Aysel Həsənova: “Uşağın sağlam psixoloji inkişafı üçün valideynlərin...” - MÜSAHİBƏ
Adalet.az Səhiyyə Nazirliyi Respublika Uşaq Sanatoriyasının şöbə müdiri Aysel Həsənovanın sehiyye.gov.az-a müsahibəsini təqdim edir.
- Aysel xanım, uşaqların sağlam böyüməsi və inkişafı üçün ilk öncə nələrə diqqət edilməlidir?
- Uşaqların sağlam böyüməsi təkcə fiziki deyil, eyni zamanda psixoloji, sosial və emosional inkişafı da əhatə edir. Bu inkişafın düzgün getməsi üçün bir neçə əsas faktora diqqət yetirmək lazımdır. Uşaqların sağlam böyüməsi və inkişafı üçün qidalanma əsas təməl sütunlardan biridir. Hər yaş dövrünün özünəməxsus qida ehtiyacları var və bu ehtiyaclar uşağın sürətlə inkişaf edən orqanizmini dəstəkləməlidir. Balanslı qidalanma dedikdə, uşağın gündəlik qida rasionunda zülal, karbohidrat, yağ, vitamin və mineral maddələrin uyğun nisbətdə yer alması nəzərdə tutulur. Belə ki, zülallar hüceyrələrin qurulması və bərpası üçün vacibdir və əzələlərin inkişafında əsas rol oynayır.
Karbohidratlar uşağın gündəlik enerji ehtiyacını ödəyir və beyin fəaliyyətini dəstəkləyir. Sağlam yağlar (xüsusən Omeqa-3 və Omeqa-6 yağ turşuları) beyin və sinir sisteminin inkişafı üçün həyati əhəmiyyət daşıyır. Vitamin və minerallar (məsələn, D vitamini və kalsium) sümük quruluşunu möhkəmləndirir, immunitet sistemini gücləndirir. Dəmir və B qruplu vitaminlər isə qan dövranını və zehni inkişafı dəstəkləyir. Uşaqlarda düzgün qidalanma yalnız fiziki sağlamlıqla məhdudlaşmır. Bu, onların öyrənmə qabiliyyətinə, diqqət toplama bacarığına və emosional vəziyyətinə də ciddi təsir göstərir.
Uşaqlar üçün yuxu, yalnız istirahət deyil, həm də inkişafın təməl elementidir. Yuxu zamanı bədənin bərpaedici sistemləri aktivləşir. Hormonlar, xüsusilə böyümə hormonu, daha çox ifraz olunur və gün ərzində öyrənilmiş biliklər yaddaşda möhkəmlənir.
- Yaş qruplarına görə uşaqların yuxu rejimi necə fərqlənir?
- Yeni doğulmuş körpələr 14–17 saat, 1–2 yaşlı uşaqlar 11–14 saat, məktəbəqədər yaşlılar 10–13 saat, məktəbli uşaqlar isə 9–11 saat yuxuya ehtiyac duyur. Keyfiyyətli yuxu yalnız saatla deyil, mühitlə də ölçülür. Sakit, qaranlıq, rahat və texnologiyalardan uzaq bir yuxu mühiti uşağın yuxu keyfiyyətini artırır. Yuxu pozğunluqları olan uşaqlarda tez-tez davranış problemləri, diqqət dağınıqlığı və hətta böyümə ləngimələri müşahidə oluna bilər.
Uşağın sağlam böyüməsi üçün onun boy və çəki artımının, inkişaf göstəricilərinin, psixomotor qabiliyyətlərinin və peyvənd statusunun pediatr tərəfindən mütəmadi şəkildə izlənməsi vacibdir. Bu nəzarət sayəsində uşağın inkişaf xəritəsi çıxarılır və mümkün risk faktorları vaxtında aşkar olunur. Uşağın ümumi inkişafının mühüm göstəricilərdən biri də standartlara görə boy və çəki göstəriciləridir. Bu göstəricilər mütləq izlənilməlidir.
Digər Xəbərlər
12 Mart 2026 10:31
Böyrək çatışmazlığının ilk əlamətləri - SN-nin mütəxəssis-ekspertindən TÖVSİYƏLƏR
03 Mart 2026 18:07
Azərbaycanda ilk dəfə rəqəmsal əkiz müsahibə verib
02 Mart 2026 11:12
İmmun sistemi barədə 5 ən böyük mif və real tibbi həqiqətlər
28 Fevral 2026 13:32
Cinema Radio Kino Radio Kanalı: Bakıdan Los Angelesə qədər dalğalar...
23 Fevral 2026 11:02
Dəmir qəbul edirsinizsə, bu, qana keçirmi? - SN-nin mütəxəssisi anemiyadan danışır
20 Fevral 2026 11:31
Orucluqda qidalanma və fiziki aktivlik necə olmalıdır? - VACİB TÖVSİYƏLƏR
16 Fevral 2026 11:21
Yeniyetməlik dövrünün hormonal sirləri: nələri bilmək vacibdir?
14 Fevral 2026 09:00


Bakı -°C

