Azərbaycan-Çin münasibətlərində yeni mərhələ başlayır
Məşhur Məmmədov,
Millət vəkili
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının nüfuzlu “Sinxua” agentliyinə verdiyi geniş müsahibədə Azərbaycan-Çin əlaqələrinin inkişaf dinamikası, iqtisadi-ticari tərəfdaşlıq, nəqliyyat dəhlizləri, humanitar əlaqələr və beynəlxalq əməkdaşlıq məsələlərinə dair əhatəli fikirlər səsləndirib.
Prezident İlham Əliyev müsahibədə 2023-cü ilin iyulunda Astanada keçirilmiş ŞƏT sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə imzalanmış “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin iki ölkə arasında münasibətlərdə yeni səhifə açdığını vurğulayıb. Bu sənəd Azərbaycan-Çin münasibətlərini qarşılıqlı hörmət, bərabərlik, etimad və dəstək prinsiplərinə əsaslanan rəsmi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.
Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin 2024-cü ildə 3,7 milyard dolları ötərək 20,7 faiz artması, Çinin ölkəmizin dördüncü ticarət tərəfdaşına və birinci idxal mənbəyinə çevrilməsi iqtisadi əməkdaşlığın intensiv xarakter aldığını göstərir. Prezidentin sözlərinə görə, qarşılıqlı ticarət həcminin artması ilə yanaşı, Azərbaycan məhsullarının – xalçalar, nar şirələri və şərabların – Çin bazarına çıxışı, həmçinin bu ölkədə fəaliyyət göstərən Azərbaycan Ticarət evləri iqtisadi əlaqələrin dərinləşməsinə töhfə verir.
Ölkə rəhbərinin qeyd etdiyi kimi, Azərbaycan “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri kimi bu layihəyə böyük sərmayələr yatırıb. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionun əsas logistik platformalarından birinə çevrilib. 2024-cü ildə Orta Dəhliz vasitəsilə Çindən Azərbaycana yola salınan 287 marşrut qatarı və 378 min ton yük daşınması bu istiqamətdə əldə olunan nailiyyətlərin göstəricisidir.
Humanitar əməkdaşlıq və mədəni yaxınlaşmaya toxunan Prezident qeyd etdi ki, iki ölkə arasında humanitar sahədə əməkdaşlığın dərinləşməsi, xüsusilə təhsil və mədəniyyət sahəsində atılan addımlar, qarşılıqlı dil öyrənmə təşəbbüsləri də diqqət mərkəzində olub. Azərbaycan universitetlərində Çin dili, Çində isə Azərbaycan dili və mədəniyyəti tədris olunur. Vizaların sadələşdirilməsi isə turizm axınının iki dəfə artmasına səbəb olub.
Prezident İlham Əliyev Azərbaycanın COP29 konfransına ev sahibliyi etməsi və Çinin yüksək səviyyəli iştirakı barədə danışarkən iqlim gündəliyinə verdiyi töhfələrə də toxunub. O, Azərbaycanın 14 qlobal təşəbbüslə çıxış etdiyini və bu təşəbbüslərin geniş beynəlxalq dəstək qazandığını bildirib.
Azərbaycanın ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi fəal iştirakı və təşkilat çərçivəsində regional təhlükəsizlik, terrorizm və separatçılıqla mübarizə sahəsində əməkdaşlıq məsələləri də Prezidentin çıxışında xüsusi yer alıb. O, Çin sədrliyinin təşkilatın gələcək inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan-Çin münasibətlərinin strateji məzmununu, çoxşaxəli inkişafını və regional, həmçinin qlobal miqyasda əməkdaşlıq imkanlarını bir daha nümayiş etdirdi. Bu əlaqələr təkcə iqtisadi tərəfdaşlıqla məhdudlaşmayaraq, mədəni, humanitar və siyasi platformalarda da dərinləşir və qarşılıqlı inam, dəstək üzərində qurulmuş uzunmüddətli əməkdaşlıq modelini formalaşdırır.
Digər Xəbərlər
14 Mart 2026 14:03
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
14 Mart 2026 12:50
Azərbaycan-Çin əlaqələri müzakirə edilib
14 Mart 2026 12:37
Hikmət Hacıyev Eduard Stiprays ilə TRIPP-i müzakirə edib
14 Mart 2026 12:24
Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi
14 Mart 2026 11:24
“Azərbaycanın onlardan imtina etməklə...”
14 Mart 2026 11:20
“ABŞ hazırda İranı ona görə ram etmək istəyir ki...”
14 Mart 2026 10:47
Müctəba Xamenei növbəti mərhələdə vəzifəsindən alınacaq - Politoloq
14 Mart 2026 08:04


Bakı -°C

