Bəxtiyar Vahabzadənin ölümündəki sirr

Bəxtiyar Vahabzadə Türkiyədə müayinə olunanda həkimi çaşıb qalıb. Rentgendən keçəndən sonra üzünü şairə tutaraq deyib:
– Bu nə olan işdir?! Bəxtiyar müəllim, sizin ürəyiniz yoxdur e...
Bəxtiyar Vahabzadə gülümsünüb:
– Ürəyim var, ancaq sağdadır.
Həqiqətən də, şairin ürəyi sağda idi.
Bəxtiyar Vahabzadənin “sağdakı ürəyi” ona hamının dillər əzbəri olan şeirlərini yazdırmışdı: “Axı dünya fırlanır”, “Yalan dünya”, “Bir salama dəymədi”, “Yaşamaq istəyirəm”, Ürək”.
Neyləyirəm o ürəyi –
Yox arzusu bir diləyi!?
Bacarmırsa o sevməyi
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil!
Bəxtiyar Vahabzadə ilk şeirini Səməd Vurğun olan məclisdə oxuyanda çox həyəcanlı imiş. Şeir qurtaranda Səməd Vurğun ayağa qalxaraq deyib: “Bu cavan oğlan məndən də yaxşı yazır”.
Beləcə, Bəxtiyar Vahabzadəyə “şairlik pasportu”nu Səməd Vurğun verdi. O, əvvəl-əvvəl Səməd Vurğunun yolu ilə getsə də, sonradan öz cığırını tapdı. Şeirə publisistik xarakter gətirdi. İctimai-siyasi mövzuları, bizi ağrıdan mövzuları şeirin dilinə çevirdi. Onun şeirləri üç bulaqdan su içirdi: fəlsəfə, məhəbbət və təbiət. Fəlsəfi şeirlərində məhəbbət, məhəbbət şeirlərində də fəlsəfə var. Və bütün şeirlərinin arxasında isə təbiət. Sıx dumanda güc-bəla görünən dağlar kimi onun şeirlərində də təbiətin həniri hiss olunur. Onun poeziyasının özəyini folklor, klassik ədəbiyyat və bəşəri ideyalar təşkil edirdi. Lakin bütün bunlarla bərabər, Bəxtiyar Vahabzadənin şeirlərində ürək ağrısı var. Onun “sağdakı ürəyi” həmişə vətənin dərdləri ilə döyünüb. Ölkənin başındakı qara buludlar ürəyini dərdə salıb. Və bu dərdlər Bəxtiyar Vahabzadənin özünəməxsus dəst-xətti ilə şeirə çevrilib.
Çəmənlikdə gül-çiçəyin
Sağ-solunda ələfi var.
Dünyada hər bədbəxtliyin
Həm zərəri, həm nəfi var.
Vaxt hakimlər hakimidir,
Həyat, varkən yox kimidir.
Yaydan çıxan ox kimidir,
Hər ömrün öz hədəfi var.
90-cı illər... Ağır, kəşməkeşli illər... Həmin vaxtlar şeir kimin yadına düşərdi axı?! Hamı bir tikə çörəyin arxasınca düşmüşdü. Hər kəs yaşamaq uğrunda mübarizə aparırdı. Bəlkə də, şeir çoxdan gözdən düşmüşdü. Üstəlik, böyük bir imperiya dağılmış və qəflətən imperiyanın inkubatorunda yaranan şairlərin saxtalığı ortaya çıxmışdı. Ona görə də yeni bir şairə inanmaq çətin idi.
Əsarət odunda bişdi nəslimiz,
Azadlıq eşqinə yandıq, yaxıldıq.
Çatıb azadlığa, bu məbəddə biz,
Şükür namazını qibləsiz qıldıq.
İndi biz azadıq, bizi bir zaman,
Şeytandan qoruyan abır-həyadan.
Azadıq düşmənə qəzəbdən, kindən,
Millət hədəf olub öz nifrətinə.
Qurtarıb özgənin əsarətindən
Düşdük özümüzün əsarətinə.
Xalq isə Bəxtiyar Vahabzadəni sevdi. Onu saxta yox, əsl şair hesab etdi. Çünki Bəxtiyar Vahabzadə şeiri və şairi ucalıqlardan küçələrə enməyə qoymadı. Həmin illərdə Bəxtiyar Vahabzadə yazdığı şeirlərin taleyini yaşayırdı. Öz yazdığı şeirləri tribunalardan hayqırırdı. Təkcə şeir yazmır, həm də o şeirləri ilə, necə deyərlər, döyüşürdü. Məsələn, 20 yanvarda general Dubinyakın üzünə tüpürməsi buna misaldır. Rus hərbçisi avtomatı çəkib şairi vurmaq istəyəndə, yanındakı o biri hərbçi deyib ki, sən onu vursan, tək Azərbaycan yox, bütün dünya ayağa qalxar. Bəlkə də, məhz bu səbəbdən – səmimi və sözü birbaşa deyən olduğu üçün, üstəlik, yuxarıda da dediyimiz kimi, xalqın, vətənin həqiqi ağrılarını şeir dili ilə yüksək istedadla çatdırdığı üçün hamı onu şair kimi qəbul etmişdi.
Mən ki istəmərəm bir ürək sına,
Əsəbiyəm, çünki həyəcanım var.
Hardasa bir haqqın tapdanmasına
Mən dözə bilmərəm, isti qanım var.
