı insanların həyatına son qoyur və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olur.
Ermənistanın Azərbaycana qarşı törətdiyi və əsasən dinc sakinləri hədəfə alan mina terroru bütövlükdə bəşəriyyət əleyhinə yönəlmiş hərbi cinayət, sülhə və sabitliyə ciddi təhlükədir. Hər bir partlayan mina sadəcə kiminsə həyatına və sağlamlığına son qoymur. Bu, yalnız mina təsirinə birbaşa məruz qalmışlar və onların yaxınları üçün n faciə deyil, eyni zamanda, yeni nifrət dalğalarının mənbəyidir. Bununla yanaşı, mina terroru Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün münbit şəraitin əldə edilməsinin qarşısını alır. Minalar müharibə və zorakılıq toxumlarıdır və biz dünyanın bütün xoşməramlı insanlarından dəstək istəyir, mütərəqqi qüvvələri mina terroruna qarşı mübarizə aparmaq üçün birləşməyə çağırırıq.
Bu səbəbdən biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara üz tutaraq, Ermənistanın törətdiyi müharibə cinayətlərinin beynəlxalq qurumlar tərəfindən araşdırılmasını, ərazilərin minalanması və xəritələrin təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməsini və beynəlxalq ictimaiyyətdən, beynəlxalq təşkilatlardan Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edirik".