adalet.az header logo
  • Bakı -°C
15 Dekabr 2025 14:46
116
ƏDƏBİYYAT
A- A+

“Axırıncı aşırım”ın kölgəsində qalan gerçək Qəmlonun faciəvi həyatı

Azərbaycan tarixinin ən ağrılı və ziddiyyətli dövrlərindən biri olan XX əsrin əvvəlləri təkcə siyasi çevrilişlərlə deyil, həm də insan talelərinin təhrif olunması ilə yadda qalıb. Bu talelərdən biri də Vedibasar mahalının Hand kəndində doğulmuş, tarixə Qəmlo adı ilə düşən Qəmbəralı Əlirza oğlu Abbasovun həyat hekayəsidir. Rəsmi sənədlərdə, sovet dövrü ədəbiyyatında və kino dilində bir cür təqdim olunan Qəmlo Vedi camaatının yaddaşında isə tamam fərqli bir obraz kimi yaşayır.

Vedinin qoçağı

1893-cü ildə Vedibasar mahalının Hand kəndində dünyaya gələn Qəmbəralı Əlirza oğlu Abbasov təkcə doğulduğu kənddə deyil, bütün Qərbi Azərbaycanda qorxmazlığı, mərdliyi və sərrast atıcılığı ilə tanınıb. Deyilənə görə, onun atdığı güllə boşa çıxmaz, sözü isə 72 kənddə qanun sayılardı. Zorakılıq onun təbiətinə yad idi; basdığını kəsməz, duz-çörək kəsdiyi insana xəyanəti namərdlik hesab edərdi.

1905 və 1918-ci illərdə erməni daşnak silahlı dəstələrinin azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi qırğınlar zamanı Qəmlo Abbasqulu bəy Şadlinskinin rəhbərlik etdiyi özünümüdafiə dəstələrinin – sonradan “Qırmızı Tabor” adlandırılan silahlı birliyin – ən döyüşkən üzvlərindən biri olub. O illərdə Şadlinski üçün Qəmlo sadəcə silahdaş yox, sağ əl, ən etibarlı adam sayılırdı.

Abbasqulu bəy Şadlinski – Vedinin müdafiəçisi

Abbasqulu bəy Şadlinski 1860-cı illərin əvvəllərində Vedi rayonunun Şadlı kəndində dünyaya gəlib. Qori Seminariyasında təhsil alsa da, ailə vəziyyətinə görə yarımçıq qoyub və kəndinə qayıdıb. Böyük təsərrüfat sahibi olması ona bölgədə nüfuz qazandırmışdı.

1918-ci ildə erməni daşnak dəstələrinin hücumları zamanı o, kəndləri qorumaq üçün silahlı dəstə yaradır. Abbasqulu bəyin dəstəsi Vedinin müsəlman kəndlərini müdafiədə mühüm rol oynayır və onun ətrafına nüfuzlu şəxslər – o cümlədən Kərbəlayi İsmayıl və Qəmlo da qoşulur.

Sovet işğalından sonra Şadlinski digər iki dostundan fərqli olaraq yeni hakimiyyətlə əməkdaşlığa üstünlük verir və dəstəsinə “Qırmızı tabor” adını verir. Lakin bu, dostluqlarına xələl gətirmir. Onların münasibəti o qədər güclü olur ki, Abbasqulu bəy Kərbəlayinin düşmən tərəfindən öldürülmüş oğlu Yadullanın cənazəsini düşmən əlinin içindən alaraq ona təhvil verir.

Bolşeviklər və qırılan dostluqlar

Sovet hakimiyyətinin qurulması ilə onların yolları ayrılır. Abbasqulu bəy Şadlinski Vedidə bolşevik idarəçiliyinin qurulmasının tərəfdarı olduğu halda, Qəmlo bu yeni rejimi qəbul etmir. O, kəndlərin kolxozlaşdırılmasına, torpağın əlindən alınmasına qarşı çıxır və yenidən ətrafına silahlı dəstə toplayır.

Bu dövrdə Qəmlo Qarabağlar rayonunun Kolanlı kəndinin nüfuzlu şəxsi, kolxozlaşmanın qatı əleyhdarı Kərbəlayı İsmayıl ilə birləşir.

Kərbəlayi İsmayıl – Vedinin ağsaqqalı

1870-ci ildə Çimən kəndində doğulan Kərbəlayi İsmayıl böyük torpaq sahibi, kənd ağsaqqalı və xeyriyyəçi kimi tanınırdı. “Axırıncı aşırım” filmində onun taxılı ac insanlardan gizlətdiyi göstərilsə də, tarixi faktlar bunun əksidir: o, aclıq illərində un və taxıl ehtiyatını kənd camaatına paylayıb.