Yaradıcı insanın hamıdan fərqi həssas olmasındadır. Bəxtiyar Vahabzadənin narahatlıqları içində vətən, Azərbaycanın dərdləri başda gəldiyi kimi, ailəsi də onun üçün vacib idi. Çünki biz bu vətəni övladlarımız, sevdiklərimiz üçün sevirik. Şairin iki oğlu, bir qızı olub. O, müharibədən qayıtmayan qardaşının adını oğluna vermişdi: İsfəndiyar. Oğlu İsfəndiyar atasının evlilik tarixçəsini qısaca bu şəkildə nağıl edir: “1950-ci ildə ailə həyatı qurub. Anamın 17 yaşı var idi, atamın 25. Anam öz anasıyla Sabir bağındaymış. Təsadüfən oradan keçən atam onu görüb, bəyənib. Sonra da elçi göndərib. Beləcə, evləniblər”.
Elə bil dünəndir Sabir bağında
Çıxdın qabağıma ağ çiçək kimi.
Elə bil dünəndir, ağ paltarında
Qondun evimizə kəpənək kimi.
Nə tez başa gəldi iyirmi beş il?
Balalar yetişir, qocalırıq biz.
Nələri itirdik – qayıdan deyil,
Görəsən, nə imiş bəs qazancımız?
Oğlu Əfqanıstanda olanda Bəxtiyar Vahabzadə ona tez-tez zəng edirmiş. O da bu zənglərdən yaman həyəcanlanırmış. Bir dəfə zəng edəndə telefonda şairə deyiblər ki, oğlunun işlədiyi korporasiya dağıdılıb, partladılıb. Dəstək Bəxtiyar Vahabzadənin əlində qalıb. Və ondan sonra şəkər xəstəliyi tapıb. Oğlu deyir: “Mənə bəzən elə gəlir ki, atamın bütün xəstəliklərinin baiskarı mənəm. İranda işlədiyim vaxtlar idi. Atam bir aydan bir zəng edirdi. Onda yekə saqqal saxlayırdım, qıraqdan baxanda farsa oxşadardılar məni. Bizi ayrı yerə aparmışdılar, dəstəmizdən beş-altı nəfəri öldürmüşdülər. Mən olmamışam, atam zəng edəndə bunu ona deyiblər, o da elə bilib mən də onların arasındayam. Hər dəfə zəng eləyəndə deyirdim ki, bir-iki günə gələcəm. O hadisədən 6-7 ay sonra heç kimə demədən evə getdim. Qapını açanda atam məni gördü, ayağa qalxdı, amma yeriyə bilmədi, ayaqları tutuldu”.
Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,
Bu, belə də olmalı, axı, dünya fırlanır.
Siz heç sevdiyiniz birinin ölümünü televiziya vasitəsi ilə eşitmisinizmi? Bəxtiyar Vahabzadənin vəfat xəbərini oğlu Türkiyədə olanda eşidib. Həmin əhvalatı özü belə danışır: “Əfqanıstanda idim. Fevralın 12-də telefonda söhbət elədik. Qar yağırdı. Dedi, ay oğul nə vaxt gəlirsən, dedim, yayda hökmən gələcəm. 13-ündə işdə oturmuşdum, elə bil arxadan bıçaqla vurublar məni. Bir siqaret yandırdım. Zəng elədim dəfələrlə, məşğul idi telefonu. Atam hövsələsiz adam idi. Axı bu qədər telefonla danışmazdı. Evə gəldim, zəng elədilər. Oğlum dedi öldüyünü. Mən yola çıxdım. Gəlib, düşdüm İstanbula. Yağış yağırdı İstanbulda. Leysan idi. Ağlıma gəldi ki, bəlkə, yalandan deyiblər. Məni görmək üçün bəhanə edirlər. Aeroportda televizora baxırdım. Televizorda dedilər ki, Azərbaycanın ünlü yazarı Bəxtiyar Vahabzadə vəfat edib”.
Deyirlər, çox azdır yüz il, əlli il,
İnsana bir ömür kifayət deyil.
Hələ isitməmiş öz yerimizi
Ölüm cəllad olub haqlayır bizi.
2009-cu ildə, fevralın 13-də Bəxtiyar Vahabzadə bu dünyadan köçüb getdi. Onun öldüyü gün qolundakı saatı çıxardıblar. Böyük əqrəb üçün üstündə, kiçik əqrəb səkkizin üstündə dayanmışdı. Qəribədir ki, şair məhz bu rəqəmlərlə əbədiyyətə qovuşdu, 83 yaşında vəfat etdi.
Yaradıcı insanların həyatları da, ölümləri də bir az başqa olur. Nə həyatları, nə ölümləri başqalarına oxşayır. Onların taleyi yazdıqlarıdır, ya da yazdıqları talelələrini yaradır. Bəxtiyar Vahabzadə də şeirləri ilə özünə bu cür ömür qurdu: sağ ürəyində əbədi vətən ağrısı daşıyan bir şair ömrü...
Sübhan Mahmudlu
Digər Xəbərlər
30 Oktyabr 2025 15:34 Taleyi əfsanəyə çevrilən Əfsanələr- Əntiqə Kərimzadə yazır…
30 Oktyabr 2025 12:32 Gənc şair: “Qabil Ədalət və onun kimi düşünənlər bilməlidir ki…”
30 Oktyabr 2025 10:36 Şəlalə Camal: Gəl, hisslərimə ad qoy...
30 Oktyabr 2025 10:32 VANDALİZMƏ MƏRUZ QALMIŞ MƏDƏNİ İRSİMİZ
30 Oktyabr 2025 10:17 TARİXİLİK VƏ MÜASİRLİYİN VƏHDƏTİNDƏ İKİ YARADICI ŞƏXSİYYƏT
30 Oktyabr 2025 10:15 Elşən Əzimin “İllərin o tayı”ndan gələn şeirlərindən
29 Oktyabr 2025 10:38 “Dini insanlara sevdirən cəhənnəmin var olması inancıdır”
28 Oktyabr 2025 12:13 

Bakı -°C 






