adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Iyul 2022 15:28
477
SİYASƏT

ATƏT özü bu qrupu buraxmalıdır

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri dəyişib. Beş ildir bu vəzifəni tutan və onun ən azı iki il yarımını məcburi məzuniyyətdə keçirən Endryu Şoförü Dövlət Departamentinin Qafqaz Məsələləri və Regional Münaqişələr Bürosunun direktoru Laura Okla əvəz eləyib. Xanım Oklanın Dövlət Departamentindəki vəzifəsini və bir müddət öz ölkəsinin Tiflisdəki səfirliyində də işlədiyini nəzərə alsaq onun bölgəni yaxşı tanıdığına şübhə yeri qalmır.

Azərbaycan prezidenti İlham Əliyevin sözü gedən qrupun bölgədəki 30 illik fəaliyyətinə verdiyi qiymət də həmin təyinatla eyni günə təsadüf etdi. Qoşulmamaq Hərəkatı Parlament şəbəkəsinin Bakı konfransında çıxış edən dövlər başçısı dedi: “2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısındakı çıxışımda qeyd etmişdim ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Biz bunları bərpa edə bilməməyin, başqalarından asılı olmağın nə olduğunu yaxşı bilirdik. Biz uzun illər, təqribən 30 il ərzində bunu gözləyirdik... Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”.

44 günlük müharibədən sonra bu qrupun 30 illik fəaliyyətinin bütün pərdəarxası məqamları, daha doğrusu, paxırı açıldı. Bir vaxtlar davranışlarında hiss olunan nüansları açıq-aydın dillərinə gətirməkdən belə çəkinmədilər. Məlum oldu ki, vasitəçilərin biri münaqişənin birdəfəlik həllində yerli-dibli maraqlı deyil, digər ikisisə, necə deyərlər, əlbir olub Dağlıq Qarabağı Azərbaycandan qopartmaq arzusundadır. Bir-birinin təkrarı olan “Madrid prinsipləri”, “Lavrov planı” və bu qəbildən olan dırnaqarası təşəbbüslərin məqsədi həll modeli tapmaq yox, prosesi sonsuzluğa, yəni Azərbaycanın öz torpaqlarını unudacağı vaxta qədər uzatmaqdan ibarət idi. Yəni, nəsillər dəyişəcək, milli yaddaş itəcək, Qarabağın nəinki dağlıq hissəsini, ola bilsin, hətta işğal olunmuş aranını da “ərköyün bala”ya bağışlamaq mümkün olacaq. 2020-ci ilin avqustu isə başqa reallıqları üzə çıxardı. Ölkənin demək olar ki, bütün hərbi komissarlıqlarının qarşısında böyük izdihamlar yaşandı. Bu, torpaqları azad eləmək üçün könüllü olaraq cəbhəyə getmək istəyən, mütləq əksəriyyətinin yaşı Qarabağın işğal yaşından qat-qat az olan gənclərin və yeniyetmələrin izdihamıydı. Və bu izdiham göstərdi ki, Vətən hissi, qan yaddaşı nəinki zamanla unudulmaz, daha da alovlanar.

Xatırlayırsınızsa, Minsk qrupunun Amerikalı həmsədri Riçard Xoqlandın 44 günlük müharibədən az sonra bu qrupun fəaliyyəti haqqında geniş bir yazı yazmışdı. Yazı məqalədən çox nekroloqa oxşadığı üçün elə güman etmək olardı ki, bu formatın öz ömrünü başa vurduğunu Vaşinqtonda da anlamağa başlayıblar. Həmsədrliyi pensiya vəzifəsi adlandıran R. Xoqland yazırdı ki, biz həm bölgəyə, həm də Avropanın siyasi mərkəzlərinə çoxsaylı səfərlərimiz vaxtı beşulduz otellərin xüsusi apartamanlarında qalır, ən yaxşı restoranlarda qidalanır, barlarda əylənirdik. Amma açığını desək, nizamlama məsələlərində olduqca az şeyə nail olurduq.

