adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Iyul 2020 18:55
72807
MƏDƏNİYYƏT

Aşıq Bilal oğlu Aşıq Ağalar

Təbiətin oyanan çağında, havadan baharın asılıb qaldığı vədəsində, səhərin gözü açılar-açılmaz qara zurnanın şirin, şaqraq səsi Qəşəd kəndini başına götürdü. Kalvalı Əli kişinin zurnasının səsiydi bu. "Cəngi” havasına oyanan kənd əhli səs gələn səmtə - Mirzə Bilalın dahrasına axışdı. O Mirzə Bilalın ki, Qəşəddə, cəmi Şirvanda çoxlarının evində, ocağında çalıb-çağırmış, toy-düyününü şadlandırmışdı. O Mirzə Bilalın ki, ilk oğul övladı dünyaya gəlmişdi və çiyin yoldaşı, sənət dostu Kalvalı Əli Kərimovun gözaydınlığı, muştuluğu, əhdi idi bu səhər kəndi başına yığan "Cəngi”.

Ad axtarmadılar bu uşağa, zatən adı doğulmamışdan qoyulmuşdu. Aşıq Bilal da, Əli Kərimov da əhd etmişdilər ki, hər ikisi yolunu gözlədikləri övladları oğlan doğularsa, həyatdan nakam getmiş sənət dostları xanəndə Ağaların adını qoysunlar uşaqlara. Beləcə, 1913-cü ilin yazında bir Dədə sənətkarın ocağında sənətə, sənətkara hörmət, məhəbbət, ehtiram, etibar naminə Ağalar adını yaşadan bir oğul da doğuldu.

Böyüdü, sazla, sözlə havacatla. Əhli-hal arasında hal əhli kimi. Nəslinə, şəcərəsinə, irsinə sədaqət və ehtiramla böyüdü. Şirvan aşıq sənətinə və bu sənətin sultanı Aşıq Mirzə Bilalın adına layiq – aşıq Ağalar kimi yaşadı, yaratdı, tanındı.

Hərçənd, söz Şirvan aşığından düşürsə, Şirvan aşıq mühiti və onun özəllikləri barədə qısaca xatırlatma vermək borcumdur. Şirvan torpağı nağılla, dastanla, bayatı, atalar sözləri, lətifələrlə zəngindir. Bu folklorun ən geniş qolu, məxsusi yeri, özünəməxsus xüsusiyyətləri ilə seçilən Şirvan aşıqlığıdır.Şirvan aşıqlığı zəngin bir məktəbdir. Bu məktəbin kökü xalq yaradıcılığına bağlıdır.

Şirvan folklorunun öyrənilməsi və nəşr işləri ilə ardıcıl məşğul olan f.e. doktoru, professor S.Qəniyev göstərmişdir ki, Şirvan aşıq mühitinin regional özünəməxsusluq kəsb etməsində Şirvanşahlar dövlətinin həlledici rolu olmuş, bu dövlətin sərhədləri daxilində mövcud olan Şirvan folklor mühitinin, Şirvan mədəni həyatının tərkib hissəsi, onun bir parçası olmaqla yerli mədəni mühitin başqa layları ilə qarşılıqlı münasibətlərdə olmuşdur. (S.Qəniyev "Şirvan folklor mühiti”, Bakı, 1999)

Professor M.Qasımlı özünün "Aşıq sənəti” (Bakı, 1996) monoqrafiyasında aşıq sənətinin genetik qaynaqları, tarixi yaranışı, təşəkkülü məsələlərini diqqətlə araşdırmışdır. Oxu və çalğı üslubunda xanəndə tərzini qabarıq görüntülərlə əks etdirdiyinə görə, Şirvan mühitinin musiqi repertuarı ənənələri aşıq repertuarından xeyli fərqlənir. Bununla belə, Şirvan aşıqlarının musiqi repertuarında Azərbaycan aşıq sənətinə məxsus olan klassik saz havaları da mühüm yer tutur.

