adalet.az header logo
  • Bakı 11°C
13 May 2022 13:35
1399
MƏDƏNİYYƏT

Azərbaycan Kinomatoqrafiyasının incisi: “Böyük dayaq”- 60

Azərbaycan kinomatoqrafiysında elə film nümunələri var ki, yüz il keçsə də nə aktuallığını, nə də maraq dairəsini itirəcək. Bizi ekrana kilidləyən süjet xətti, ekran işi, güclü aktyor və yaradıcı heyət qruppası filmdə gedən hər cümləni belə yaddaşlara yazıb. Bir sözlə film özünü sevdirib.

Belə baxımlı və sevilən filmərdən biri olan “Böyük dayaq” filminin 60 yaşı tamam olur.

Adalet.az xəbər verir ki, kinomuzun incilərindən sayılan, kinorejissor Həbib İsmayılov “Böyük dayaq” filmini 1962-ci ildə ekranlaşdırıb. . "Azərbaycanfilm" kinostudiyasında istehsal edilən filmdə baş rolları yüksək aktyorluq qabliyyətinə malik Ələsgər Ələkbərov, Tamilla Rüstəmova, Həsən Məmmədov, Leyla Rzayeva, Zemfira Əliyeva, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov və Hacımurad Yegizarov və başqaları filmlə birgə oynadıqları obrazları da tamaşaçıların beyninə həkk ediblər.

Xalq yazıçısı Mirzə İbrahimovun ssenarisi əsasında çəkilən ekran əsərində dövrün siyasi və əxlaqi xüsusiyyətləri müqayisəli şəkildə göstərilərək tərbiyəvi formada işlənib. Əsərdə olduğu kimi, kinoromanda da ciddi siyasi, əxlaqi və tərbiyəvi problemlər qaldırılıb. Eyni zamanda o dövrdə kənd təsərrüfatında gedən yeniliklər, bir sovet kəndinin gündəlik yaşam tərzi, insanları, rəhbərlikdə gedən demokratik proseslər, şəffaflıq, yenilik uğrunda gedən mübarizə önə çəkilir.

Elə indi də Mayə bacı, Qaraş, Səkinə, Pərişan, Şirzad, Telli arvad,

Yastı Salman, Lal Hüseyn, Yarməmməd, Kələntər lələş, Çoban Kərəm, Naznaz və digər mənfi və müsbət obrazları öz doğmalarımız kimi görürük. Ətrafımızda nə qədər belə insanlar olduğunu xatırlayırıq.

Film çəkilib hazır olandan tam bir il sonra – 13 may 1963 –cü ildə ekranlarda göstərilib.

Mediada gedən məlumatlarda, xüsusən “Bizimyol.info” saytında bu haqda gedən məqalədə bildirilir ki, filmin ssenari müəllifi olan Mirzə İbrahimov öz qəhrəmanını Sabirabadda tapıb. Kolxoz həyatından yazmaq üçün bir müddət Sabirabada, Suqovuşan kəndindəki Həzi Aslanov adına kolxozun sədrinin evində qonaq qalıb. Rüstəm kişinin evində…

“Film Tovuz rayonunda çəkilsə də, bir neçə epizod Sabirabad rayonunda lentə alınıb. Ekran əsərinin sonundakı mənzərə Arazla Kür çayının qovuşduğu yerdir. Yəni Suqovuşan. Maraqlıdır ki, filmin əsas səhnələrinin çəkildiyi Tovuz rayonunun “Nizami” kolxozunda bu film çox illər sonra gerçəkləşib. Öz eqosuna yenik düşən kolxoz sədri fermada qoyunların sayı az olduğuna görə həbs edilibmiş”.

Filmdə maraqlı səhnələr də çoxdur. Məsələn, yenə də “Bizimyol.info” saytının film haqqında gedən yazısında bildirilir ki, Qaraş rolu Həsən Məmmədovun kinoda debütü olub:” Filmdə atasının ona çəkdiyi şapalağı yəqin ki, xatırlayırsınız. Təbii alınsın deyə Həbib İsmayılov Ələsgər Ələkbərova (Rüstəm kişi) tapşırır ki, Qaraşa həqiqətən şillə vursun. Rüstəm kişi kimi zəhmli və boylu-buxunlu bir adamın şapalağı tapança kimi açılır və Həsən Məmmədov gözləmədiyi üçün bu səhnə həddən artıq real alınır. Kadrdan sonra Ələsgər Ələkbərov Həsən Məmmədovu qucaqlayıb gülərək üzr istəyir”.


 

Saytın digər məlumatına görə, Qaraşın Naznaza dediyi “Sən mənim arvadımın bir dırnağına da dəyməzsən” ifadəsi onu çox pərişan edib və aktrisa traktordan yıxılaraq üz- gözünü əzib. Yaşı az olduğu üçün bunu obraza yox, özünə təhqir kimi başa düşüb. Qeyd edək ki, Naznaz roluna çəkilən Elmira Yadigarova da rejissorun təsadüfi tapıntısıdır. Maraqlıdır ki, həmin zaman aktrisanın 17 yaşı varmış, rola uyğun gəlsin deyə o az müddətdə 20 kilo kökəlməli olub.


Qeyd edək ki, filmdə baş verən hadisələr Tovuz rayonunda lentə alınıb. Kolxoz sədri Rüstəm kişinin evi kimi göstərilən o ev rayonun Əhməd Cavad küçəsi 122 ünvanında yerləşir. Yeri gəlmişkən, deyilənə görə, Rüstəm kişi obrazının yaradıcısı Ələsgər Ələkbərov filmin çəkilişləri zamanı başından aldığı zərbə onun səhhətində böyük problemlər yaradıb. Qüdrətli aktyor o zərbədən sonra çox yaşamayıb. 31 yanvar 1963-cü ildə vəfat edib.
 

P.S. “Böyük dayaq” filmi baxıldıqca, baxılacaq bir filmdir. Bu o deməkdir ki, o filmi hər dəfə izləyəndə yeni bir şey kəşf edirsən. Film gözündə daha ucalır. baxımlı olur və sevə-sevə baxdığın filmlərin sırasında durur.

Əntiqə Rəşid