31 Oktyabr 2013 00:55
10348
GÜNDƏM

AZƏRBAYCAN ƏSGƏRİNİ GÖRƏNDƏ AYAĞA QALXIN!

Əsgər deyəndə həmişə yadıma bumbuz olan səngər düşür. O səngər ki, 1991-93-cü illərdə orda mən çox olmuşam. Buz kimi səngərdə qeyrətli Azərbaycan əsgərləri ilə bir tikə çörəyi, bir tikə yeməyi və bir qab suyu yarı bölmüşük. Özü də həmin əsgərlərlə bir yerdə olanda elə təsəvvür eləmişəm ki, hardasa göyün yeddinci qatında və cənnətdəyəm.
Döyüşün ağır vaxtlarında Füzulidə, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Laçında Azərbaycan əsgəri ilə bir yerdə olanda bayaq dediyim kimi, çiynimdən ağır yük götürülürdü. Elə ki, səngərdən və döyüş bölgəsindən xəbərlər və isti-isti reportajlar verirdim, bax onda ürəyim bir qədər sakitləşirdi. Sakitləşirdi ki, mən də bir jurnalist olaraq əlimdən gələni elədim və nəsə bir kömək göstərdim.
Dəfələrlə ölümün içində olmuşam. Hər dəfə də yanımda Azərbaycan əsgərini görəndə nə güllədən qoxmuşam, nə də ayağımın altında partlayan mərmidən. İndi fikirləşirəm ki, həmin anlarda hər an düşmən gülləsinə tuş gələ bilərdim. Yaxud da hər an ermənilər tərəfindən girov götürülmək təhlükəsi var idi. Amma bunların heç biri məni qətiyyən qorxutmurdu.
Səngərə, döyüş bölgəsinə getməmişdən öncə Bəhmənlidə rəhmətlik anama dəyərdim. O da məni qucaqlayar və deyərdi ki, oğul, özünü düşmən gülləsindən qoru. Və bəzən də istəməzdi ki, mən ölümün içinə gedim. Ancaq deyəndə ki, orda döyüşən və həlak olan oğlanlardan artıq deyiləm, bax, onda anamın ürəyi yumşalar, alnımdan öpər və arxamca su atardı...g
Hazırda təqaüddə olan polis polkovniki Binnət Məmmədovla səngərin lap ön hissəsinə qədər gedərdim. Düşmənin mövqeyi açıq-aydın görünərdi. Bir dəfə də ehtiyatsızlıq edib səngərdən çölə çıxdım və bu vaxt atəş açıldı. Anam namaz üstə imiş. Düşmənin hədəfinə tuş gəlmədim. Elə həmin anda polkovnik mənim qolumdan tutub səngərə tərəf çəkdi. Məndən çox onun rəngi ağarmışdı. Dedi ki, rəhmətliyin oğlu, məni qana salmışdın. Az qala ermənilər səni vurmuşdu. Sənə bir şey olsaydı, balalarına nə cavab verərdim. Heç bir şey demədim. Bilirdim ki, günahım böyükdü. Səngərdən çıxıb Füzuliyə qayıtdıq. Və Binnət müəllim dostlarını ətrafına yığıb bir qonaqlıq təşkil etdi. Dedi ki. Allah-Təala Faiqi bizə yenidən verdi. Yoxsa o, düşmən gülləsinin qurbanı olmuşdu...g
Elə bil bir az özümü çox təriflədim. Azərbaycan əsgərindən danışırdım. Biz nədənsə Azərbaycan əsgərini qardaş türklər öz əsgərini sevdiyi qədər sevmirik. Heç kim məni qınamasın. Bir də görürsən ki, bir əsgər avtobusa minib sürücü ondan düşəndə pul istəyir. Nə sürücü, nə də yanındakı insanlar ona kömək etmək istəyir. Sadəcə olaraq hamı başını aşağı salıb bu hadisəni görməməzliyə vurur.
Ancaq rus əsgərini Sovet dönəmində bizimkilər görəndə ona çox hörmət bəsləyirdilər. Həmin əsgərlər metrodan pulsuz istifadə edirdi. Üstəlik sürücülər də onlardan gediş haqqı almırdılar. Rus əsgərinə elə hörmət bəsləyirdik, öz əsgərimizə belə soyuq münasibət!..
Bu günlərdə iki azərbaycanlı zabitlə görüşdüm. Təsadüfən onlarla yol yoldaşı oldum. Hər iki zabit də Azərbaycan zabitinə və əsgərinə insanların soyuq münasibətindən gileyləndi. Biri dedi ki, metroda əyləşmişəm, yanımda boş yer ola-ola kimsə gəlib orda oturmur.
Guya biz o qədər də səliqəli deyilik. Hansı ki, Azərbaycan əsgərinin və zabitinin səliqə-sahmanına söz ola bilməz. Hər hansı polis serjantı metrodan pulsuz istifadə edir, biz isə içəri girəndə məcbur olub kartı lazımi yerə toxundurub içəri keçməliyik. Sözümüzün canı odur ki, bu gün əsgərə və zabitə cəmiyyətimiz tərəfindən yetərincə isti münasibət hiss olunmur. Bax biz buna görə çox inciyirik.
O zabitlər dedilər ki, müharibə başlasa yenə biz sinəmizi qabağa verəcək, bu milləti, bu xalqı və bu dövləti qoruyacağıq. Bizə olan münasibətdən asılı olmayaraq bu adın şərəfini uca tutacaq və öz xalqımıza namusla xidmət edəcəyik.
Günlərin birində nəvəm Tunarla Horadiz sərhəd qoşunlarının xidmət apardığı sərhədin yaxınlığından keçirdik. Bu vaxt nəvəm soruşdu ki, dədə, o əsgərlər bizi öldürər, bizə güllə atar? Dedim, yox, o əsgərlər Azərbaycan əsgəridi, onlar bizi düşmənlərdən, ermənilərdən qoruyurlar. Nəvəm bu sözləri eşidəndən sonra əsgərə yaxınlaşdı və ona salam verdi. Əsgər də ehtiramla o salamı aldı. Bu Azərbaycan əsgəri idi! Sərhədlərimizi və torpaqlarımızı qoruyan Azərbaycan əsgəri!
6 yaşlı nəvəm dedi ki, dədə, mən də əsgər olacam, torpaqlarımızı qoruyacam, sonra da böyüyüb lap general olacam. Bu balaca Tunarın Azərbaycan ordusuna və Azərbaycan əsgərinə olan sevgisi idi. Əgər balaca bir uşaq, 6 yaşlı bir oğlan Azərbaycan əsgərini və Azərbaycan zabitini bu qədər çox sevirsə, niyə biz hamımız öz əsgərimizi və ordumuzu sevməyək və onları harda gördük hörmətlə qarşılamayaq?!
Azərbaycan əsgəri gələndə ayağa qalxmaq lazımdır. Ayağa durmaq lazımdır ki, o əsgərlərin, o zabitlərin qəlbinə toxunmayaq. Bax, onda o əsgər, o zabit hər an Vətən uğrunda döyüşməyə və şəhid olmağa hazır olar!..

Faiq QİSMƏTOĞLU