Sovet hakimiyyəti qurulduqdan sonra kolxozlaşdırma siyasəti Qərbi Azərbaycanda böyük narazılıq doğurur. Kərbəlayi İsmayıl öz kəndində sovet hakimiyyətini devirərək üsyana rəhbərlik edir və bölgənin mərkəzi ilə əlaqə kəsilir. Bolşeviklərin qəfil hücumlarından qorunmaq üçün 72 kəndin giriş-çıxışında keşikçi məntəqələri qurulur.

Məhz bu gərgin siyasi şərait Abbasqulu bəy Şadlinskinin müəmmalı ölümü ilə nəticələnir.

Bir qətl – iki fərqli tarix

İstər Kərbəlayı İsmayıl, istərsə də Qəmlo ilə kəsdiyi duz-çörəyə, dostluğa sadiq qalan Abbasqulu bəy Şadlinski bu dəfə də barışıq missiyasını öz üzərinə götürür. Bolşeviklərin kəndə hücumunun qarşısını almaq üçün onlarla görüşüb-söhbətləşmək qərarına gəlir. Kolxoz sədri Xəlil və bolşevik Talıbovla yola çıxan Şadlinski Qəmlo və Kərbəlayı İsmayılla görüşüb, geri dönərkən qətlə yetirilir. Bir vaxtlar ən etibarlı insan sayıb, sağ əli hesab etdiyi Qəmlo tərəfindən. Bu artıq tarixə düşmüş kitaba və ekran əsərinə görə belədir.

Qəmlonun yaxınlarının və Vedi camaatının yaddaş tarixində isə hadisələr bir qədər fərqli cərəyan edir. Bu tarixçəyə görə, Şadlinskinin ölümündə bolşeviklər özləri maraqlı olub.

Qətlin Qəmlonun adına yazılması isə “buna yalnız Qəmlonun cəsarəti çatar” kimi dolaşan şayiələrin üzərində qurulub.

Yaddaş tarixçəsinə görə, səfərin ilk günü Qəmlo və Kərbəlayı İsmayılı tapa bilməyən Şadlinski yanındakı atlılarla Qəmlonun qardaşı Vəlinin evinə düşmək məcburiyyətində qalır. Orada duz-çörək kəsdikdən sonra Şadlinski qayıtmaq üçün inad edir. Vəlinin “yollar xətalıdır” təkidiylə cibinə qoymaq istədiyi silahdan da boyun qaçırır.

Abbasqulu bəy Şadlinskiyə Qəmlo və Kərbəlayı İsmayılla görüşmək qismət olmur. Adamlarıyla birgə Qarabağlar (Ermənstan SSR-də 1937-ci ildə yaradılan bu rayon 1951-ci ilin martın 19-da ləgv edilrək ərasisi Vedi və Qəmərli rayonlarına verilmişdir) rayonun Kolanlı kəndinin 4-5 kilometrliyində qətlə yetirilir.

Hadisədən Kolanı kəndində xəbər tutan Kərbəlayı İsmayıl və Qəmlo özlərini yetirəndə Şadlinski artıq keçinibmiş. Kənd camaatı Xəlilin meyitini qayalıqlar arasından tapıb çıxarsalar da, üçüncü atlının – bolşevik Talıbovun meyiti tapılmır. Saatlarla davam edən axtarış bir nəticə vermədiyindən Talıbov soyadı vedililərin yaddaşına Şadlinskinin qatili kimi həkk olunur.

Bədii məhsulda isə Şadlinskinin ölümündə günahkar olan Qəmlo Kərbəlayı tərəfindən cəzalandırılsa da, gerçək həyatda Abbasqulu bəyin qətlinə görə kimsə həbsə alınmır.

Türkiyə yolu və Atatürklə görüş

Hadisələrdən sonra təqiblərdən yayınmaq üçün Qəmlo və Kərbəlayı İsmayıl Türkiyəyə keçirlər. Burada Mustafa Kamal Atatürklə görüşürlər. Atatürk onlara Türkiyədə qalmağı tövsiyə edir. Kərbəlayı İsmayıl bu təklifi qəbul edir, ailəsi ilə birlikdə mühacirətdə qalır. Doğulduğu Çimən kəndini özünə soyad qəbul edib ömrünün sonuna kimi Türkiyədə mühacir həyatı yşayır.1948-çi il 78 yaşında İlğır vilayətinin Daçburun kəndində dünyasını dəyışib.

Qəmlo isə Vedidə qalan ailəsinin və qohumlarının taleyindən narahat olaraq geri dönür. Atatürklə görüşündən Qəmloya Paşanın bağışladığı Buxara papağı yadigar qalır.

