adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Fevral 2024 20:01
6342
TEXNOLOGİYA

Avropa Birliyi "TikTok"la bağlı hərəkətə keçdi: Araşdırmalar aparılacaq

Avropa İttifaqı Komissiyası "TikTok" sosial media platformasının Rəqəmsal Xidmətlər Qanununun (DSA) qaydalarını pozub-pozmadığını müəyyən etmək üçün rəsmi araşdırmaya başladığını açıqlayıb.

Adalet.az xəbər verir ki, Aİ Komissiyasının verdiyi açıqlamaya görə, "TikTok"-un “uşaqların müdafiəsi, şəffaf reklam, tədqiqatçılar üçün məlumatların əldə edilməsi və platformanın asılılıq yaradan dizaynı və zərərli məzmun riskləri” ilə bağlı DSA qaydalarını pozub-pozmadığı qiymətləndiriləcək.

Rəsmi araşdırma "TikTok"-un 2023-cü ilin sentyabrında Komissiyaya təqdim etdiyi hesabata və məlumat sorğularına verilən cavablardan sonra aparılan ilkin araşdırmadan sonra başlayıb.

Açıqlamada, həyata keçirilən digər tədbirlərin, xüsusən də "TikTok"-un yetkinlik yaşına çatmayanların uyğun olmayan məzmuna daxil olmasının qarşısını almaq üçün istifadə etdiyi yaş yoxlama sisteminin "kafi, uyğun və təsirli olmadığı" şübhəsinin olduğu vurğulanıb.

İstintaq həmçinin platformanın yetkinlik yaşına çatmayanların məxfiliyini və təhlükəsizliyini yüksək səviyyədə təmin etmək üçün adekvat və mütənasib tədbirlər görüb-görmədiyini araşdıracaq.

Bundan əlavə, platformanın, o cümlədən alqoritmlərin asılılıq yaradan dizaynının uşaq hüquqlarının qorunmasına, insanın fiziki və psixi sağlamlığına mənfi təsirləri və radikallaşmaya təsiri araşdırılacaq.

Bunlardan başqa, araşdırmanın digər məqamlarına sosial media platformasındakı reklamların DSA-ya uyğunluğu və tədqiqatçılara platformanın ictimai məlumatlarına çıxışın təmin edilməsində “şübhəli çatışmazlıqlar” daxildir.

2023-cü ilin avqustunda qüvvəyə minən Aİ qanunu əsas rəqəmsal platformalara sərt qaydalar gətirdi.

Aİ qaydaları pozan rəqəmsal platformalar üçün qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə tətbiq edə bilər. Təkrar pozuntular halında, bu rəqəmsal platformaların Aİ-dəki fəaliyyətinə xitam verilə bilər.