Şirvan aşıqlarının XV-XVIII əsrlər üzrə aşıq Dostu Şirvani, aşıq Saleh, aşıq Rüstəm, aşıq İbad, XIX və XX əsrin I yarısı üzrə Baba Rəxsan, aşıq Mürsəl Babaş oğlu, aşıq Soltan, aşıq Qənimət, aşıq Cəlal, aşıq Daşdəmir, aşıq Zeynalabdin, aşıq Bilal, aşıq Şamil, aşıq Abbas, XX əsrin II yarısından sonrakı aşıq Pirməmməd, aşıq Ağalar, aşıq Əhməd, aşıq Şakir, aşıq Qurbanxan, aşıq Pənah, aşıq Bəylər, aşıq Məmmədağa, aşıq Barat, aşıq Xanmusa, aşıq Xanış, aşıq Şərbət, aşıq Rza, aşıq Mahmud, aşıq Yanvar və başqalarının sənət irsi müəyyən qədər öyrənilmişdir və müasir aşıqlarımız üçün örnək, məktəbdir. Bu sənətkarların əldə olunan şeirlərində yaşadıqları dövrün abhavası, yurdumuzun füsunkar gözəllikləri öz poetik ifadəsini tapa bilmişdir.

Keçən əsrin əvvəllərindən başlayaraq, Şirvan aşıq mühitinin zirvəsində taxt-tac qurmuş aşıq Bilal ənənəsi mühitin bir çox ustad sənətkarı tərəfindən təbliğ olunmuş, qorunmuş və zənginləşmişdir. Aşıq Bilal öz ədəbi mövqeyinə görə aşıq poeziyasının ana xəttində özünə elə bir mövqe seçib dayanmışdır ki, ondan sonra yetişən Şirvan sənətkarları Dədə Bilalın təsirindən kənarda qala bilməmişlər. Handa ki, bu sənətkar Dədə Bilalın öz ocağında yetişə, öz varisi, öz canı, öz qanı ola...

Beləcə, aşıq Bilaldan öyüd aldı, dərs aldı Ağalar. Elin ağsaqqalı (gənc yaşından), baş biləni, mirzəsi, şairi, aşığı, nə xoşbəxt ki, onun atasıydı, böyüyüydü. Ruzini el-oba tökürdü başlarından. Məclislərdə yerləri yuxarı başdaydı. Günləri ah-zardan uzaq, toy-düyünlə, çal-çağırla keçirdi. Bəxtəvər idilər, bədnəzərə gəldilər, bəd dillərə düşdülər...

Qara eynəklilər, qara maşınlarda bir gün dayandı doqqazlarında... Millət vəkili, professor Rafael Hüseynov demişkən: - "Haqq aşığını öldürdülər.Haqqın işığını söndürdülər.Günahı o idi ki, aşıqdı.Günahı o idi ki, el-oba onu sevirdi.

Günahı o idi ki, bircə kəlmə "gəl” desəydi, camaat ardınca düşərdi...”

Qara günləri başladı Ağaların. Xoşbəxtliyi kimi təhsili də, aşıqlığı da yarımçıq qaldı. Hər şeylərini aldılar əllərindən, ancaq, qürurlarını itirmədilər. "Xalq düşməninin” oğlanlarının üçü də faşizmə qarşı döyüşdülər. Kişi kimi döyüşdülər. "Düşmən” damğasını,ləkəni sildilər qanları, yaraları ilə adlarından...

Boğazından aldığı yara ilə döndü müharibədən Ağalar. Sanki namərd faşist bu boğazın, bu səsin onunçün, elobası üçün gərəkli olduğunu bilərəkdən qəsd etmişdi ona. Bir müddət məyus oldu. Əlinə saz almağa, oxumağa, aşıb-daşan sənət eşqini hayqırmağa qorxdu. Ancaq, qohum-qardaş, dost-tanış, bu soyun idiminə bələd olan hər kəs: - oxu, - dedi, ürək-dirək verdi ona. Bu bulaq qurumamalıdı, bu çeşmə korşalmamalıdı.

Oxudu. Məclislərə çıxdı. Boy-buxunu da, şəsti də, məclisdə meydangirliyi də eyzən Bilal idi. Şirin-şirin nağıl, dastan söyləməsi, deyişməsi də bənzəyirdi, səsi də... ancaq bir az pəsdən, bir az bəm. Yarası imkan vermirdi.

Qara günləri arxada qoyub qalxmağı bacardı Ağalar. Böyük oğul ailəni başına yığdı, dolandırdı. Sazı da əlinə alıb çaldı, çağırdı, yazdı, yaratdı atası kimi...

Görən neyləmişdim çərxi-fələyə,

Gəlmədi axırım, əzəlim mənim.

Bir kəsin bağına daş atmamışam,

Anadan pak olub əməlim mənim...

Yeddi arxam ilə ucadır adım,

Xəlilli nəslidir əslim, soyadım,

Atam Bilal olub mənim ustadım,

Ağalar, qoy bilsin hər elim mənim.

Bəli, beləcə aşıq Ağalar artıq 50-ci illərdə böyük sənətkarlar yetişdirən Şirvan aşıq mühitinin gerçək ustadına çevrildi. 300-dən çox şeiri, 4 dastan-rəvayəti və qəlb titrədən avazı ilə yaddaşlara hopdu.