Xəyanətlə bitən həyat

Qəmlonun ölümü isə taleyin ən amansız səhifələrindən biridir. Türkiyədən dönüşündən bir neçə il keçmişdi. Qurban bayramı günü kirvəsi onu evinə qonaq çağırır. Heç zaman silahı üstündən əskik olmazdı. Həmin gün ilk dəfə evdən əliyalın çıxır. Bəy nəslindən olan ömür-gün həmdəmi Töhfə xanım qarşısını kəsib, silahını götürməyinə təkid etsə də, “belə əziz gündə kirvə evinə silahla getməyin düzgün olmadığını” söyləyir.

Məclisin şirin yerində, əlinin duz-çörəkdə olduğu bir vaxt ev sahibi başda olmaqla 18 nəfər qəfildən Qəmlonun üstünə hücum çəkir. Həmlə gözlənilməz olsa da, özünü itirmir. Yaralı aslan kimi çarpışmağa başlayır.

Töhfə xanım ərinin ölüm xəbərini alınca ərinin beşaçılanını götürüb kirvələrinin evinə gəlir və həyəti atəşə tutur.

Bu hadisədən sonra araya qan davası düşür. Qəmlonun qətlində əli olan 18 nəfərdən 17-si öldürülür. Onun mənsub olduğu Seyidlər və Alırzalılar nəslinin də itkisi az olmur.

Qəmlo öldürüləndə 4 qardaşından ikisi, bir vaxtlar Şura sədri işləyən Vəli və Nemət daşnaklar tərəfindən qətlə yetirilmişdi. Evin sonbeşkləri Mehdiquluyla Bilalınsa əli yenicə silah tuturdu. Onun qətliylə ailənin də çərxi dönür, doğmaları sürgün və təqib acısını yaşayırlar. Qardaşı Bilal sürgündə dünyasını dəyişir. Nəslin yazılmayan tarixçəsini yaşatmaq, ötənlərə işıq salmaqsa hazırda haqq dünyasında olan Mehdiqulu Əlirza oğlunun qismətinə düşür.

1930-cu illərdə sovet repressiyaları Qərbi Azərbaycan kəndlərinə ağır zərbə vurur:

Kərbəlayi İsmayılın dörd oğlu – Əsəd, Cəmaləddin, Firudin və Hüseyn güllələnir. Azyaşlı oğlu Həsən, xanımı Səkinə, Qəmlonun həyat yoldaşı və övladları Qazaxıstana sürgün edilir. Ümumi əfvdən sonra onlar 1950-ci illərdə Azərbaycana dönürlər. Qəmlo ailəsi İmişlidə, Kərbəlayi İsmayılın varisləri isə Tərtər rayonunun İrəvanlı kəndində məskunlaşır.

Ekran obrazı və etirazlar

Azərbaycan kino tarixində öz çəkisi, dəst-xətti olan insanların yer aldığı “Axırıncı Aşırım” filmində baş rolları Adil İsgəndərov, Həsən Məmmədov və Məlik Dadaşov canlandırıb. Həmin filmin çəkilişindən 30 illik zaman kəsiyi ötür.

Mövzusu gerçək həyatdan götürülən film o dövrün tələblərinə uyğun çəkilərək, bəy və mülkədarları aşağılayıb, onları düşmən kimi qələmə vermək məqsədi daşıyıb.

Adil İsgəndərovun filmdə yaratdığı Kərbəlayı İsmayıl obrazı mərdlik və yenilməzlik simvoludur. Ağlı və müdrikliyi ilə bolşevik hökumətinin təmsilçisi Abbasqulu bəy Şadlinskidən geri qalmayan Kərbəlayı İsmayılın filimdə səsləndirdiyi bir çox ifadələr hələ sovet dövründə xalqın dilində zərbi-məsələ çevrilib.

Filmdə Kərbəlayı İsmayılın sirdaşı kimi təsvir olunan Qəmloya gəlincə, bu obrazla bağlı mübahisələr bu günəcən hələ də davam etməkdədir.

İlk etiraz filmin ssenarisinin götürüldüyü “Qarlı aşırım” kitabı çapa çıxdıqdan sonra gəlib. Qəmlonun yaxınları yazıçı Fərman Kərimzadəyə məktub ünvanlayaraq, bütün Vedi mahalında igid, qoçaq insan kimi ad çıxaran Qəmlonun – Qəmbəralı Əlirza oğlunun bədii obrazının təhrif olunmasına öz etirazlarını bildiriblər…

Dəniz

/Az24.az