adalet.az header logo
  • Bakı -°C
13 Mart 2026 16:21
81
SİYASƏT
A- A+

Avropa İttifaqı Azərbaycanla strateji tərəfdaşlığa xüsusi önəm verir -  Deputat

“Martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti António Costanın Azərbaycana rəsmi səfəri ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi dəyərləndirilə bilər. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji təhlükəsizliyidir. 2022-ci il iyulun 18-də Bakıda imzalanmış “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” münasibətləri strateji müstəviyə yüksəldib. Həmin sənəd Avropanın enerji mənbələrinin şaxələndirilməsi və təchizat təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.”

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə bildirib.

Ə.Məhərrəmzadə qeyd edib ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına nəqli artıq reallıqdır və son illərdə Avropa ölkələrinə ixracın həcmi artıb: “Memoranduma əsasən, 2027-ci ilədək Avropaya qaz tədarükünün artırılması nəzərdə tutulur ki, bu da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Ttərəflər arasında əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Ticarət, nəqliyyat, rəqəmsal inkişaf, humanitar və təhsil istiqamətlərində də qarşılıqlı fəaliyyət mövcuddur. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar isə münasibətlərin hüquqi bazasının müasir çağırışlara uyğun şəkildə yenilənməsinə xidmət edir.”

Milli Məclisin üzvü vurğulayıb ki, Aİ Şurası Prezidentinin Azərbaycana səfəri indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq: “Dövlətimizin başçısı tərəfdaşlığımızın mühüm hissəsinin hər zaman enerji əməkdaşlığı olduğunu söyləyərək vurğulayıb: “Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır.” Həmçinin Antonio Koşta ölkəmizə səfəri zamanı mətbuata bəyanatla çıxışında bildirib ki, enerji təhlükəsizliyi ikitərəfli əməkdaşlığımızın təməlini təşkil edir: “Dörd il bundan əvvəl Versalda Avropa İttifaqı Şurası qaz, neft və kömürün təchizatı mənbələrinin şaxələndirilməsinə dair qərar qəbul etdi. Azərbaycan Cənub Qaz Dəhlizi sayəsində bu səylərdə həlledici rol oynadı. Avropa İttifaqı Azərbaycanın enerji keçidini dəstəkləmək üçün özəl investisiyaları və maliyyələşməni səfərbər etməyə hazırdır. Bir sözlə, Avropa İttifaqı ölkəmizlə münasibətlərin inkişafında, iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Azərbaycan dövləti də öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir.”

Deputat əlavə edib ki, Azərbaycanın Avropa məkanında əməkdaşlığı eyni zamanda Avropa Şurası çərçivəsində də davam edir: “2001-ci ildən bu təşkilatın üzvü olan Azərbaycan insan hüquqları, hüququn aliliyi və demokratik institutların inkişafı istiqamətində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Antonio Costanın səfəri Avropa İttifaqının Azərbaycanla strateji tərəfdaşlığa verdiyi önəmin göstəricisidir. Bu səfər həm enerji təhlükəsizliyi, həm də regional sabitlik və davamlı sülh gündəliyi baxımından mühüm siyasi əhəmiyyət daşıyır. Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu Avropa məkanı ilə əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir.”