Yaradıcılığını nəzərdən keçirərkən klassik aşıq poeziyasının ənənələrinə sadiq qalan aşıq Ağaların şeirlərinin janr və üslub əlvanlığı diqqət çəkir. Bu baxımdan onun gəraylı və qoşmaları daha səciyyəvidir. Ənənəni saxlayan xalq aşığı bir çox hallarda özü də epitet yaratmaqda söz sənətinə yeniliklər gətirir.

Nə gözəlsən, ay Gülbədən,

Sanki tavuz çəkib gərdən.

Yaxandakı qızılgülnən

Bəzə bu gülşəni, gözəl.

Və ya:

Zənəxdan üstündə, bir qoşa xallı

Zülfü əmbər çilər, dodağı ballı.

Tovuz tamaşalı, sona misallı

Dünya şöhrətinə uyan olmasın.

Aşığın yaradıcılıq məkanı geniş olsa da, coşqun ilhamı üçün əsl dayaq nöqtəsi doğma yurdu, doğma torpağıdır.

Bəzənmişdir başdan-başa elləri,

Şuşanın dağları, Gəncə gölləri,

Kürün kənarında, Muğan çölləri,

Ceyranlı düzləri Mildən şirindi.

Şirvan mahalının tər bənövşəsi

Gələndə eynimə, artır nəşəsi.

Dağlara, daşlara düşəndə səsi,

Kəkliyin nəğməsi baldan şirindi.

Aşıq dəfələrlə yön tutduğu dağlara, çaylara, çöllərə, düzlərə yeni bir gözlə, yeni bir baxışla yanaşır, gördüyü gözəllikləri ayrı şövqlə tərənnüm edir.

Aşıq Ağalar şifahi xalq ədəbiyyatına, folklorumuza bağlı aşıqdır. Onun şeirlərində folklorun ruhu duyulur.

Dağ başında, qar pis olmaz,

Bağban dərən bar pis olmaz

Könül sevən yar pis olmaz

Könül ilqar verəndə gəl

Ürəyimi biləndə gəl.

Bu qoşmada xalq danışıq dilinin ətri, ruhu var. "Dağ başında qar”, "Bağban dərən bar”, "Könül sevən yar” pis olmaz kimi ifadələri el dilindən qoparan aşıq, şeirin fikir yükünü zənginləşdirir.

Atalar sözü və zərb-məsəlləri bəzən aşıq ustalıqla dəyişdirir, onlara təzə poetik ruh verir:

Bir söz deyib keçmişlərdə atalar,

Atı axsaq alsan, sənə ar olar.

Aşıq Ağalar yaşadığı ağır günlərə baxmayaraq, həmişə nikbinliyini qoruyub saxlamış, bir gözü gülüb, bir gözü ağlayaraq xalqına, vətəninə nəğmələr qoşmuş, onu tərənnüm etməkdən nə yorulmuş, nə də doymuşdur.

Dünyanın üzünə düşəndən bəri,

Yüklənib üstümə qəmin ləşkəri.

Mənə dəyən acı-acı sözləri

Bir cüt öküz nədir, kəl çəkə biməz.

Göründüyü kimi, represiya, yurd-yuvasından ayrılmaq, müharibə, aclıq və onlardan da betər "xalq düşməninin oğlu” damğası, tənəli söz onu kədərləndirsə də ruhdan düşmür, nikbindir, mübarizdir, inamlıdır.

İndi baxıb ellər bizdən dərs alır,

Xalqımız hər gündə min zəfər çalır.

Əməklə, cürətlə insan ucalır,

Azad vətənimdə, azad elimdə.

Aşıq Ağaların ömrünün son çağında, xəstə yatağında yazdığı şeirlər diqqətimi çəkdi. Ahıl yaşda, bu halda sevgi ilə, məhəbbətlə bağlı gənclik ruhunda yazılmış şeirlər oxucusunu, dinləyicisini təəccübləndirə bilər.

Çünki bu şeirlərdə hissiz, həyəcansız bir misra belə yoxdur. İnsan nə qədər ki, sağdı onun eşqi, məhəbbəti, sevgisi yaşayır.

Badə içsən gözəl yarın əlindən

Kim can verər, əcəl gəlsə qəfildən,

Gözəllər gözəli, səni görəndən,

Könlüm cənnət kimi diyara düşdü.

