24 Noyabr 2023 10:17
1482
ƏDƏBİYYAT

Arxaya atdığımız arxa-dayaqlar - Pərvanə Bayramqızı yazır

Masabəyi şəhidlərin xatirəsini sükutla yad etməyi elan edəndə zala səssizlik çökdü. Bayaqkı həzin musiqini ağır sükut əvəz etdi, ardından izahı sözə sığmayan hisslər oyadan himn çalındı. Əlini ürəyinin üstünə qoyub dodaqaltı himn oxuyan da vardı, təkəbbüründən bunu özünə yaraşdırmayan da. Heykəl dayanıqlığını andıran məqamda arıq, çəlimsiz ofisiant o başa, bu başa tələm-tələsik qaçır, əl ayağına dolaşanların dinc durduğu vaxtın verdiyi fürsəti boşuna ötürmədən qabları daşıyırdı. Çevikliyi sükutda qulağın dibindən vızıltı ilə ötən milçək uçuşunu xatırladırdı. Bu vaxt uzaqdan bir kök kişi gözlərini hirlsə bərəldib qıpqırmızı qızarıb ofisiantın üstünə: – Eşitmirsən himn çalınır? – deyə qışqırdı. Acıqlı səsiylə özünün himnin sədalarını korladığının fərqinə varmayan kişi həmin anda daha böyük gerçəkdən xəbərsiz idi. – Məclisdəkilər kimlərin xatirəsini yad etmək üçün ayağa qalxmışdılar? Himn hansı hissləri oyatmaq üçün çalınırdı? Üstünə qışqırılan oğlan kim idi? Oğlan kişinin nəzərində həmin an sadəcə işini yerinə yetirməyə can atan ofisiant idi. Harınlamış adamların nəzərində onların üstünə qışqırmaq olar, amma təhsili atıb işləməyə vadar edən səbəblərə isə susmaq lazımdır. Kişi şəhidlərin ruhunu şad etmək üçün susurdu, şəhid ola biləcək gəncinsə üstünə qışqırırdı. Şəhid, qazi olanlar, itkin düşənlər də nə vaxtsa, hardasa ofisiant işləyiblər. Müharibə başlasa bu oğlan da hərbi xidmətə gedəcək. Onda həmin kök kişi başqa bir oğlanın üstünə qışqırıb onun xatirəsini yad edəcək... Bugünsə ofisiantı saymırdı. Belə çıxır ki, biz insanları deyil onların aid olduqları təbəqəyə diqqət ayırırq, gəncləri deyil onların yüksəldikləri zirvəni sevirik. Bizə ad, titul, şöhrət vacibdir.

On-on beş dəqiqəlik yolda adamlar əsəblərini idarə edib bir-birini yola verə bilmirlər. Böyüklər bir yana, məktəblilərlə də aqressiv davranırlar. Yeniyetmədirlər, ovqatları yaxşıdır, deyib-gülürlər. Üzündən zəhər tökülən bir qadın oğlanlara qışqırır: 

–    Avtobusdasınız, sakit durun! 

Ürəyim ağrıdı. Onlardan həmişə məktəbdə, evdə səs salmamaq, avtobusda gülməmək tələb olunur. 

Başqa bir qadın da ona qoşulub canını əzizləyir:

–     Çantanı belindən aç, əlində apar qoluma dəyib məni narahat edir.

Bakıkartı çıxarıb gediş haqqını gec ödəyəndə sürücülər üstlərinə qışqırırlar. Onların çantasının narahatlığına adamlar dözmürlər. 

Ağlım qarışdı...

Nə qədər düşüncəsiz adamlar var. Həmin oğlanlar məktəbi bitirən kimi güllənin qabağına verəcəyik. Şəhid olanda indi avtobusda onlara acıqlananlar göz yaşı tökəcək, "şəhidlər başımızın tacıdır" deyəcəklər... yox, deyəsən, belə olmayacaq. "Mənim üçün şəhid olmayıb ki"  deyənlər elə bunlar olacaq.

"Oğul-qız" seçimi ailəmizdə müzakirə edilməyən mövzular sırasındadır. Bizimçün yalnız övlad anlayışı olub, cins fərqi qoymaq ağlımıza gəlməyib. Övladı olmayanı bədbəxt sanmamışıq. Köməyə ehtiyacı olandan köməyimizi əsirgəməyib, ona tənhalığını xatırladacaq sual verməmişik. Atamdan belə görüb götürmüşük. Amma son illərdə elə həssaslaşmışam ki... bütün evlərdə o üç min şəhidin əvəzinə yeni, sağlam, arxalana biləcəyimiz oğlan uşaqları görmək arzulayıram. Lənətə gəlsin müharibəyə şərait yaradanları. Məktəbdə, küçədə, avtobusda azyaşlı oğlanlar görəndə kövrəlirəm, az qalıram hamısını bağrıma basıb heç yana buraxmayam. Elə bilirəm, uzaqlaşan kimi onlara nəsə olacaq. Bu gün arıq, çəlimsiz oğlan uşağı ağır çantasını kürəyinə alıb ayaq üstə güclə dayanmışdı. Sərnişinlər özlərinə yer elədikcə hərə bir dəfə ona toxunub çantasını o yana çəkməsi üçün acıqlandı. Gözlərim doldu. Qorxu, həyəcan, bir az da qəzəb hissi güc gəldi. Uşağı müdafiə etdim. Oğlana baxdıqca valideynlərini düşündüm. Kim bilir, necə çətinliklə böyüdürlər. Anasının arzularını təxmin etdim.

Hər şeyi zalım insanların üstünə atırıq.

İlahi, bir az da özün ədalətli ol! 

Onu məktəbə yola salanda tələbə olacağını arzulayan anadan oğlunu alıb müharibənin içinə atacaqlar. Bilmirik sağ qalacaq, yoxsa anasına "Vətən sağ olsun" dedirdəcək. 

Qorxuram. Balaların taleyindən nigaranam. 

Qızları bir cür gözümçıxdıya salırlar, oğlanları da bir başqa formada.

Bayraqdırlar onlar, yurd-yuva, isti ocaqdırlar. Közərtini üfürün, alov olsun, "üstünə yaş odun atmayın!"

İncitməyək uşaqları!