Lavrov Madrid prinsiplərinin təkrarı olan öz prinsiplərini masaya yatırdandan sonra Amerikalı həmsədr bütün tərəflərin bu plana “hə” deyəcəyi təqdirdə Kremlin onun reallaşmasına razı olub-olmayacağıyla bağlı Rusiyalı həmkarı Popova sual verəndə “əlbəttə, yox” – deyə çox ilginc bir cavab eşidir. “Onda mən başa düşdüm ki, Dağlıq Qarabağ sadəcə, Ermənistanla Azərbaycan arasındakı ikitərəfli problem deyil, Rusiyanın həlledici rol oynadığı üçtərəfli problemdir” – deyə həmsədr öz fikrini yekunlaşdırır. Ancaq onun bu müşahidəsi dəqiq olsa da, yarşmçıqdır.

Rusiyanın münaqişənin həllində maraqlı olmaması lap başlanğıcdan heç kim üçün sirr deyildi. Digər həmsədr ölkələlərə, yəni ABŞ və Fransaya gəlincə isə, onları münaqişənin həllində maraqlı olmamaqda ittiham eləmək ədalətsizlik olardı. Bu ölkələr münaqişənin həllinin istəsələr də yalnız iki həll variantını – Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsini və yaxud ayrıca dövlət olmasını məqbul sayırdılar. Dildə deməsələr də əməldə buna çalışırdılar. Təkcə “Azadlığa Dəstək” Aktına 907-ci düzəliş bu superdövlətin problemə qərəzli münasibətinin bariz nümunəsidir. Fransadan isə danışmağa dəyməz.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra isə üç həmsədr ölkə arasında qarşıdurma və rəqabət açıq düşmənçilik müstəvisinə keçdi. İndi onların ən yüksək səviyyədəki rəsmi şəxsləri belə bir-birləri haqqında danışarkən nəinki formal siyasi-diplomatik etiketlərə əməl etmirlər, hətta küçə jarqonundan istifadə edirlər.

Məsələn, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Fransa və ABŞ Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin “üçlük”ü çərçivəsində Rusiya Federasiyası ilə əməkdaşlıqdan imtina ediblər. Bunun ardınca isə onun mətbuat katibi Mariya Zaxarova eyni bir platformada çalışdığları tərəf-müqabilləri haqqında olduqca sərt və təhqiramiz tonda danışmışdı: “Biz Brüsselin ən yüksək səviyyədə Rusiya-Ermənistan-Azərbaycan razılaşmalarının mövzusunu və ATƏT-in Minsk qrupunun həmsədrlərinin ötən il təklif etdiyi gündəliyi mənimsəmək üçün həyasız cəhdlərini qeydə almışıq”.

Bu gün Ermənistan Minsk qrupunun vasitəsiylə Dağlıq Qarabağa status almaq xülyasına düşüb. Amma paradoks ondadır ki, hazırda formal mövcudluğunu güc-bəla qoruyub saxlayan bu qrupun heç özünün konkret bir statusu yoxdur. Onun mandatına daxil olan məsələlərin böyük bir qismini Azərbaycan təkbaşına gerçəkləşdirib, qalanını da tədricən həyata keçirəcək. Yuxarıda adını çəkdiyimiz Amerikalı həmsədr R. Xoqland da qrupun öz missiyasını başa çatdırdığına eyham vurararaq onun ömrünü uzatmaq istəyənlərə maraqlı məsləhət verir: “Məsələn, ATƏT dağıdılmış ərazilərin bərpa edilməsində iştirak eləyə, Dünya bankı, Benəlxalq valyuta fondu və Avropa bankı vasitəsilə bu işlərin maliyyələşməsini təşkil edə bilər”. Hərçənd, cənab Xoqland bu fikirlərinin ardınca dərhal onu da qeyd eləyir ki, Türkiyənin və İranın bölgədəki maraqları fonunda bu missiyanı gerçəkləşdirmək o qədər də asan olmayacaq.

Bir sözlə, hansı tərəfdən yanaşırsan yanaş fərqi yoxdur, bu meyiti diriltmək cəhdləri iflasa məhkumdur. Ona görə də nə qədər gec deyil ATƏT özü təşəbbüs qaldıraraq bu qurumu buraxmalı və öz tarixinin bu rüsvayçı səhifəsini könüllü olaraq birdəfəlik qapatmalıdır.

 

Adalet.az