Aşıq Ağalar klassik şeirimizin xalq içində ən çox rəğbət qazanmış nümunəsi olan qəzəl janrında da qələmini sınamışdır. Onun qəzəllərində zahirən köhnə şeir üslubu nəzərə çarpsa da, məna və məzmun müasirdir, zamanla səsləşir.

Güldən təzədir əndamının mehri-səfası,

Oldu neçə min aşıq olan hüsnünə qurban.

Yazdı Ağalar şəninə min dürlü qəzəllər,

Ellər səni yad eyləyəcək şadi-xuraman.

Və ya:

Al buxaqda olan, qönçə gülün rənginə bir bax,

Nə zimistanda bitər, nə də gülüstanda, gülüm...

Bu misralardakı ifadə tərzi, gözəlin vəsfi danışıq dili qədər sadə, canlı, təbii, eyni zamanda, bədii təsvirə malikdir.

Xalq şeirinin əksər formalarında yazıb-yaradan sənətkarın xeyli sayda qoşma, gəraylı, təcnis, deyişmə, qəzəl, bayatı, müxəmməsi vardır. Həmin şeirlərin bir çoxu toylarda, şənliklərdə oxunmaqla yanaşı müxtəlif mətbu orqanlarda, almanax və aşıqlara həsr olunan kitablarda çap olunmuşdur.

Akademik,yazıçı-publisist Rafael Hüseynov müxtəlif illərdə Azərbaycan Milli radiosunun "Axşam görüşləri” proqramında Aşıq Ağalar Mikayılovun həm öz həyat və yaradıcılıq yolu, həm atası Mirzə Bilal, həm də digər saz ustadları haqqında xatirələri lentə alaraq tarix üçün əbədiləşdirmişdir.

Eyni zamanda, aşıq Ağaların ömür yolu, yaradıcılığının müxtəlif məziyyətləri professor Ə.Cəfərzadə, professor Qara Namazov, R.Hüseynov,filologiya elmləri namizədi E.Məmmədli və başqalarının məqalələrində təhlil edilmişdir. Jurnalist T.Abdullayevin "Ata və oğullar” kitabında ustad aşıq Mirzə Bilalın və onun övladlarının yaradıcılığından seçmələr oxuculara təqdim olunmuşdur. Qocaman jurnalist R.Fərəcov "Kürdəmir salnaməsi” və "Şirvannamə” əsərində aşıq Ağaların həyat və yaradıcılığından bəhs etmiş, şeirlərindən nümunələr vermişdir.

Ustad sənətkarın şəcərəsi, həyatı, yaradıcılığını daha dərindən araşdırmaq, təhlil etmək, şeirlərinin bir qismini toplayıb çap etdirmək zəhməti isə Şirvanın cəfakeş alimi professor Seyfəddin Qəniyevin üzərinə düşüb. Onun 2011-ci ildə nəşr etdirdiyi "Şirvanlı Aşıq Ağalar” monoqrafiyası el aşığı haqqında oxuculara müfəssəl bilgi verməklə yanaşı, aşığın şeirlərinin böyük bir qismi, bağladığı dastanlardan biri, eləcə də sənətkar haqqında yazılanlar və xatirələr də dərc olunmuşdur.

O, Şamaxı qəzasının Qəşəd kəndində, Mirzə Bilal ocağında göz açdı atalı-analı dünyasına. Kürdəmirdən – ikinci ocağından 75 yaşında köç etdi əbədi dünyasına. 9 övlad, 32 nəvə, soyunu davam etdirəcək nəticələr və bir də söz xəzinəsini miras qoydu övladlarına, el-obasına...

...Sizə bir söz deyim. Bu nəsildə, şəcərədə aşıq Ağalarla bahəm rəhmətlik qardaşı Ağasəlim müəllim, yaşı 90-ı ötmüş Şəfi kişi də şeir yazıb, saz çalıb, oxuyublar və bu qardaşların övladlarının hansını dindirsən şeirlə cavab verərlər. Hamısının təbi, səsi, avazı, istedadı, başlıcası isə sənətə, saza-sözə sevgisi, həvəsi var. Həkim, müəllim, ticarətçi, əczaçı, sürücü, neftçi, kitabxanaçı... Müxtəlif peşə sahibi olan bu nəslin toplandığı yer şenlikdi. Və bu şenlikdən saz səsi, tar səsi, aşıq havacatları muğam sədası gəlir. Şeir, söz, sənət havası duyulur. Çünki, bu ocaq sənət məbədidir. Bu ocaqda, bu şenlikdə Mirzə Bilalın ruhu gəzir.


Yaqut Bahadurqızı,

Filologiya üzrə fəlsəfə doktoru